Brüsseldə Avropa parlamentində “Dağlıq
Qarabağ: təhlükəsizlik məsələləri” mövzusunda seminar keçirilmişdir
İyunun 20-də Brüsseldə Avropa parlamentində "Dağlıq Qarabağ: təhlükəsizlik məsələləri" mövzusunda seminar olmuşdur. Seminarda beynəlxalq ekspertlər, Avropa parlamentinin deputatları və s. iştirak etmişlər.
London Universitetinin Kral kollecinin professoru Tresi German seminarda çıxış edərək demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç də dondurulmamışdır, ərazilərin işğalı kimi əsas problemlər isə hələ də həllini tapmamışdır. Ekspert Dağlıq Qarabağı Azərbaycanın "separatçı" regionu adlandırmışdır. Məruzəçi qeyd etmişdir ki, münaqişə tərəfləri - Ermənistan və Azərbaycan öz hərbi xərclərini artırmışlar. Məsələn, bu yaxınlarda Ermənistan parlamenti hərbi xərclərin 6 faiz artırılmasına səs vermişdir. T.German Ermənistanın iqtisadi vəziyyətindən çox diplomatik şəkildə bəhs edərək demişdir ki, o, çox yoxsuldur. German 2010-cu ildə Gallup təşkilatının keçirdiyi rəy sorğusuna əsaslanmışdır. Sorğu zamanı rəyi soruşanların 40 faizi həyat şəraitindən narazı olduğuna görə ölkəni tərk etmək istədiyini bildirmişdir. Germanın fikrincə, bu, o deməkdir ki, hərbi sahəyə xərclər sosial sahənin hesabına artırılır. Bundan başqa, Britaniya professoru Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdiyini xatırlatmışdır.
Sonra Polşada qeydiyyata alınmış Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktor müavini Adam Eberhart çıxış edərək demişdir ki, bütövlükdə Qarabağ kimi, Dağlıq Qarabağ da tarixən Azərbaycanın tərkib hissəsi olmuşdur və Azərbaycan xalqı üçün bu diyar xüsusi tarixi və mədəni əhəmiyyət kəsb edir. Ekspert 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda amansız qırğın törətməsini və hazırda ölkədə öz yurdundan zorla çıxarılmış 600.000 köçkünün (IDPs) olduğunu xatırlatmışdır. Eberhart belə bir fikirdə olduğunu bildirmişdir ki, Ermənistan münaqişənin aradan qaldırılmasını istəmir və o, indiki status-kvonun möhkəmlənməsinə çalışır. Erməni cəmiyyətində mövcud olan güclü türk fobiyası və diasporun mənfi təsiri münaqişənin həllinə mane olur. Ekspert Ermənistan-Azərbaycan qarşıdurmasında diasporun roluna misal olaraq ABŞ Konqresində Azərbaycana silah göndərilməsinin qadağan olunması barədə qətnamənin lobbiləşdirilməsini göstərmişdir. O bildirmişdir ki, Ermənistanda indiki siyasi elita əsasən Azərbaycanın işğal olunmuş rayonlarından çıxanlardır və təsadüfi deyildir ki, hazırda Yerevan Dağlıq Qarabağdakı rejimə siyasi, iqtisadi və hərbi yardım göstərir. Eberhart may ayında Ermənistan prezidentinin Dağlıq Qarabağda keçirilmiş hərbi paradda iştirakını misal gətirmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filip Lefor qeyd etmişdir ki, BMT-nin Nizamnaməsində və 1975-ci ilin Helsinki Yekun Aktında ifadə olunmuş prinsiplərə hörmət etmək lazımdır. O bildirmişdir ki, status-kvonun saxlanması qeyri-mümkündür. Brüssel Cənubi Qafqazla bağlı öz siyasətində Avropa İttifaqının başlıca siyasi sənədlərindən biri olan Avropa parlamentinin 2012-ci il 18 aprel tarixli qətnaməsini rəhbər tutmalıdır. Məsələn, Lefor münaqişənin nizama salınmasında Aİ-nin mümkün rolu barədə suala cavab verərkən bu qətnaməyə əsaslanmış və xatırlatmışdır ki, bu sənəd Aİ-nin Ermənistan və Azərbaycanla assosiativ sazişlərinə dair danışıqları münaqişənin aradan qaldırılmasında irəliləyiş əldə edilməsi, o cümlədən belə irəliləyişin ilk siqnalı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlayır. Lefor demişdir ki, Dağlıq Qarabağ regionu ətrafında işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır, Dağlıq Qarabağa gəldikdə isə, "xalqların öz müqəddəratını təyin etmək hüququ heç də yeni dövlətin yaradılmasını nəzərdə tutmur". Başqa sözlə, xüsusi nümayəndə təyini-müqəddərat təcrübəsinə ehtiyatla işarə etmişdir.
Seminarda Avropa parlamentinin bir sıra deputatları
çıxış etmişlər. Milan Kabrnox demişdir ki, ilk mərhələdə
Dağlıq Qarabağ
ətrafındakı ərazilər
geri qaytarılmalıdır.
İvo Vayql bildirmişdir ki, "Azərbaycan əraziləri işğal
edilmişdir və bu məsələdə
biz beynəlxalq hüquqa
və beynəlxalq sənədlərə hörmət
görmürük". İ.Vayql qeyd etmişdir
ki, Aİ Yerevana bugünkü status-kvo məqbul olması barədə qətiyyən
ümid verməməlidir.
Əks halda bu, Yerevanda
işğalın legitimləşdirilməsinə
ümid yaradacaqdır.
Öz növbəsində
Vitautas Landsberges leksikanı yanlış terminlərdən təmizləməyi
təklif etmişdir. Məsələn, o qeyd etmişdir ki, Dağlıq Qarabağ mübahisəli
ərazi deyildir, işğal olunmuş ərazidir. 18 aprel tarixli qətnamə
Ermənistandan Azərbaycanın
işğal olunmuş
ərazilərinin azad
olunmasını birmənalı
tələb edir.
Deputat Çarlz Tannok həll olunmamış münaqişənin Avropada
enerji təhlükəsizliyi
üçün gizli
risk yaratdığını bildirmişdir.
Avropa parlamentinin
seminarda çıxış
etmiş digər deputatları da qeyd etmişlər ki, Azərbaycan əraziləri işğal
olunmuşdur və Avropa qarşı tərəfə bunun yolverilməz olduğunu deməyə özündə
cəsarət tapmalıdır. İşğala son qoymaq və Azərbaycan icmasından olan qarabağlıların
öz evlərinə qayıtmasına imkan vermək lazımdır.
Yalnız bundan sonra nizamasalma sahəsində növbəti addımlar barədə düşünmək
olar. Deputatlar qeyd etmişlər ki, Ermənistanın hərbi xərcləri ilk
baxışda Azərbaycanınkından
bir qədər az görünür,
amma avropalıların
məlumatı tam deyildir.
Ermənistan şəffaflıq siyasətinə əməl
etmir, məlumatları
gizlədir. O, bu
ilin mayında Dağlıq Qarabağda keçirilmiş hərbi
parad zamanı öz silahlı qüvvələrini nümayiş
etdirmişdir. Deputatlardan
biri Lefora müraciət edərək
belə bir sual vermişdir: "Nə üçün biz
Aİ tərəfindən bu
hərbi parada heç bir reaksiya görmədik?".
Seminarda beynəlxalq təşkilatların
görkəmli ekspertləri,
diplomatlar, siyasətçilər,
jurnalistlər də iştirak etmişlər.
Azərbaycan.- 2012.- 23 iyun.- S. 10.