1 İyun
- Uşaqları Beynəlxalq Müdafiə Günü
münasibətilə bayram şənliyi
təşkil edilmişdir
1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən "Park İNN" Azərbaycan mehmanxanasında bayram şənliyi təşkil edilmişdir.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq və yerli uşaq təşkilatlarının nümayəndələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak etmişlər.
Əvvəlcə dövlət uşaq siyasətinə həsr edilmiş film nümayiş olunmuşdur.
AQUPDK-nın sədri Hicran Hüseynova bu günün əhəmiyyətini qeyd edərək bildirmişdir ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyildir, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edən H.Hüseynova demişdir ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Komitə sədri uşaq problemlərinin həlli sahəsində həyata keçirilmiş işlər sırasında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılmış addımları xüsusilə qeyd etmişdir. Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulması bu sahədə ümumbəşəri normaların ölkəmizdə həyata keçirilməsinə zəmin yaratmışdır.
BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi Mark Herevard Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində geniş miqyasda tədbirlər həyata keçirildiyini bildirmişdir.
Azərbaycanın hökumət nümayəndə heyətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında iştirak etdiyini qeyd edən M.Herevard bildirmişdir ki, Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı BMT-yə təqdim edilən hesabatların müzakirəsinin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə müvafiq tövsiyələr təqdim etmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə yaradılmış işçi qrupu tövsiyələrdən irəli gələn məsələlərin müzakirəsi ilə bağlı iclas keçirmiş və qarşıda duran vəzifələrin icrası istiqamətində atılacaq konkret addımlar artıq müəyyənləşdirilmişdir.
Tədbirdə Azərbaycanı Beynəlxalq müsabiqələrdə və yarışlarda təmsil edərək yüksək nailiyyətlər əldə edib qalib olmuş uşaqlar diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Bayram tədbiri uşaq yaradıcılıq qrupları və tanınmış müğənnilər tərəfindən konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 2 iyun.- S. 5.