Məhkəmə hakimləri və hüquqşünaslar üçün yay məktəbi başlamışdır

 

 İyunun 23-də Novxanıdakı "AF HOTEL" istirahət mərkəzində Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə hakimlər və hüquqşünaslar üçün ikinci yay məktəbi açılmışdır.

Dörd gün davam edəcək yay məktəbinin mövzusu insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 5-ci və 6-cı maddələrinə həsr olunmuşdur.

Yay məktəbinin məqsədi hakimhüquqşünaslara Avropa Konvensiyasının tətbiqinə dair yeni bilgilərin verilməsidir.

Yay məktəbində ölkənin bir sıra şəhər və rayonlarından, müxtəlif məhkəmə instansiyalarını, eyni zamanda, Konstitusiya Məhkəməsini təmsil edən 18 hakim və 14 hüquqşünas, xariciyerli ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

AHK-in sədri, Milli Məclisin deputatı Əli Hüseynli çıxış edərək tədbirin hakimlərimizin beynəlxalq konvensiyanı öyrənməsi, tədrisdə iştirak etməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətindən danışaraq bildirmişdir ki, ölkəmizin inkişafı məhkəmə-hüquq islahatlarını zəruri edir. Eyni zamanda, Azərbaycan Avropa məkanındadır, buna görə də hakimlərimizin müvafiq konvensiyaları bilməsi, maariflənməsi vacibdir. Bu istiqamətdə ölkəmizə beynəlxalq təşkilatlar dəstək verir. Azərbaycanın regionlarında çalışan hakimlərimizin tədbirdə iştirak etməsi, ədəbiyyatla tanış olması üçünbu bir imkandır.

Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov qeyd etmişdir ki, Azərbaycan məhkəmə-hüquq sahəsində ciddi infrastruktur və nəzəri islahatlar aparılmışdır. Vətəndaşların şikayətlərinin baxılması prosesi, o cümlədən hakimlərin şəraiti təkmilləşdirilmişdir.

Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov hakimlərin tədrisinin stimullaşdırılması məsələləri barədə danışmışdır.

Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi  Florian Pötter vurğulamışdır ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri həyata keçirmək istiqamətində mühüm addımlar atmışdır.

Xariciyerli ekspertlər isə diqqətə çatdırmışlar ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində Qərb dəyərləri ilə bağlı tədbirlərin sürətləndirilməsi ölkəmizdə insan hüquqlarının azad və təhlükəsiz müdafiəsinə şərait yaradır.

Sessiyalarla davam edən yay məktəbində azadlıq və toxunulmazlıq hüququ, azadlıq və toxunulmazlığın ümumi prinsipləri, məhdudlaşdırmanın prinsipləri, məhkum etmə barədə təxirə salınmadan məlumat vermək vəzifəsi, həbs qətimkan tədbiri və prosessual təminatlar, təqsirsizlik prezumpsiyası, həbsin əsasları və digər mövzularda müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 3.