Yerli özünüidarəetmənin
inkişafında qadınların rolu
müzakirə edilmişdir
İyunun 22-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin (BİM) təşkilatçılığı ilə "Yerli özünüidarəetmənin inkişafında qadınların rolu" mövzusunda seminar keçirilmişdir. Seminarda "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının nümayəndələri, eləcə də Bakı, Sumqayıt şəhərləri, Xızı və Qobustan rayonları bələdiyyələrinin sədrləri, üzvləri iştirak etmişlər.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, BİM-in sədri Mehdi Səlimzadə tədbiri açaraq ölkəmizin son illərdə dinamik sosial-iqtisadi inkişafı nəticəsində əldə olunan uğurlardan danışmış, bu prosesdə qadınların rolunu xüsusi vurğulamışdır. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gərgin və hərtərəfli fəaliyyətini xüsusi qeyd etmişdir. Bələdiyyə idarəçiliyində gender bərabərliyinin əhəmiyyətini vurğulayan natiq yerli özünüidarəetmə orqanlarında qadınların iştirakının əhəmiyyətindən, eləcə də bu sahədə qazanılan nailiyyətlərdən və perspektivlərdən danışmış, qadınların bu prosesdə fəal və təşəbbüskar olmalarının vacibliyini bildirmişdir.
"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova rəhbərlik etdiyi qurumun hazırladığı "Yerli idarəetmədə qadın liderliyi" layihəsi barədə məlumat vermişdir. Layihənin əsas məqsədi yerli idarəetmədə qadınların hüquq və imkanlarının artırılması, onların qərar qəbuletmə prosesinə təsirinin və qadın liderliyinin inkişafının gücləndirilməsidir. Həmçinin bu sahədə geniş maarifləndirmə işinin aparılması, qadınların liderlik üzrə bilik və bacarıqlarının artırılması, növbəti bələdiyyə seçkilərində qadınlarının rolunun gücləndirilməsinə nail olmaqdır.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev yerli özünüidarəetmədə qadınların rolunun artırılmasında assosiasiyaların üzərinə düşən vəzifələrdən danışmışdır. O, ölkədə gender siyasətinin inkişafında və yerli idarəetmədə qərarvermə proseslərində qadınların fəallığının artırılmasının zəruriliyini bildirmişdir.
BİM-in baş məsləhətçisi Ülviyyə Əhmədova və Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının nümayəndəsi Sevil Mansurova bələdiyyə işinin qanunauyğun təşkilində qadın bələdiyyə üzvlərinin rolundan danışaraq ölkədə gender sahəsində möhkəm qanunvericilik bazasının yaradıldığını vurğulamışlar. Bildirilmişdir ki, bələdiyyələrdə çalışan qadınların fəaliyyətinin daha səmərəli qurulması məqsədi ilə onların bilik və bacarıqlarının artırılması sahəsində görülən tədbirlər gücləndirilməlidir.
Sonda yerli özünüidarəetmənin
inkişafında qadınların rolunun
artırılması, onların imkan və
potensiallarından səmərəli istifadə edilməsi ilə
bağlı bələdiyyələrə müvafiq
tövsiyənin hazırlanması qərara
alınmışdır.
Azərbaycan.- 2012.- 23 iyun.- S. 4.