Milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri

 

Azərbaycan 2020: təklif edirəm

 

Keçid dövrü kimi səciyyələnən ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini geridə qoyan müstəqil Azərbaycanın regionun ən aparıcı dövlətinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

2003-cü ildən ölkəyə inamla rəhbərik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.

2009-cu ildə iqtisadi sahədə keçid dövrünü geridə qoymuş Azərbaycanda son 3 ildə milli ideya səviyyəsində nəzərdən keçirilən strateji məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Dövlət başçısı hökumətin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artırılmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölklələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi seçmişdir.

Cəmiyyət qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli sərəncamı da bunun bariz nümunəsidir. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını hazırlamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Cəmi bir neçə il əvvəl Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyi cəmiyyətdə müəyyən tərəddüdlü yanaşmalara yol açırdısa, hazırda bu məqsəd getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 8-9 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə iddia etmək olar. Respublikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri ardıcıl və sistemli surətdə həyata keçirməyə imkan verir. Bəzi paralellər aparmaqla respublikanın son 10 ildəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə çatışmazlığı üzündən həll edə bilməyən Azərbaycan hazırda regionun ən böyük investor dövlətinə çevrilmişdir. Ötən 9 ildə büdcə gəlirləri 14 dəfə artmış, 1,2 milyard manatdan 20 milyard manata yüksəlmişdir. 2011-ci ildə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Respublikamızın büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20 faizdən artıq təşkil etməsi də diqqətəlayiq faktlardan biri kimi vurğulanmalıdır.

Ümumilikdə, Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının hazırlanması ilə bağlı sərəncam deməyə əsas verir ki, dövlət başçısı respublikanın gələcək inkişaf perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması prosesində müvafiq dövlət orqanları, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, elmi təşkilatların və yüksəkixtisaslı mütəxəssislərin də cəlb olunması sənədin dərin elmi əsaslara söykənəcəyinə dəlalət edir.

Xüsusi vurğulamaq istərdik ki, ayrı-ayrı milli dövlətlərin nümunəsində inkişaf konsepsiyalarının hazırlanma və reallaşdırılma səviyyəsi, forması fərqli olmuşdur. Bununla belə, əsas məsələ inkişaf konsepsiyasının hazırlanmasında cəmiyyətin ən mühüm institutlarının əlaqəli fəaliyyətinin təmin olunmasıdır. Konkret olaraq ABŞ nümunəsi əsasında demək mümkündür ki, Prezident Kennedinin hakimiyyəti dövründə bu dövlətin inkişaf strategiyası hazırlanarkən hökumətin, ayrı-ayrı məmurların, elm-təhsil ocaqlarının, beyin mərkəzlərinin və ictimai institutların birgə, əlaqəli əməyindən istifadə edilmişdir. Məhz bu amil hər bir ölkədə inkişaf strategiyasının uğurunu təmin edən ən vacib şərtdir.

Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək İnkişaf Konsepsiyasının hazırlanması prosesi cəmiyyətin intellektual kəsiminin, ilk növbədə, elmi elitanın üzərinə böyük mənəvi öhdəlik qoyur. Bu mərhələdə elmi əsaslarla irəli sürülən hər bir səmərəli təklif və təşəbbüs sənədin daha mükəmməl hazırlanması baxımından son dərəcə zəruridir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, Azərbaycanın gələcək inkişafında aşağıdakı iqtisadi amillərin ciddiliklə nəzərə alınması vacibdir:

 

1. iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;

2. iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;

3. mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;

4. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;

5. sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;

6. Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması.

 

Qeyd olunan istiqamətlər Azərbaycanın modernləşmə kimi qəbul etdiyi kursun reallaşdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Modernləşmənin son illər Azərbaycanda milli ideya səviyyəsinə yüksəlmiş məqsədə çevrilməsi təsadüfi deyildir: bu istiqamətdə islahatların aparılmasını, ilk növbədə, respublikanın uzun illər ərzində formalaşmaqda olan milli inkişaf modeli diktə edir. Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu modelin əsasını, ilk növbədə, sosialyönümlülük təşkil edir. Başqa sözlə, sərbəst bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün insan amilinin tərəqqi və yüksəlişinə xidmət edən islahatlar da prioritet məsələdir. Həyata keçirilən iqtisadi, siyasi, hüquqi islahatlar da özlüyündə "insan inkişafı indeksi"nin yüksəlməsinə xidmət edir. Modernləşmə prosesini sürətləndirən bu islahatların son məqsədi həm də Azərbaycan insanı üçün layiqli həyat tərzinin təmin edilməsidir. Bu mənada, respublikamızda həyata keçirilən modernləşmə strategiyasının əsas hədəflərindən birinin də məhz "hər kəs üçün yüksək sosial rifah" olduğunu əminliklə söyləmək mümkündür.

