Gəncədə gənc sahibkar qadınların istehsal etdikləri məhsulların satış-sərgisi keçirilmişdir

 

İyunun 23-də Gəncə şəhərində "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə gənc sahibkar qadınların istehsal etdikləri məhsulların satış-sərgisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, sərgidə 30-dan artıq sahibkar qadının istehsal etdiyi məhsullar nümayiş olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Sərgidə müxtəlif geyimlər, yataq dəstləri, bəzək, cehizlik əşyalar, pərdələr, xalçalar və digər əl işləri nümayiş etdirilmişdir.

İştirakçılar arasında əlil qadınların rəsm əsərləri və tabloları böyük maraqla qarşılanmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, bu əl işləri, sadəcə olaraq, hansısa bir sənət nümunəsinin üzünün çıxarılması deyil, azərbaycançılığı əks etdirən, Azərbaycan xalqının qədim mədəniyyətini, ənənələrini yaşadan nümunələrdir. Təqdim olunan əl işləri  bir tərəfdən bu insanların cəmiyyətə inteqrasiyasına dəstək verir, digər tərəfdən də Azərbaycanın qədim mədəniyyət abidələri və  nümunələrinin yaşadılması yönündə mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, bu tipli sərgilər tez-tez təşkil olunmalıdır.

Tədbir iştirakçıları Bakı, Gəncə, Tovuz, Qazax, Yevlax da daxil olmaqla, ümumilikdə, respublikanın 18 şəhər və rayonunu təmsil edən sahibkar qadınların hazırladıqları məhsulları yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 1.