Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başa çatmışdır

 

Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri İzmir şəhərində keçirilmiş tədbirlərlə başa çatmışdır.

Mədəniyyət Günlərinin üçüncü günündə İzmirdəki Egey Universitetinin Atatürk Mərkəzində Azərbaycan incəsənət ustalarının konserti olmuşdur.

Konsertdən əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İzmir valiliyi və bələdiyyəsinin rəhbərləri çıxış edərək iki qardaş ölkənin ortaq mədəni irsinin tanıdılması baxımından bu tədbirlərin əhəmiyyətindən bəhs etmişlər. Onlar vurğulamışlar ki, onilliklər boyu İzmir və Bakı qardaş şəhərlər olmuş və bu gün də sıx əlaqələr davam edir.

Konsertdə Qara Qarayev adına Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər-vokalçı, xalq artisti Samir Cəfərov və Aygün Zeynalova, muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, həmçinin əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyev çıxış etmişlər. Əməkdar artist Azərinin ifa etdiyi  mahnılar sürəkli alqışlarla qarşılanmışdır.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 8.