Fransada nəşr olunan
jurnalda Azərbaycanın turizm
imkanlarından geniş bəhs edilmişdir
Parisdə nəşr olunan "Le Petit Pute" jurnalında dərc olunmuş məqalədə Azərbaycanın turizm imkanlarından bəhs edilmişdir.
Məqalə Azərbaycanın ötən il Almaniyada 56-cı "Eurovision" mahnı müsabiqəsinin olduğuna görə 2012-ci il yarışmasına ev sahibliyi etməsi, Bakı şousunun möhtəşəm və heç kimin gözləmədiyi yüksək təmtəraqla keçirilməsi ilə bağlı fikirlərlə başlayır. Müəllif Erve Kerros son illər Azərbaycanın ölkəmizin müxtəlif mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini ölkəmizin dünyada getdikcə artan nüfuzunun əyani sübutu kimi dəyərləndirmişdir.
Məqalədə Azərbaycanın turistlər üçün çox əlverişli bir ölkə kimi imkanlarının geniş olduğu diqqətə çatdırılmışdır. Müəllif Bakının qədimliyinin və Azərbaycanın zəngin mədəniyyətinin əyani təzahürü olan İçərişəhər və Şirvanşahlar Sarayından söhbət açmış, "İçərişəhər" kompleksinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyini xatırlatmışdır.
Fransız jurnalisti yenidən qurulmuş Bakı bulvarının bənzərsizliyinə və gözəlliyinə heyran olduğunu etiraf etmiş, bu məkanın əsl istirahət guşəsi, bakılıların sevimli gəzinti yeri olduğunu bildirmişdir. O, dünyanın heç bir ölkəsində Bakı bulvarına oxşar bir istirahət məkanı görmədiyini vurğulamış, oradakı müasir ticarət mərkəzindən söhbət aşmış, paytaxtımızda 300 gün külək əsdiyini, bu küləyin Bakının qızmar yayına sərinlik gətirdiyini vurğulamışdır.
Məqalədə yaşı bizim eradan əvvələ gedib çıxan möhtəşəm Qız qalasından bəhs edilir, bu qədim tarixi abidə həm paytaxtın, həm də ölkənin simvollarından biri kimi təqdim olunur. Müəllif Qız qalasının arxa hissəsindəki İçərişəhərin karvansaraylarını və fasadlarını üzüm tənəklərinin bəzədiyini, evlərin öz qədimliyi ilə diqqəti cəlb etdiyini bildirmiş, məşhur Mikayıl ağa hamamından söhbət açmışdır.
Azərbaycan paytaxtındakı binaların tarixiliyi barədə məlumat verməyə çalışan E.Kerros XX əsrin əvvəllərində şəhərdə Avropa arxitekturası əsasında yeni binaların tikildiyini və bu işin sürətlə davam etdiyini, lakin ötən əsrin 20-ci ilində bolşeviklərin işğalı nəticəsində bu prosesə son qoyulduğunu diqqətə çatdırmışdır. Bakı milyonçularından H.Z.Tağıyevin, M. Nağıyevin, M. Muxtarovun, Hacınskinin fransız, italyan və polyak memarlıq nümunələrini bu şəhərə gətirərək maraqlı və yaraşıqlı binalar inşa etdirmələri yazıda yer almışdır.
Məqalədə müstəqilliyini yenidən bərpa etdikdən sonra öz yeraltı və yerüstü sərvətlərinin sahibi olan Azərbaycanda böyük quruculuq işləri aparılması, Bakının tikinti meydançasını xatırlatması, müasir üslubda binaların inşa edilməsi, Heydər Əliyev Mərkəzinin planetin ən böyük memarlıq nümunəsi olması xüsusi vurğulanmışdır.
Yazıda Azərbaycan xalqının ən qədim musiqisi arasında muğamın xüsusi yeri, onun özünəməxsus çalarları, muğamın qorunub saxlanması məqsədilə inşa olunmuş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Müasir Azərbaycan İncəsənət Muzeyi barədə məlumat böyük maraq doğurur. Məqalədə Suraxanıdakı "Atəşgah məbədi" və bu abidə barədə vaxtilə Azərbaycana səyahət etmiş görkəmli fransız yazıçısı Aleksandr Dümanın (Ata) "Qafqaza səyahət " əsərində söhbət açıldığı yer almışdır.
Bakının "Qara şəhər" adı ilə tanınmış hissəsindən əsər-əlamət qalmadığı, buradakı Nobel qardaşlarına məxsus evin bərpa olunduğu bildirilmişdir.
Məqalədə Qobustanın ötən əsrin 20-ci illərində kəşf edilməsindən, dünyada 800 palçıq vulkanın mövcudluğundan, onlardan 500-nün Azərbaycan ərazisində olmasından bəhs olunmuş, ölkəmizin pul vahidi, müxtəlif mehmanxanaları və onların qiymət tarifləri, Parislə Bakı arasında birbaşa hava əlaqəsi, Azərbaycana turist səfərinə gələnlərə lazım olan sənədlər, zəngin mətbəximiz və onun ayrı-ayrı nümunələri barədə məlumat verilmiş, Quba, Şəki, Lahıc, Xınalıq və digər regionların turist marşrutları üçün əlverişli olduğu, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi və digər görməli yerlər barədə məlumatlar da əksini tapmışdır.
Jurnalda məqalə ilə yanaşı, ölkəmizin turizm imkanlarından bəhs edən çoxlu sayda fotoşəkillər verilmişdir.
Əsgər
ƏLİYEV
Azərbaycan.- 2012.- 23 iyun.- S. 11.