Milli Məclisdə görüş
İyunun 23-də Milli Məclisin Sədri Oqtay Əsədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyəti ilə görüşmüşdür.
Sədr qonaqları səmimi salamlayaraq təşkilatın Daimi Komitəsinin Bakıda keçirilən iclasında onlara uğurlar arzuladı. Bildirildi ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Spiker ümidvar olduğunu qeyd etdi ki, bu ilin noyabrında Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası da bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcəkdir.
Görüşdə qeyd edildi ki, dünyadakı mürəkkəb siyasi proseslər fonunda Asiyada fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığın genişlənməsi günün tələbidir. Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan partiyalar dövlət siyasətinə təsir etmək gücündədirlər. Bu isə onlar arasında əməkdaşlığı şərtləndirən amillərdəndir. Bu baxımdan Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının bu mötəbər foruma üzv olmasını təqdirəlayiq hesab edirik. Belə hesab edirik ki, Asiya qitəsinin siyasi partiyaları arasında əməkdaşlıq üçün bir platformanın olması bölgədəki proseslərə öz müsbət təsirini göstərəcəkdir.
Asiya qitəsindəki mövcud problemlərin aradan qaldırılmasında bunun müstəsna əhəmiyyəti vardır. İnanırıq ki, 300 siyasi partiyanı birləşdirən bu forum beynəlxalq problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Bu mənada, Cənubi Qafqazda inkişafa böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca vacibdir.
Problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, münaqişə hələ də öz məntiqi həllini tapmamışdır. Biz Asiya Siyasi Partiyalar Forumunun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, quruma üzv partiyalar bundan sonra da bu məsələyə həssaslıqla yanaşacaq, problemin həllinə öz töhfələrini verəcəklər.
Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təmsilçisi Xose de Venesiya səmimi qəbul üçün minnətdarlığını bildirdi. O, müstəqil Azərbaycanın paytaxtı Bakının belə bir tədbirə uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirdi. Qonaq forumun işi, məqsəd və məramları haqqında geniş məlumat verdi. Təşkilatın Asiya qitəsində yerləşən problemlərə də böyük diqqət yetirdiyini söylədi.
Bildirildi ki, böyük iqtisadi potensiala malik Asiya qitəsinin müxtəlif bölgələrində iqtisadi inkişafla yanaşı, münaqişə ocaqlarına da rast gəlinir. Bu baxımdan qurum Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir, problemin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır. Forum Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.
Təşkilat bu məsələnin həllində və Azərbaycanın inkişafında ölkə Prezidentinin gördüyü işləri, parlamentin fəaliyyətini yüksək dəyərləndirir. Qurumun Bakıda keçirilən tədbirinin sonunda qəbul olunacaq Bakı Bəyannaməsində bu məsələlər öz əksini tapacaqdır.
Görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov, Milli Məclisin deputatı Asəf Hacıyev, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri və baş katibi Eui-Yonq Çunq, forumun təmsilçiləri Müşahid Hüseyn Seyid, Ai Pinq, Teo Sambuaqa və digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan .- 2012.- 24 iyun. - S. 1.