Professor Nərgiz Paşayeva: “012-Bakı Public Art Festivalıçox gözəl layihədir

 

 "012-Bakı Public Art Festivalı", zənnimcə, çox gözəl layihədir. Burada iştirak edən rəssamlar müxtəlif janrlarda yaratdıqları əsərlərini təqdim edirlər.

AzərTAc xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdim edilməsindən sonra jurnalistlərə müsahibəsində demişdir.

Bildirmişdir ki, festivalda gənc, yaradıcılığa yenicə başlamış rəssamlarla yanaşı, tanınmış sənətkarlar da iştirak edirlər. Təqdim olunmuş əsərlər Bakının arxifaktlarını üzə çıxarır, yəni hər bir əsərin konsepsiyası şəhərin tarixi ilə bu ya digər dərəcədə əlaqədardır. Layihədə özlərini tam azad hiss edən rəssamlar duyduqlarını, hiss etdiklərini öz əsərləri vasitəsilə təqdim edirlər. Həmçinin layihə ilk dəfə olaraq qapalı çərçivədən çıxıb böyük bir kütləyə təqdim olunması baxımından da maraqlıdır. Festival çərçivəsində təqdim edilən əsərlər insanların çox olduqları yerlərdə yerləşdirilir. Nəticədə şəhərimizin sakinləri qonaqları həmin yerlərdə gəzərkən bu əsərləri seyr edə bilirlər. Şübhəsiz, insanların çox toplaşdıqları yerlərdə incəsənət əsərlərinin olması müsbət haldır.

Professor Nərgiz Paşayeva qeyd etmişdir ki, "YARAT!"ı təşkil edən Aida Mahmudova əsl peşəkar rəssamdır. "Mən insanlarda peşəkarlığı həmişə dəyərləndirirəm. Hesab edirəm ki, müəyyən sənət üzrə mükəmməl təhsili olan peşəkar insan, öz sənətini elə-belə, ötəri, özünü reklam xatirinə seçməmişdir. Bu baxımdan Aida Mahmudova gözəl rəssamlıq təhsili almışdır və artıq onun yaşı əldə etdiyi biliklərin özünü büruzə verməli olduğu bir həddə gəlib çatmışdır. "YARAT!" qeyri-kommersiya təşkilatı peşəkar bir insanın yaratdığı əsl peşəkar təşkilatdır. Ona görə də mən bu təşkilata və onun üzvlərinə uğurlar arzulayıram".

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 8.