Azərbaycanın intellektual sərvəti onun kadr xəzinəsidir

 

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

 

İnsan faktoruna, onun əqli-intellektual potensialına, sosial rifahına söykənən inkişaf xətti dövlət siyasətinin aparıcı leytmotivinə çevrilmişdir

 

 

 "...İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.  Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.  Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir".

 

 

İlham ƏLİYEV

 

 

"Dövlət, ümumiyyətlə, yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur; əks halda, kölələrdən yaranan və heyvanlardan təşkil olunan birliyi də dövlət saymaq lazım gələrdi. Bu isə gerçək olmazdı, çünki onlar hamının rifahına can atan belə bir birliyi öz iradələri ilə qurmurlar". Qədim yunan filosofu Aristotelin "Politika" əsərində dövlətin əsaslarının təsvir olunduğu bu müddəa ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas qayəsini təşkil edirdi. Politoloji konsepsiyaya görə, güclü dövlətin üç başlıca təminatı mövcuddur: müstəqil hakimiyyət, xalq arasında özünə çox sayda tərəfdarlar tapan ideologiya və bu ideologiyanın daşıyıcısı olan güclü lider. Bu üç amil böyük öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında öz əksini kompleks şəklində tapmışdır.

Bu gün əsas nailiyyətimiz sayılan ictimai-siyasi sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın iqtisadi rifahını təşkil edəcək yeni neft strategiyasının hazırlanması, dövlətin mövcudluğunu şərtləndirən hüquqi-siyasi islahatların aparılması və bu kimi digər mütərəqqi proseslər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının mahiyyətini təşkil edir.

"Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı  bu  irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin  mədəniyyəti, yüksək  mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm  bu gününə,  həm də  gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır." Bu cür düşünən və hər bir Azərbaycan vətəndaşının dövlətçilik təfəkkürünün eyni məcrada köklənməsinə çalışan ulu öndər hər bir millətin və xalqın həyatında bu arxivacib, taleyüklü məsələnin gündəlik fəaliyyətin aparıcı qayəsinə, tendensiyasına çevrilməsinə çalışmışdır.

Qlobal dəyişikliklər və inteqrasiya, sosial assimilyasiya və diffuziyalar dövründə ayrıca bir fərdin, individin deyil, bütövlükdə cəmiyyətin sabahı, gələcəyi barədə düşünmək artıq bütöv bir sivilizasiyanın taleyindən yana yaşanan narahatlıq deməkdir. Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi boyartımının ən narahat, həyəcanlı mərhələsini geridə qoyaraq taleyinin tərəqqi, inkişaf, ritmlə bağlı dövrünə qədəm qoymuşdur. Lakin bu da son məqsəd deyil, üz tutduğumuz ünvanda növbəti dayanacaqdır. Sabitqədəm bazar münasibətləri, modernləşmədən keçən demokratiya, vətəndaş cəmiyyəti, mükəmməl dövlətçilik konsepsiyası... Ulu öndər Heydər Əliyevin hədəfləmiş olduğu və Prezident İlham Əliyev tərəfindən dönmədən və qətiyyətlə həyata keçirilən strateji xətt Azərbaycanı məhz həmin universal dəyərlərin hakim olduğu bir hədəfə qovuşdurmaqdadır. Mükəmməl elmi-nəzəri biliklərə, bitkin siyasi-fəlsəfi təlim və nəzəriyyələrə söykənməyən istənilən ən möhtəşəm ideya belə, sonuc etibarilə süquta məhkumdur. Bu gün Azərbaycanın da qüdrətli inkişaf yolunun uğurlarını şərtləndirən ən müqəyyəd amillər sırasında ölkənin ağıl, fikir, ideya adamlarının vahid məxrəc altına gətirilmiş komandanın fəaliyyəti durur.

"Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin yaradılması, dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, habelə milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklər həyata keçirməyə başlamışdır: "Milli tariximizin bu dövrü milli dövlətçilik qurulması üçün o vaxt zəruri olan qətiyyətli etatist yanaşmanın əsası, başlıca mənbəyi olmuş, bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və sosiomədəni modernləşməsinin prioritet komponenti kimi realpolitik çıxış etmişdir. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kliyentalist qrupların eksperimentlər aparması üçün sınaq meydanı kimi baxanların siyasi romantizmə və bəsirətsizliyə əsaslanan bütün cəhdlərinin üstündən qələm çəkdi".

Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Bu gün belə bir ifadəni tez-tez işlədirik ki, ulu öndər hələ 70-ci illərdə Azərbaycanın gələcəyini düşünüb onun etibarlı sənaye və elmi-mədəni potensialını yaradırdı. Buraya kadr bankını da əlavə etmək lazımdır.

