Azərbaycan Tibb Universiteti ilə
Türkiyənin Hacettepe Universiteti
arasında müqavilə imzalanmışdır
İyunun 21-də Azərbaycan Tibb Universitetində (ATU) bu ali təhsil müəssisəsi ilə Türkiyənin Hacettepe Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. AzərTAc xəbər verir ki, ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi ali təhsil ocağı, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında son illər istifadəyə verilmiş klinikalar haqqında qonaqlara ətraflı məlumat vermiş, iki ölkə arasında təhsil əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ATU-nun əlaqə yaratdığı ilk Türkiyə universitetinin məhz Hacettepe Universiteti olduğunu, qardaş ölkədə nüfuzlu tədris ocaqlarından biri kimi tanınan bu ali təhsil müəssisəsi ilə əməkdaşlığa mühüm önəm verildiyini söyləyən rektor bildirmişdir ki, hər iki universitetin bir-birindən öyrənəcəyi çox şeylər vardır.
ATU-nun Türkiyənin bir sıra universitetləri ilə əlaqələrinin olduğunu, keçən il 100-dək tələbənin mübadilə edildiyini söyləyən Ə.Əmiraslanov gələcəkdə elm və təhsil sahəsində müqavilələrin sayının artırılacağını, müxtəlif tədbirlərin birgə keçiriləcəyini diqqətə çatdırmışdır.
ATU ilə Hacettepe Universiteti arasında əməkdaşlığın iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırdığını və əlaqələri möhkəmləndirdiyini vurğulayan Ə.Əmiraslanov universitetlərarası əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə ümid etdiyini bildirmişdir.
İki universitet arasında əlaqələrin qurulmasından 20 il keçdiyini xatırladan Hacettepe Universitetinin rektoru, professor Murat Tuncer həmin müddətdə ATU-da böyük dəyişikliklərin və irəliləyişlərin baş verdiyini vurğulamışdır. Ötən ilin dekabrından rektor kimi fəaliyyətə başladığını qeyd edən türkiyəli qonaq ilk işinin əcnəbi tələbələr üçün təqaüdün təsis edilməsi olduğunu söyləmişdir. M.Tuncer əməkdaşlığın hər iki tərəf üçün faydalı və səmərəli olacağına əminliyini ifadə edərək demişdir ki, bizim missiyamız bacardığımız qədər təhsilin inkişafına dəstək verməkdir.
Sonra ATU ilə Hacettepe Universiteti arasında əməkdaşlığa dair müqavilənin imzalanma mərasimi olmuşdur. Sənədi universitetlərin rektorları Ə.Əmiraslanov və M.Tuncer imzalamışlar.
Bildirilmişdir ki, müqavilənin məqsədi universitetlərarası əməkdaşlığı gücləndirmək, elm və təhsilin səviyyəsini yüksəltməkdir.
Professor M.Tuncerə "ATU-nun fəxri qonağı"
diplomu təqdim edilmişdir.
Sonda qonaqlar ATU-nun Tədris Terapevtik Klinikası ilə yaxından tanış olmuşlar.
Tədbirdə Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç və Qafqaz Universitetinin rektoru Əhməd Saniç iştirak etmişlər.
Azərbaycan.- 2012.- 22 iyun.- S. 8.