012- Bakı Public Art Festivalı çərçivəsində rəssam Hüseyn Haqverdinin Zamanı aşaraqəsəri təqdim edilmişdir

 

İyunun 22-də Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012- Bakı Public Art Festivalı" çərçivəsində rəssam Hüseyn Haqverdinin "Zamanı aşaraq" əsəri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, rəssamın plastik kompozisiyası kalliqrafiya ilə assosiasiya edilən mücərrəd formalardan ibarətdir.

Şərq və xüsusilə müsəlman incəsənəti ənənəsi Qərbi Avropa ənənəsindən özünün eyhama, metaforaya meyilliyi ilə fərqlənir. Piktoqrafik surətlərə dair islam qadağası sanki yerli ustaların sərhədsiz fantaziyasını başqa məcraya, ornamental kalliqrafik yazıya yönəltmişdir. Orada isə söz təkcə müəyyən mənanın daşıyıcısı deyil, həm də özünəməxsus bədii surət olmuşdur. Məhz buna görə bu ənənədə "söz surətləri" adlanan şəkillərin təsvirinə həmişə xüsusi diqqət yetirilmişdir. Sözlərin təsviri isə kalliqrafiyadır ki, onun da kökləri öz növbəsində qədim yazı sistemlərinə qədər gedib çıxır: runalar, piktoqrafiya, heroqliflər. Kalliqrafiyada mətn, sözlər təkcə semantik yük deyil, həm də təmiz vizual yük daşımaqla insanın şüuruna təsir göstərir.

Təqdim olunan heykəltəraşlıq kompozisiyasında müəllif tamaşaçını sanki mətnin strukturları məkanına daxil edir. Yəni tamaşaçı bu "hərf", "kalliqrafiya" kütlələrini ikiölçülü müstəvidə deyil, məkanda qavrayır və beləliklə, özü də qeyri-məlum, yaxud yalnız rəssama məlum olan dildə bildirilən sirli xəbərin bir hissəsinə çevrilir.

Tarixə nəzər salsaq görərik ki, İslam dini kalliqrafiyanın inkişafına təkan vermişdir. Azərbaycan kalliqrafiya sənəti və xüsusilə Təbriz məktəbi XIII-XIV əsrlərdə çiçəklənmə dövrünü yaşamışdır. Azərbaycanlı xəttatlar Mahmud Sərraf, Seyid Heydər, Sadəddin, Cəfər Təbrizi, Mir Əli Təbrizi və başqaları Şərqdə yeni bədii və kalliqrafik üslublar yaratmışlar. Mir Əli Təbrizi "nəstəliq" kalliqrafiya üslubunun əsas banilərindən biri olmuşbir çox elmi və bədii kitablar həmin üslubda yazılmışdır. Məhəmməd Seyrafinin "Ədəb əl-xətt" ("Xəttatlıq sənəti") adlı elmi əsəri xüsusi əhəmiyyət kəsb etmişdir. Digər görkəmli azərbaycanlı kalliqraf Şah Mahmud Nişapuri olmuşdur (I Şah Təhmasibin dövründə).

Dərin kalliqrafiya ənənələri yerli memarlıqda da özünəməxsus iz qoymuşdur. Bunu Bakı-Abşeron daş emalı məktəbinin sənətkarlarının yaratdıqları qəliz divar naxışlarında müşahidə etmək olar. Bu günədək köhnə Bakının yaşayış və ibadət tikililərinin fasadlarını bəzəyən çox nəfis divar naxışları sanki öz dövrünə qəribə himn - daşda həkk olunan himn oxuyur.

Rəssam Hüseyn Haqverdinin əsərləri uzun illərdir ki, sərgilərdə nümayiş olunur. Hələ 1980-ci ildə Bakıda, sonralar Latviyada, Fransada, Almaniyada, Hindistanda keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumlarda əsərləri sərgilənmişdir. Rəssamın əsərləri ABŞ-da, Gürcüstanda keçirilən müxtəlif mövzulu sərgilərdə də maraqla izlənilmişdir. Keçən il Hüseyn Haqverdinin Bakıda "Metamarfoza" adlı sərgisi açılmışdır. Bu il isə rəssam Londonda keçirilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgidə iştirak etmişdir.

"012- Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 8.