Milli Məclisin bir qrup deputatı və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində olmuşlar
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü ərəfəsində Milli Məclisin bir qrup deputatı və ictimaiyyətin nümayəndələri Beyləqan və Xocavənd rayonları ərazisində xidmət edən əsgərlərlə görüşmüşlər.
AzərTAc xəbər verir ki, Milli Məclisin Sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları əvvəlcə Xocavənd rayonunun ərazisində ön xəttə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə, o cümlədən Azərbaycan istehsalı olan silahlarla tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər.
Qonaqlar əsgərləri bayram münasibətilə təbrik etmiş, onlarla birgə çay içərək, səmimi söhbət etmişlər. Əsgərlər onlarla görüşə gəlmiş Milli Məclisin deputatlarına və ictimaiyyət nümayəndələrinə qızıl gül dəstələri təqdim etmiş, minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, hərbi hissədə keçirilən bu cür görüşlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynayır.
Ön xətdə xidmət edən iki əsgərin valideyninin də hərbi hissəyə gəlişi əsgərlər üçün ən böyük bayram hədiyyəsi olmuşdur. Valideynlər Şəlalə Əhmədova və Sahibə Eminova əsgərlərin xidmət və məişət şəraitindən razı qaldıqlarını və övladlarının ön xətdə xidmət etməsindən qürur duyduqlarını bildirmişlər.
Qonaqlar daha sonra Beyləqan rayonu ərazisindəki N saylı hərbi hissəyə gəlmişlər. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin Sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova onları Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar. Bildirmişlər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını almağa, istənilən ekstremal vəziyyətdə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Natiqlər əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirmişlər.
Qonaqlar əsgərlərlə
birgə nahar etmişlər. Hərbi hissəyə
bayram sovqatı təqdim edilmişdir.
Azərbaycan.- 2012.- 24 iyun.- S. 3.