Bütün zamanlarda olduğu kimi, bu gün də dövlətin təşəkkülü, formalaşması, mövcudluğu və yaşaması siyasi sistemin müəyyən institutları ilə yanaşı, möhkəm, mobil, səriştəli və peşəkar idarəçilərdən, bitkin kadr potensialından asılıdır. Belə ki, mükəmməl idarəçilik sistemi olmadan güclü dövlətçilikdən bəhs etmək irreal məsələyə çevrilərdi. Hər nə qədər cəsarətli, perspektivli, konstruktiv təsir bağışlasa belə, istənilən ideya və konsepsiyanın, hətta cari planın belə real həyatda tətbiqini tapması səmərəli idarəçilik faktorundan, keyfiyyətli məmur-kadr amilindən asılıdır. İdarə etmək dövlətçilik nəzəriyyəsi və elmini dərindən mənimsəməklə yanaşı, həm də praktiki vərdişlərə mükəmməl yiyələnməyi, etik-əxlaqi və milli-mənəvi dəyər və vərdişləri sabit həyat normasına çevirməyi, öz fəaliyyətində dövlətçi kimi düşünməyi, bütün fərdi-şəxsi meyil və maraqları ümumi mənafenin məxrəcinə gətirə bilməyi tələb edir.

İdarəçi kadrlar hər bir dövlətin, millətin qızıl fondunu təşkil edirlər. Onların peşəkarlığı, səriştəliliyi, insanlarla rəftar mədəniyyəti, intellektual səviyyəsi fərdi-subyektiv məzmundan çıxaraq bütövlükdə dövlət aparatı, dövlətin mahiyyəti barədə təsəvvür yaradır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1999-cu il yanvarın 3-də imzaladığı  fərmanla respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı. Bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) adlandırıldı.

Respublikada dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan akademiyanın vəzifəsi demokratik, müstəqil Azərbaycana dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək gənclərdən ibarət mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir. Dövlət idarəçiliyi üçün mütəxəssislərin hazırlanması sahəsində aparıcı müəssisə kimi akademiya müasir tələblər səviyyəsində dövlət idarəçiliyi üzrə mütəxəssislər hazırlanması, dövlət vəzifələrində olan qulluqçuların yenidən hazırlanması və ixtisaslarının artırılması, o cümlədən bu sahədə beynəlxalq proqram və layihələrin elmi çəhətdən müşayiət edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və onun hüquqi təminatına dair təkliflərin işlənib hazırlanması, elmi tədqiqatlar aparılması və s. funksiyaları yerinə yetirir.

Ölkədə aparılan effektiv ictimai-siyasi və sosial-iqtisadi islahatlar yeni münasibətlər sistemini yaratmaqda idi və o da öz növbəsində səriştəli və peşəkar dövlət qulluğu sisteminin formalaşdırılmasını tələb edirdi. Dövlətin səmərəli fəaliyyətini və qarşıda duran yeni məzmunlu problemlərin həllini təmin etmək üçün yüksək ixtisaslı, siyasi məfkurəcə neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, düzgün, vicdanlı, qərəzsiz, informasiyadan istifadə etmək vərdişlərinə, səmərəli rəhbərlik təcrübəsinə malik olan mütəxəssislərdən ibarət dövlət qulluğu sistemi qurulmalı idi. Bu məqsədlə 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanun qəbul olundu. Həmin normativ akt dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratdı.

Dövlət qulluqçusu anlayışını bir neçə aspektdən sərf-nəzər etmək mümkündür; dövlət-hüquq nöqteyi- nəzərindən dövlət və cəmiyyətin inkişafının məhsulu olan bu şəxs dövlət funksiyalarını həyata keçirməyə məsul edilir. İnzibati-hüquq nöqteyi-nəzərindən məxsusi təşkilati-sərəncamverici səlahiyyətləri olan bu şəxs hakimiyyəti təmsil etməklə yurisdiksiyalı səlahiyyətləri həyata keçirərək inzibati-hüquqi sanksiyaları tətbiq edir. Nəhayət, cinayət-hüquq nöqteyi-nəzərindən dövlət qulluqçusu cinayət-inzibati məsuliyyətin məxsusi subyektidir.

Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan dövlət başçısı İlham Əliyev özünün 2006-cı il 25 may tarixli sərəncamı ilə hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilməsinə qərar vermişdir.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu yeni ictimai münasibətlər sahəsini tənzimlədiyindən qanunun tətbiqi zamanı bir sıra problemlər meydana çıxmışdır. Bu problemlərin əksəriyyəti dövlət qulluğu sahəsinə məsul olan müvafiq icra orqanının mövcud olmamağından irəli gəlirdi. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.

Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirir. Komissiya eləcə də dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü 28.1-ci və 28.2-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir, ondan səmərəli istifadə olunmasını təmin edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.

