Dövlət
İdarəçilik Akademiyasında dövlət
qulluqçularının peşə bayramına həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq Dövlət Qulluğu Gününə həsr olunmuş "Azərbaycan Respublikasında dövlət qulluğunun aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. Xalqımızın və dövlətimizin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər gənclərin yetişdirilməsində görən ulu öndər Heydər Əliyev yüzlərlə gənci oxumaq üçün xarici ölkələrin nüfuzlu universitetlərinə göndərdiyini diqqətə çatdırmışdır. Rektor hazırda bu uzaqgörən siyasəti davam etdirən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramına əsasən hər il yüzlərlə gəncin inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşması məqsədi ilə göndərildiyini xatırlatmışdır.
Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərdən danışan U.Ələkbərov Prezident İlham Əliyevin daim bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır.
Ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğu İdarəetmə Şurasına başçılıq etməsinin bu qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu demişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov "Dövlət qulluğu 2007-2012-ci illər: nailiyyətlər və hədəflər" mövzusunda məruzə ilə çıxış etmiş, ölkəmizdə dövlət qulluğunun inkişafından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır.
Məruzədə ölkəmizdə Beynəlxalq Dövlət Qulluğu Gününün geniş qeyd edilməsinin əhəmiyyəti vurğulanmış, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söhbət açılmışdır. Komissiyanın sədri bildirmişdir ki, dövlət qulluğu ilə bağlı qanunun qəbul edilməsi nəticəsində ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmana əsasən yaradılmış bu qurumun əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, yerləşdirilməsini, həmçinin digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev "Dövlət orqanlarının kadr potensialı milli təhlükəsizlik amili kimi", dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehdəliyev isə "Dövlət qulluqçusu yeni informasiya məkanında" mövzularında məruzələrlə çıxış etmişlər. Sonra akademiyanın müəllimi Muxtar Hüseynov DİA-nın yeni təhsil portalının (www.dia.gov.az) təqdimatını etmişdir.
Bildirilmişdir ki, yeni portal akademiyadakı tədris prosesinin virtual olaraq təkrarlanmasına və bu işə nəzarət olunmasına, distant təhsilin təmin edilməsinə, videokonfransların keçirilməsinə imkan verəcəkdir.
Sonda BMT-nin İctimai
İnformasiya Departamentinin
Azərbaycan üzrə nümayəndəsi Envera
Selimoviç Beynəlxalq Dövlət Qulluğu Günü ilə
bağlı təbriklərini çatdırmış,
dövlət qulluqçularının bilik
və bacarıqlarının artırılmasının,
onların informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından geniş
istifadə edə bilmələrinin vacibliyindən
danışmışdır.
Azərbaycan.- 2012.- 23 iyun.- S. 5.