Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr edilmiş tədbir rəngarəng konsert proqramı ilə başa çatmışdır

 

Heydər Əliyev Sarayında Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.

Koreyanın ölkəmizdəki səfiri Li Ci - Han tədbirin iştirakçıları qarşısında Azərbaycan dilində çıxış etmişdir.

Səfir bildirmişdir ki, ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələr inkişaf etmişdir. 1992-ci ildə diplomatik əlaqələrin yaranmasından etibarən hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin yüksək vəzifəli şəxslərin, adamlarının, tələbələrin və mədəniyyət xadimlərinin səfər mübadilələri Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin inkişafını daha da möhkəmləndirmişdir.

"Biz strateji tərəfdaş olduğumuzu qürurla qeyd edirik" - deyən Li Ci - Han ikitərəfli münasibətlərin dinamik inkişaf etdirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Səfir demişdir: "Koreya və Azərbaycan xalqları arasındakı harmoniya" adlı birgə təşkil edilən konsert bir-birini sevən iki xalqa həsr olunmuşdur. Ümid edirəm ki, konsert proqramı bizə hər iki mədəniyyətin ənənəvi və müasir aspektlərindən zövq almaq imkanı verəcək və mədəniyyətlərimiz haqqında biliklərimizin genişlənməsinə səbəb olacaqdır. Tədbir hər iki xalqın mədəniyyətini bölüşməsi üçün əhəmiyyətli təkan olacaq və Azərbaycan ilə əlaqələrimizin dostcasına daha da inkişafına zəmin yaradacaqdır".

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edir. Bu ölkələrin arasında Koreya Respublikası ilə əlaqələr xüsusi yer tutur. Dostluq münasibətlərinin inkişafında hər iki ölkə başçısının apardığı siyasət önəmli rol oynayır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, SEBA Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi ilə Azərbaycan və Koreya respublikalarında qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini vurğulayan Sevda Məmmədəliyeva bunun ikitərəfli münasibətlərin inkişafına böyük töhfə olduğunu söyləmişdir.

S.Məmmədəliyeva əminliklə vurğulamışdır ki, bugünkü konsert xalqlarımız arasında mədəniyyətlərarası dialoqun inkişafına, yeni layihələrin reallaşdırılmasına təkan verəcəkdir.

Tədbirdə Azərbaycan-Koreya əlaqələrindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.   

Sonra tamaşaçılara "Koreya və Azərbaycan xalqları arasındakı harmoniya" adlı maraqlı konsert təqdim edilmişdir.

İlk olaraq səhnəyə öz şousu ilə Koreyanın Meqa Drum kollektivi çıxmışdır. Müasir ritmlərin öz əksini tapdığı ənənəvi koreya taktlarından və ritmlərindən ibarət Meqa Drumun melodiyaları tamaşaçılarda maraqlı hisslər oyatmışdır.

Tamaşaçılara təqdim olunan daha bir hədiyyə - "Sori", yəni, səs şousu Qərbi Hip-Hop mədəniyyətinə aid olan, ağız, dil və əllərdən istifadə etməklə müxtəlif ritm və taktların səsləndirildiyi zərb musiqi növü olmuşdur. Koreyalı rəqs ifaçıları şouya əlavə ahəngdarlıq gətirmişlər.

Daha sonra səhnəyə Azərbaycanın xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblı çıxmışdır. Cəsarəti, gücü, xalqın möhkəmliyini təcəssüm etdirən "İgidlər", daha sonra Qarabağ xanımlarının gözəlliyini və zərifliyini təsvir edən "Qarabağ" rəqsləri bu mərasimə xüsusi ovqat qatmışdır.

Konsertdə təqdim olunan ifalar, rəqs nömrələri bir daha Azərbaycan və Koreya xalqları arasındakı harmoniyanı göstərmiş, tamaşaçıları hər iki xalqın zəngin mədəniyyəti və sənət inciləri ilə tanış etmiş, eyni zamanda, hamıda böyük ruh yüksəkliyi yaratmış və iki xalqı birləşdirən daha bir körpü olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 11.