Dövlət qulluğuna vətənpərvər, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsi və yerləşdirilməsi məqsədilə ötən il ərzində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq 34 dövlət orqanında, o cümlədən məhkəmə orqanında 365 vakant vəzifənin tutulması üçün daxili müsahibələr keçirilmişdir. Müsahibələr üzrə qeydiyyatdan keçmiş 374 namizəddən 228 nəfəri iddia etdiyi vəzifələrə uyğun hesab edilmişdir. Hazırda 5 dövlət orqanı üzrə 12 inzibati vəzifə daxili müsahibəyə çıxarılmışdır.

Ümumiyyətlə, komissiyanın fəaliyyəti dövründə 143 dövlət orqanında 6872 vakant dövlət qulluğu vəzifəsi üzrə elan edilmiş müsabiqə, ümumi müsahibə və müsahibələrdə 24375 namizəd iştirak etmişdir. Onlardan 6067 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılmışdır. Namizədlərdən 2594 nəfəri vakant vəzifələrə uyğun hesab edilmiş, 1928 nəfər müvafiq vəzifələrə təyin edilmişdir.

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarət edilməsi, həmin qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi və etik davranış məsələləri üzrə maarifləndirmənin həyata keçirilməsi məqsədi ilə komissiya hər il müxtəlif səpkili tədbirlər görür.

 

* * *

 

Bu gün məmur xalqla hakimiyyət arasında bir növ balanslaşdırıcı rolunu oynayır. Məmur konkret sahə üzrə müvafiq icra orqanının iradəsini həyata keçirməklə yanaşı, orta statistik vətəndaşda hakimiyyətin mahiyyəti haqqında da konkret təsəvvür yaradır. Buna görə də onların üzərinə həm də böyük vəzifələr düşür. Bugünkü məmur nəsli ona görə xoşbəxtdir ki, onlara müsbət, yaddaqalan iş görmək üçün əlavə nəsə lazım gəlmir. Eləcə, ulu öndər Heydər Əliyevin öyüd və tövsiyələrini doğru-dürüst yerinə yetirsələr, kifayətdir. Bəzilərində çatışmayan işgüzarlığın formulu isə çox sadədir: zəhmətsevərlik, vətənə məhəbbət və xalqa təmənnasız xidmət yanğısı. Bu qədəri yetər.

Heydər Əliyevin bu gün ən adi təfərrüatlarına qədər xatırlamağa çalışdığımız hər görüşü, nitqi, söhbəti milyonların müdavimi olmağa can atdığı böyük məktəbdir, ali həqiqətlərlə, mürəkkəb olduğu qədər də sadə hikmətlərlə zəngin dərsdir. Bu məktəbin dərsliyi siyasət patriarxı, idarəetmə ustası, müqtədir dövlətçi, azərbaycançılıq ideologiyasının çağdaş milli-estetik və elmi-konseptual əsaslarının müəllifi, güclü xarizmatik şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu, şəxsi nümunəsi və çoxcəhətli fəaliyyətidir. Belə bir ümummilli mirasdan faydalana bilməyənlər isə yalnız əfəllərdir.

Ulu öndər fəaliyyəti boyu mənəvi ucalığa xüsusi dəyər verib, onu bütün nailiyyətlərin zirvəsində tutub, özü yüksək mənəviyyat sahibi olduğuna görə komandasından da eyni keyfiyyətləri tələb edib: "Yaxşı işləyin,  iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin. Bu işlərin yaxşı getməməsinin səbəblərindən biri, bəzən çox böyük səbəblərdən biri də mənəviyyatın pozulmasıdır.

...Vəzifəli şəxs gərək hamı üçün nümunə olsun; saflıq nümunəsi, mənəvi təmizlik, işgüzarlıq nümunəsi olsun. Əgər bu yoxdursa, əksinə, vəzifəli şəxslər rüşvət alırlarsa, yaxud insanların hüquqlarını tapdalayırlarsa, digər əyri yollara gedirlərsə, onda başqalarından nə gözləmək olar?!"

Bir ölkənin rəhbəri cəmiyyətin mənəvi əsaslarını xərçəng kimi gəmirən ictimai bəlalar - rüşvətxorluq, müftəxorluq, əliəyrilik, vəzifədən sui-istifadə kimi neqativ hallar barədə bundan daha kəskin nə deməli idi ki?!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ respublikaya birinci rəhbərliyi dövründə cəmiyyətin bütün sferalarında inkişafın məhz elmi əsaslara söykənməsinə çalışmış, sənayenin ayrı-ayrı sahələrində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılmasının vacibliyini önə çəkmişdir. Bəşəriyyətin çoxəsrlik tarixinə istinad edən ulu öndər bəyan etmişdir ki, elm və təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahələrin tərəqqisindən, habelə vətənpərvər və yüksək ixtisaslı kadr hazırlığından keçir. Böyük öndər məhz bu zərurətdən çıxış edərək 70-ci illərdə Azərbaycanın intellektual potensialının gücləndirilməsinə, ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına çalışmış, bir neçə on ildən sonra dövlət müstəqilliyini insa edəcək Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir.

