Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis qurultayı keçirilmişdir

 

 İyunun 21-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis qurultayı keçirilmişdir. AzərTAc xəbər verir ki, qurultayı yeni ittifaqın yaradılması üzrə təşəbbüs qrupunun rəhbəri, xalq artisti, professor Şəfiqə Məmmədova açaraq bildirmişdir ki, son illərdə ölkədə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dövlətimizin beynəlxalq aləmdə nüfuzu artır, xalqın maddi rifahı getdikcə yaxşılaşır.

Azərbaycan dövlətinin mədəniyyət sahəsində apardığı siyasətin bütün istiqamətlərdə inkişafı təmin etdiyini bildirən Şəfiqə Məmmədova vurğulamışdır ki, bu gün ölkəmizdə müasir standartlara cavab verməyən, yüksək səviyyədə təmir olunmamış teatra, muzeyə, kitabxanaya rast gəlmək mümkün deyildir. Hər il yeni-yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə, istedadlı gənclərin üzə çıxmasına zəmin yaradır.

Ş.Məmmədova diqqətə çatdırmışdır ki, bu siyasətin bəhrələri kinoda da aydın görünməkdədir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" milli kinomuzun hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Görülmüş işlərin nəticəsidir ki, son illərdə Azərbaycanda istehsal edilən filmlərin sayı artmışdır.

Bunların hamısı yaxşı haldır. Lakin bu uğurlarla yanaşı, milli kinomuzun problemləri də az deyildir. Bunu əsas götürən bir qrup kinematoqrafçı, kinonun ayrı-ayrı istiqamətlərini təmsil edən insanlar təşəbbüs qrupunda birləşərək kino sahəsində fəaliyyəti canlandırmaq məqsədilə yeni qurum yaratmağı qərara almışlar.

Şəfiqə Məmmədova demişdir: "Bizim sözümüzü deməli olan hazırkı kinematoqrafçılar ittifaqı cansız bir quruma çevrilmişdir. Bizə isə öz professional məsələlərimizlə və başqa problemlərimizlə bağlı  müraciət edə biləcəyimiz, işlək, demokratik ruhlu, dövlət qarşısında məsələ qaldırıb - həllinə nail olmağı bacaran yeni bir qurum lazımdır".

Sonra müzakirələr aparılmışdır. Təşəbbüs qrupunun üzvü, Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" telekanalının rəhbəri Cəmil Quliyev bildirmişdir ki, bu gün kinomuzun inkişafı istiqamətində aparılan işləri düzgün qiymətləndirməyi bacaran və cəmiyyətimizdə sağlam ictimai mövqeyi formalaşdıran ciddi kino təşkilatına ehtiyac vardır. Əgər belə bir təşkilat yaranarsa, Azərbaycanın nailiyyətlərinə bir qayda olaraq qısqanclıqla yanaşan bəzi bədxahlar dövlətin kino sahəsində həyata keçirdiyi uğurlu siyasətə qərəzli və əsassız şəkildə qara yaxmağa cürət edə bilməzlər.

Belə bir qurumun yaradılmasına çoxdan ehtiyac olduğunu söyləyən kinorejissor, xalq artisti Oqtay Mirqasımov demişdir ki, biz bu illər ərzində çox şeylər itirmişik. Çünki ittifaqımız yalnız sözdə olmuşdur. Ümid edirəm ki, bundan sonra kino sənayesində çalışanların birliyi əməli işdə təsdiqini tapacaqdır. Beş ildən çoxdur ki, bu barədə düşünürəm və bununla bağlı xeyli fikirlər söyləmişəm. Sevindirici haldır ki, bu gün gecolsa kino sahəsində çalışanları uzun müddət narahat edən problemlərin həlli yolunda ilk uğurlu addım atılır.

"Space" telekanalının prezidenti, tanınmış rejissor, xalq artisti Vaqif Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin yarıtmaz olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu qurum keçmiş sovet ənənələri ilə fəaliyyət göstərir, heç bir təşəbbüs və dəyərli təkliflərlə çıxış etmir. Halbuki qurumun nizamnaməsində milli kinomuzun inkişafı, milli filmlərin təhlil və təbliği, ölkədə işgüzar kino mühiti yaratmaq və digər ümdə məsələlərin həllinə nail olmaq qarşıya əsas vəzifə kimi qoyulmuşdur. Lakin təəssüflər olsun ki, ötən müddətdə konkret görülməmişdir. Nəticədə Kinematoqrafçılar İttifaqı ətrafında bütün kino işçilərini deyil, bir neçə iddialı şəxsi birləşdirmişdir. Bunun da nəticəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı kiflənmiş, köhnəlmiş, işinin öhdəsindən gələ bilməyən, günün tələblərinə cavab verməyən bir quruma çevrilmişdir. Bütün bunlara görə mən həmin İttifaqla 1995-ci ildən vidalaşmışam.

V.Mustafayev demişdir ki, bu gün Azərbaycan kinosunda baş verən proseslər bizi yeni bir qurumda birləşməyə çağırır. İnanıram ki, yeni qurum milli kinomuzun inkişafına töhfəsini verəcək, işini müasir tələblər səviyyəsində quracaqdır.

Tədbirdə digər çıxış edənlər - "Azərbaycanfilm" kinostudiyasının direktoru, Prodüsserlər Gildiyasının sədri,  kinorejissor Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, "Nərimanfilm" şirkətinin prezidenti Nəriman Məmmədov və "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin proqramlar redaksiyasının baş rejissoru, beynəlxalq kinofestivalların laureatı Yusif Quliyevyeni yaradılan  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ölkənin kino işçilərini bir araya gətirəcək quruma çevriləcəyinə inandıqlarını bildirmişlər. Natiqlər əsas fəaliyyət istiqamətləri milli filmlərin beynəlxalq arenaya çıxarılması, kino sənətinin təbliği, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılması olacaq yeni qurumun Azərbaycan kinosunun inkişafına təkan verəcəyinə əmin olduqlarını söyləmişlər.

Daha sonra təşkilati məsələlərə baxılmışdır.

Təsis qurultayı iştirakçılarının səsverməsi əsasında xalq artisti, professor Şəfiqə Məmmədova, Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" telekanalının rəhbəri, kinoşünas Cəmil Quliyev, "Azərbaycanfilm" kinostudiyasının direktoru, Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, "Nərimanfilm" şirkətinin prezidenti Nəriman Məmmədov, "Space" telekanalının prezidenti, xalq artisti, kinorejissor Vaqif Mustafayev, kinorejissor, xalq artisti, professor Oqtay Mirqasımov, kinodramaturqrejissor, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, xalq rəssamı, professor Mais Ağabəyov və "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti proqramlar redaksiyasının baş rejissoru Yusif Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvləri seçilmişlər. Həmçinin görkəmli kinorejissor, xalq artisti Eldar Quliyev də idarə heyətinin tərkibinə daxil edilmişdir.

Yeni seçilmiş idarə heyətinin ilk iclası keçirilmişdir. İclasda  Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Cəmil Quliyev isə ittifaqın icraçı katibi seçilmişlər.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 7.