Heydər
Əliyev Fondundan həştərxanlı
uşaqlara növbəti hədiyyə
Volqayanı körfəz sahilində uşaq oyunları kompleksinin tikintisi başlanmışdır. Bu, Heydər Əliyev Fondunun vilayət mərkəzinə hədiyyəsidir.
AzərTAc Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Həştərxan meriyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycandan olan tərəfdaşlar 11 nömrəli məktəbi yenidən qurmuş, Azadlıq meydanındakı bağı abadlaşdırmışlar. Hazırda Volqayanı körfəzin üzərində körpü salınır. Növbədə yeni hədiyyə - uşaq şəhərciyi durur.
Bu bağda uşaq şəhərciyi yaratmaq ideyası çoxdan, hələ Heydər Əliyev Fondu bu ərazini abadlaşdırmağa başladığı vaxt yaranmışdı. İndi burada fəvvarəli, güllü-çiçəkli bağ salınmışdır. Azərbaycandan olan tərəfdaşlar uşaq meydançası üçün yeri Həştərxan meri ilə birlikdə seçmişlər. Əsas şərt təhlükəsizlikdir. Oyun komplekslərini kinomexanika zavodu binasının arxasında, yoldan uzaq bir yerdə tikmək qərara alınmışdır.
İndi hazırlıq işləri görülür. Uşaq şəhərciyinin salınacağı ərazinin ümumi sahəsi təqribən 1200 kvadratmetrdir. Layihəyə görə, oyun kompleksi yelləncəklər və digər uşaq əyləncələri olan beş meydançadan ibarət olacaqdır. Rahat yay kafesi tikmək də planlaşdırılır. Şəhər sakinləri əmindirlər ki, buraya öz uşaqları ilə birlikdə digər rayonlarından da ailələr gələcəkdir.
Piyadalar üçün
salınan körpü bu
yerin populyarlığını
artıracaqdır. Körpüyə artıq Rusiya-Azərbaycan
dostluğu körpüsü
adı verilmişdir. Körpü
Heydər Əliyev bağını Qujvin prospekti ilə birləşdirəcəkdir.
Azərbaycan.- 2012.- 23 iyun.- S. 8.