Azərbaycana ikinci rəhbərliyi dövründə də ümummilli lider insan kapitalının yüksəlişinə xidmət edən bütün zəruri tədbirləri həyata keçirmiş, hələ 70-80-ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahələrin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır.

 

* * *

 

Hər bir xalqın, dövlətin gələcək taleyini təkcə malik olduğu zəngin təbii ehtiyatlar, maddi resurslar, istehsal gücləri deyil, həm də onun elmi-mədəni qaynaqları, intellektual imkanları, milli kök və kökəninin bənzərsizliyindən su içib süxurlaşmış mənəvi-əxlaqi sərvətləri və bütün bu universal dəyərlərin fövqündə duran insan kapitalı müəyyənləşdirir. Funksional imkanları ictimai fəaliyyətin ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital müasir qloballaşma dövründə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin başlıca rəhni kimi çıxış edir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi sütunlar üzərində qurmaqla təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, ixtisaslı kadr hazırlığında hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer tuturlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Dövlət başçısı İlham Əliyevin ötən doqquz ildə kadr potensialının inkişafına diqqət və qayğısı respublikanın gələcəyi ilə bağlı daşıdığı niyyətlərlə səbəbləndirilə bilər. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti nəinki yüksək peşəkarlıq və zəka, həmçinin yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi, Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanmasını diktə edir.

Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. Güclü məmur korpusu olmadan dövlətin xarici və daxili siyasət, iqtisadiyyatın diversifikasiyası, beynəlxalq əməkdaşlıq və inteqrasiya, sosiomədəni və humanitar layihələrin həyata keçirilməsi və s. sahədə fəaliyyəti uğurlu sayıla bilməz. Çünki istənilən başlanğıcın uğur faktoru insan amilidir.

Cənab Prezident həmişə vurğulayır ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan sərmayələr insanın formalaşmasına qoyulan sərmayə sayılır. Başqa cür ifadə etsək, bu, insana kapital qoyuluşu da adlandırıla bilər və bu cür investisiyalar insan kapitalını yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili hesab olunur. İnsana kapital qoyuluşu onların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir.

Azərbaycan dövlətçiliyinin gələcəyinin demokratiyanın sürətli inkişafından asılı olduğu indiki zamanda cəmiyyətin hər bir üzvü tərəfindən inkarolunmaz reallıq kimi qəbul edilir. Cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin də ana xəttini məhz  optimallaşdırma prinsipi təşkil edir. İdarəetmədə optimallaşdırmanın demokratikləşmə ilə bağlılığı arxasında yeni sosioloji-nəzəri təsəvvürlər durur. Yəni, İlham Əliyevin idarəetmə metodunda minimum məsrəflə maksimum effekt əldə  etmək tezisi prioritet istiqamətə çevrilib. Bu bağlılıqda kadrların seçilməsi, yerləşdirilməsi, idarəetmə strukturunun yığcamlığı da prinsipial xarakter daşıyır. Beləliklə, optimal idarəetmə kadr siyasəti ilə dialektik vəhdət halına gətirilir. Kadr siyasətinə optimallaşdırma meyarı çərçivəsində yanaşma bütün subyektiv amilləri neytrallaşdırmağa imkan verir. O cümlədən, gənc və perspektivli kadrların idarəetmədə maksimal üstünlüyünü təmin etmək zərurəti yaranır.

Prezident İlham Əliyev optimallaşdırma ilə demokratiklik arasında "körpü" yaradıb inzibati-bürokratik mexanizmi aradan qaldırmaqla komandasına topladığı işgüzar, monolit və perspektivli kadrlarla qarşıda duran vəzifələrin icrasını uğurla davam etdirmək niyyətini bəyan edib. Bu məqsədə nail olmaq üçün isə milli ruhlu, dövlətçiliyə sədaqətli, demokratik idarəetməni peşəkar səviyyədə mənimsəmiş şəxslər idarəetmədə getdikcə daha geniş yer alırlar. Bu iki prinsipin hər ikisinin birləşdiyi bir nöqtə də var. O nöqtənin olması idarəetmədə varisliyi saxlayır və kəskin kataklizmlərin qarşısını alır. Həmin birləşdirici element, əslində, Heydər Əliyev idarəçilik məktəbinin əsas dayaqlarından birinin təkmilləşmiş ifadəsidir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 5.