Bakıda görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılmışdır

 

İyunun 22-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası Bəhruz Kəngərlinin əsərlərinin sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi Azərbaycan Respublikası Prezidentinin "Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında" 2012-ci il 13 aprel tarixli sərəncamına əsasən keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək sənətkarın qısa, eyni zamanda, olduqca mənalı ömür yolundan, zəngin yaradıcılığından söz açmışdır.

Bildirilmişdir ki, cəmi 30 il ömür sürmüş və 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış B.Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir. Heç şübhəsiz, XX əsrdə milli peşəkar rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Nazir demişdir ki, sərginin təşkilinin əsas məqsədi Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi sahəsində xidmətlərinin nümayişi və təbliğindən ibarətdir.

Diqqətə çatdırılmışdır ki, uşaq ikən ciddi xəstəlik keçirən B.Kəngərli ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyil göstərmişdir. O, 1910-1915-ci illərdə Tbilisidə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxumuşdur.

Bəhruz Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olduğunu söyləyən tədbir iştirakçıları bildirmişlər ki, 1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi açılmışdır.

Vurğulanmışdır ki, 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən B.Kəngərli öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.

Bildirilmişdir ki, görkəmli rəssam portret ustası kimi yaratdığı personajların mənəvi aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

Qeyd edilmişdir ki, B.Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. Rəssam 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

Ölməz rəssamın mənzərə janrında yaratdığı bir-birindən gözəl təsvirlər sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun mənzərələrində mühüm yer tutan təbiət gözəllikləri - "Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı" və digər rəsmlər də maraqla qarşılanmışdır.

Sərgi 10 gün davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 8.