Bölgələrdən paytaxta
Milli teatr festivalı
Prezident
İlham Əliyevin
"Mirzə Fətəli
Axundzadənin 200 illik
yubileyinin keçirilməsi
haqqında" 13 aprel
2010-cu il tarixdə imzaladığı sərəncama
əsasən, Mədəniyyət
və Turizm Nazirliyinin hazırladığı
Tədbirlər Planında
2012-ci ildə respublikamızda
unudulmaz dramaturqa həsr olunmuş milli teatr festivalının
keçirilməsi nəzərdə
tutulmuşdur. Məhz
həmin plan əsasında
iyun ayının əvvəlində "Sərgüzəşti-Mirzə
Fətəli Axundzadə"
adlı milli teatr festivalına start verildi. İki mərhələdən ibarət olan festivalın açılış
mərasimi iyunun 1-də
Mingəçevir Dövlət
Dram Teatrında keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
verilən dövlət sifarişi ilə bağlı olaraq 19
teatra Mirzə Fətəli Axundzadənin komediyalarının
səhnələşdirilməsi həvalə olunub.
Şəkidə başlanan mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq Azərbaycan mədəniyyətində, ədəbiyyatında, fəlsəfi fikir tarixində özünəməxsus yeri olan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin Prezident İlham Əliyevin sərəncamı ilə respublikamızda yüksək səviyyədə keçirildiyini qeyd etdi. Mirzə Fətəli Axundzadənin zəngin ədəbi irsindən geniş söhbət açan Ədalət Vəliyev vurğuladı ki, adını Azərbaycan ədəbiyyatı, ictimai fikir tarixinə yazan, ümumilikdə Şərq aləmində bir çox ilklərə imza atan dramaturqun milli teatrımızın inkişafında misilsiz xidmətləri var: "1873-cü il mart ayının 10-u teatrsevərlər üçün son dərəcə dəyərli bir tarixdir. Azərbaycan peşəkar teatr tarixi Mirzə Fətəli Axundzadənin komediyasının tamaşaya qoyulduğu gündən başlayır". Böyük ədib dramaturgiyamızın banisi olmaqla bərabər, həm də zəngin ənənələrə malik dramaturgiya məktəbimizin təməlini qoyub. Bu məktəbin bütün üzvləri ömürləri boyu Mirzə Fətəli Axundzadəyə borcludurlar. Elə bu səbəbdən də onun yubileyi ilə əlaqədar belə bir möhtəşəm festivalın keçirilməsi də təbiidir.
Mirzə Fətəli Axundzadəyə bəslənən ehtiram və hörmətin nəticəsidir ki, bu il böyük dramaturqun yaradıcılığına demək olar ki, teatrlarımızın əksəriyyəti məmnuniyyətlə müraciət edib. Festivalda 21 teatr 24 tamaşa ilə təmsil olunurdu. Elə açılış günü də Şəki Dövlət Dram Teatrı "Hacı Qara" tamaşasını təqdim etdi. Festival çərçivəsində iyunun 2-də Qax Dövlət Kukla Teatrının hazırladığı "Sərgüzəşti-mərdi xəsis", iyunun 3-də Gəncə Dövlət Kukla Teatrının "Hekayəti-xırsquldurbasan" tamaşaları nümayiş olundu. Sonrakı günlərdə Füzuli Dövlət Dram Teatrı "Hacı Qara", Ağdam Dövlət Dram Teatrı isə "Lənkəran xanın vəziri" tamaşalarını təqdim etdilər. Festival çərçivəsində Mingəçevirdə Qazax, Gəncə və Mingəçevir teatrları da Mirzə Fətəli Axundzadənin "Hekayəti-xırsquldurbasan", "Müsyö Jordan və Dərviş Məstəli şah", "Can bizimkilər" (M.F.Axundzadənin əsərləri əsasında) tamaşaları böyük maraqla izlənilib.
Tənqidçi və dramaturqların fikrincə, bu, mahiyyət və formatına görə Azərbaycan teatr məkanında keçirilən ilk festivaldır ki, bir müəllifə - dramaturgiyamızın banisi M.F.Axundzadəyə həsr olunub. Ən maraqlısı da odur ki, festivala qatılan teatrların hamısının bu sənət bayramına məhz böyük dramaturqun komediyaları əsasında hazırlanan tamaşalarla gəlmələridir. Bu, bir daha sübut etdi ki, həqiqətən Mirzə Fətəli Axundzadənin zamanın sınağından qalib çıxmış komediyaları yazıldığı tarixdən 150 il sonra da bədii aktuallığını, ədəbi keyfiyyətini, teatral təravətini qoruyub saxlaya bilmişdir. Söhbət zamanı Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə söylədi:
- Mirzə Fətəli əsrlər boyu poeziya ənənələrinin bərqərar olduğu ədəbiyyatımızda yeni bir janrın - dramaturgiyanın təməlini qoydu. Biz hamımız teatr sənətimizin təşəkkülü üçün zəmin yaradan bu böyük insana borcluyuq.