Ümumiyyətlə, təcrübə göstərir ki, sosial rifaha xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Ötən 9 ildə Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev də məhz bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirir. Aparılan siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır. Dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət edir.

Hesab edirik ki, Azərbaycanın gələcək inkişaf strategiyasında iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində indiyədək həyata keçirilmiş tədbirlərin genişləndirilməsi məsələləri ətraflı şəkildə əksini tapmalıdır. Əslində, Azərbaycanın milli inkişaf modelini xarakterizə edən vacib xüsusiyyətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, xüsusən, regional inkişaf və sahibkarlığın yüksəlişi məsələlərinə xüsusi diqqətin yetirilməsidir. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı baxımından qeyri-neft sektorunun xüsusi əhəmiyyət kəsb edən sahələrinin yaradılması prosesi son illərdə daha ciddi miqyas almışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində regionlarda infrastruktur müasir tələblər səviyyəsində yenidən qurulmuş, müxtəlif istehsal sahələri yaradılmış, sahibkarlığa qayğı gücləndirilmişdir. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə regionların növbəti mərhələdə inkişafına yeni imkanlar açmışdır.

Ümumiyyətlə, cənab İlham Əliyev respublika iqtisadiyyatının hərtərəfli inkişafı üçün regionlarda məhsuldar qüvvələrin yerli imkanlar əsasında güclü artımına xüsusi əhəmiyyət verir. Dövlət başçısının tapşırığı əsasında 2014-2018-ci illəri əhatə edən yeni regional inkişaf proqramı hazırlanır. Düşünürük ki, proqram gələcək inkişaf konsepsiyasının prioritet kimi önə çəkdiyi tədbirləri kompleks şəkildə özündə əks etdirməlidir.

Son illərdə qlobal böhranın mənfi təsirləri nəticəsində Azərbaycanda ümumi daxili məhsul istehsalında nisbətən azalma baş vermişdir. Hökumət 2012-ci ildə ölkədə ümumi iqtisadi artımı 5,7% proqnozlaşdırır. Ümumi daxili məhsulun artımında zaman keçdikcə müəyyən azalmanın baş verməsi təbiidir. Bu, bir sıra obyektiv səbəblərlə yanaşı, həm də neft hasilatının nisbətən aşağı düşməsi ilə də bağlıdır. Lakin əhali sayının artımı dinamikasını nəzərə alsaq, Azərbaycanda ümumi daxili məhsulun artımı hər il ən azı 4 faiz təşkil etməlidir. Əks halda, iqtisadiyyatda staqnasiya prosesi baş verə bilər. Gələcəkdə belə neqativ prosesin baş verməməsi üçün hökumət düzgün olaraq son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirir. Qeyri-neft sektorundan büdcəyə daxilolmaların artırılması istiqamətində tədbirlər görülür. 2012-ci ilin ilk rübündə qeyri-neft sektorunda 7,7 faizlik artımın baş verməsi bu mənada ümidverici göstəricidir. Dünyanın müxtəlif reytinq agentlikləri də bunu müsbət dəyərləndirirlər. 2012-ci ilin ötən dövründə "Standart ənd purs", "Mudz", "Fiç reytinqs" kimi nüfuzlu agentliklər Azərbaycanın uzunmüddətli xarici valyutada kredit reytinqini yüksəltmişlər.

Azərbaycan postsovet məkanında Estoniyadan sonra ikinci ölkədir ki, ümumi daxili məhsulun adambaşına düşən həcminə görə ilk əlliliyə daxil ola bilər. Respublikamızın insan inkişafı indeksinə görə də bu nəticəni təkrarlamaq şansı var. Həmin məqsədlərə nail olmaq üçün ümumi daxili məhsulun illik 8-10 faizlik artımını təmin etməliyik. Bunun üçün investisiyanın ümumi daxili məhsuldakı nisbətinin 40 faizdən çox olması da tələb olunur. Söhbət investisiyalardan səmərəli istifadə yolu ilə qeyri-neft sektorunun inkişafının stimullaşdırılması tədbirlərinin genişləndirilməsindən gedir. İnanırıq ki, 2020-ci ilədək dövrü əhatə edən İnkişaf Konsepsiyası bu sahədə geniş imkanlar açacaqdır.

Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sektorun dinamik inkişafından asılıdır. Son illərdə çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilən islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsi kimi hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə yüksəlmişdir.

