Avropa Parlamentinin
üzvləri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan
torpaqlarından çıxmasını tələb edirlər
Avropa Parlamentinin (AP) üzvləri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edərək Dağlıq Qarabağdakı mövcud status-kvonun dəyişdirilməsi üçün Avropa İttifaqını (Aİ) tədbir görməyə çağırmışlar.
AP-nin təhlükəsizlik və müdafiə alt komitəsinin iclasında deputatlar bildirmişlər ki, bu istiqamətdə tədbir görülməsə, Cənubi Qafqazda sabitlik üçün təhlükə yarana bilər. Onlar, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılması ilə bağlı Aİ-ni aydın mövqe nümayiş etdirməyə çağırmışlar.
AP-nin üzvü Milan Kabrnox bildirmişdir ki, Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılması ilk addım olmalıdır. Digər deputat İvo Vayqlın sözlərinə görə, Aİ Ermənistanı başa salmalıdır ki, qurum mövcud status-kvonu qəbuledilməz, işğal faktını isə qeyri-qanuni hesab edir. Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir, beynəlxalq konvensiyalara isə məhəl qoyulmur.
Deputat Vitautas Ləndsbyarqis Azərbaycan ərazilərinin mübahisəli deyil, işğal edilmiş ərazilər olduğunu bildirmiş, buna görə də terminlərin düzgün işlədilməsinin vacibliyini vurğulamışdır.
Deputat Anna İbrisaqiç isə demişdir: "Azərbaycan əraziləri işğal edilmişdir və biz işğalçı tərəfə cəsarətlə deməliyik ki, bu, səhv addımdır. İşğala son qoyulmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar". A.İbrisaqiç Avropa İttifaqını ötən ay Dağlıq Qarabağda Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə qeyri-qanuni paradın keçirilməsinə reaksiya verməyə çağırmışdır.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktının prinsiplərinə əməl edilməsinin zəruriliyini vurğulamışdır. F.Lefort münaqişə ilə bağlı hazırkı status-kvonun Aİ üçün qəbuledilməz olduğunu bildirmişdir.
İclasda iştirak edən tanınmış ekspert, London Kral Kollecinin müdafiə məsələləri üzrə bölməsinin baş mühazirəçisi xanım Treysi Qerman bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, problemin həlli ilə bağlı fundamental məsələlər həll edilməmiş qalır. Məsələn, Azərbaycan əraziləri hələ də işğal altındadır.
T.Qerman Ermənistanın iqtisadi vəziyyətinin ağır olduğu bir vaxtda hərbi büdcəsini artırmasını yanlış addım kimi qiymətləndirmiş, çətin sosial şəraitlə üzləşən əhalinin ölkəni tərk etdiyini diqqətə çatdırmışdır.
Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Adam Eberhardt demişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, Ermənistanın münaqişənin həlli istiqamətində Azərbaycan ilə kompromisə getməməsinin təəssüf doğurduğunu qeyd etmişdir. Ermənistan dövlətinin Dağlıq Qarabağdakı rejimi siyasi, iqtisadi və hərbi cəhətdən dəstəklədiyini deyən A.Eberhardt burada keçirilən təxribat xarakterli paradı da pisləmişdir.
Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) AP
üzvlərinin münaqişə ilə bağlı
çağırışlarını
alqışlamışdır. TEAS-ın Brüsseldəki
nümayəndəliyinin rəhbəri Roman
Huna ümidvar olduğunu bildirmişdir ki, Aİ bu
çağırışlara cavab verərək
tezliklə müvafiq addımlar
atacaqdır. R.Huna demişdir:
"Ermənistanın beynəlxalq hüququn
norma və prinsiplərinə əməl
etməməsi nəticəsində Avropanın sərhədlərində
bu münaqişənin həll edilməmiş
qalması qəbuledilməzdir. Biz
inanırıq ki, Aİ və
bütövlükdə beynəlxalq ictimaiyyət Ermənistan
silahlı qüvvələrinin işğal
etdiyi Azərbaycan torpaqlarını tərk
etməsi ilə bağlı konkret mövqe nümayiş
etdirəcəkdir".
Azərbaycan.- 2012.- 24 iyun.- S. 1.