Əslində, Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının həyata keçirilməsi istiqamətində hazırladığı böyük mədəniyyət aksiyasıdır. Tədbirin iştirakçıları da məhz milli festivalın bu məziyyətini yüksək dəyərləndirirlər.
Şəkidən başlanan sənət bayramı hazırda paytaxtda davam edir. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə düzənlənən bu möhtəşəm tədbirin ikinci mərhələsi Bakıda tarixləşir. Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası əsasında hazırlanan tamaşa əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim edildi. Səhnə əsərinə musiqini xalq artisti Siyavuş Kərimi yazıb. Mütəxəssislərin fikrincə, tamaşa uğurlu alınıb. İlk pərdədən Mirzə Fətəli Axundzadə realizminin qüdrəti, uzaqgörənliyi, sənətkarlığı Bəhram Osmanovun rejissor yozumunda çox uğurlu alınıb. Maraqlıdır ki, Molla İbrahimxəlil rolunu aktyor yox, məhz aktrisa - xalq artisti Afaq Bəşirqızı yaradıb. Bəllidir ki, M.F.Axundzadənin bu əsərində qadın obrazı yoxdur. Molla İbrahimxəlilin bütün əməlləri isə fırıldaqdan ibarətdir. Onun gerçəkdən kişi, ya qadın olması hələ də sual altındadır. Həqiqətən də Afaq Bəşirqızı libasını geydiyi İbrahimxəlili özünəməxsus ustalıqla tamaşaçılara çatdıra bildi. Bu tamaşada çıxış edən bütün aktyor heyəti rollarını yüksək məharətlə ifa etdilər.
Festivalın tənqidçilər qrupunun üzvü, xalq artisti Amaliya Pənahova bu əsərlə əlaqədar öz fikrini belə şərh etdi: "Yazıldığı tarixdən 162 il ötməsinə baxmayaraq, Mirzə Fətəli Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası bu gün həmkarlarım tərəfindən yeni təravətdə, quruluşda və təsir gücündə təqdim edildi. Həqiqətən də Mirzə Fətəli Axundzadənin əsərləri zamanın fövqündə dayanır".
Milli Teatr festivalı çərçivəsində Sumqayıt Dövlət Musiqili Dram Teatrının təqdim etdiyi "Müsyö Jordan və Dərviş Məstəli şah" əsəri də maraqla qarşılandı. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov, rejissoru İzaməddin Bağırov, bədii həllini tapan rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Festival çərçivəsində mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə hazırlanan "dəyirmi masa" da məhz Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olundu. Burada sənətşünaslıq doktoru, professor İlham Rəhimli "Mirzə Fətəli Axundzadə və Azərbaycan teatrı" mövzusunda çıxış edərək tədbir iştirakçılarını ədibin yaradıcılığı ilə bağlı maraqlı məqamlara cəlb etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə isə çıxışında bir məsələni də doğru olaraq belə əsaslandırdı: "Böyük ədibin irsinə qayıdış bu gün ona görə lazımdır ki, əsərlərinin güzgüsündə özümüzü görürük. M.F.Axundzadə komediyalarının fəlsəfi tərəflərinin hələ də geniş tədqiqata ehtiyacı var".
"Dəyirmi masa" ətrafında AMEA-nın müxbir üzvü Teymur Kərimli, xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev çıxış edərək teatr mövzusu ilə bağlı müəyyən problemlərə toxundular.
Bölgələrdən Bakıya gələn teatr işığının şəfəqləri neçə gündür ki, Bakı teatrlarında öz nurunu saçmaqdadır. Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, İrəvan Dövlət Azərbaycan Dram teatrlarında Mirzə Fətəli Axundzadənin komediyaları əsasında hazırlanan tamaşalar sənətsevərlərə təqdim edilib.
Görkəmli mütəfəkkirin 200 illik yubileyinə həsr olunan "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" milli teatr festivalı şəhərimizdə uğurla davam edir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 23 iyun.- S. 10.