Aqrar sahə sovetlər birliyi dövründə olduğu kimi, bu gün də respublika iqtisadiyyatının prioritet inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsulunun təxminən 8,3 faizi kənd təsərrüfatının payına düşür. İqtisadi fəal 3,8 milyon əhalinin 1,5 milyonundan çoxu, yaxud 39 faizi aqrar sahədə çalışır. Əhalinin təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından, qeyri-neft sektorunda bu sahə xüsusi yer tutur. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir. Bütün bunlar aqrar elmin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsini, aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir sözlə, innovasion inkişafın təmin edilməsi vacibliyini ön plana çıxarır.

Hazırda aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Ümumiyyətlə, aqrar sahənin spesifikliyi onunla şərtlənir ki, burada bəzən səmərəsi özünü uzun illər sonra göstərən təcrübi tədqiqatları da maliyyələşdirmək zərurəti yaranır. Yəni, elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən uzun müddət sonrakı iqtisadi inkişaf üçün zəruri olan elmi-innovativ yenilikləri stimullaşdırır. Azərbaycana gəlincə, aqrar sahədə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin dövrün tələblərinə cavab verməməsi hazırda hökumət səviyyəsində də etiraf olunur.

Təcrübə göstərir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir. Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi isə hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbedici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-məişət problemlərinin həllinə ehtiyac duyulur.

Düşünürük ki, uzunmüddətli perspektivdə Azərbaycanın dinamik inkişafının təmini üçün turizmin inkişafı da diqqət mərkəzində saxlanılmalıdır. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı tədbirləri çərçivəsində həyata keçirilən davamlı tədbirlər son illərdə Azərbaycanın turizm potensialının da əhəmiyyətli dərəcədə güclənməsinə təkan vermişdir. Turizmin davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında və vergi daxilolmalarının həcminin artımında mühüm rolu nəzərə alınmaqla, bu sektorda zəruri infrastrukturun formalaşdırılması diqqət mərkəzində saxlanılır. Turizm müasir dünyada iqtisadi baxımdan ən gəlirli və sürətlə inkişaf edən biznes sahələrindən biridir. Ümumdünya Turizm Təşkilatının (ÜTT) hesabatına əsasən, 2011-ci ildə dünya ölkələrinin turizmdən əldə etdiyi gəlirlər 922 milyard ABŞ dolları təşkil etmişdir. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi birbaşa turizm sektorunda və onunla bağlı xidmət sahələrində çalışır. Təşkilatın ekspertləri hesab edirlər ki, xüsusən də, inkişaf etməkdə olan ölkələrin sürətli iqtisadi artım tempi nəticəsində dünyada turizm də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təşkilat Azərbaycanın da yerləşdiyi coğrafi turizm məkanı üzrə bu il artımın 4-6 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Turizmi inkişaf etdirmək üçün Azərbaycan ərazisində məktəblərdə və ali təhsil müəssisələrində tədris kursları və informasiya mərkəzlərinin yaradılması da vacibdir; YUNESKO-nun Dünya irsi siyahısına daxil olan və daxil edilməli olan abidələrin siyahılaşdırılması və bərpası işlərinə cəlb ediləcək könüllü tələbə dəstələrinin yaradılması kimi tədbirlərin həyata keçirilməsinin də faydalı olacağını düşünürük. Yüksək səviyyəli kadrların hazırlanması məsələsi bir sıra vacib amillərin yerinə yetirilməsi ilə bağlıdır. Əvvəlcə Azərbaycanda turizmin bir elm və təhsil sahəsi kimi qəbul edilməsi və bu istiqamətdə kadr hazırlığının müxtəlif sahələr üzrə həyata keçirilməsi əsas amillərdəndir. Məsələn, menecment, marketinq, mehmanxana, restoran təsərrüfatlarının idarə edilməsi və s. turizm sahəsinin ixtisasları kimi nəzərə alınmalıdır.

Turizm təhsili ilə məşğul olan universitetlərdə elmi-tədqiqat bölməsinin yaradılması və maliyyələşdirilməsi, bu bölmədə dövlət strategiyasının və siyasətinin, turizm rekreasiya sahəsində regional proqramların inkişafının əsaslandırılması üzrə elmi tədqiqatların işlənməsi, turizmin ölkə iqtisadiyyatına təsirini nəzərə alaraq problemlərinin öyrənilməsi və s. araşdırılması məqsədəuyğun olardı. Hazırda turizm sahəsində çalışan və baza təhsil ixtisasları iqtisadiyyatın müxtəlif sahələri olan mütəxəssislər üçün ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili də turizm təhsili proqramının tərkib hissələrindən biri olmalıdır.

Hesab edirik ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanarkən elmin müasir inkişaf istiqamətlərinin nəzərə alınması son dərəcə vacibdir. Dünya təcrübəsinə diqqət yetirdikdə, bu sahələrin nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti bir daha təsdiqlənir. Bu baxımdan Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, "nau-hau" texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilir. Bu xüsusda kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə göstərilən qayğının artması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Başqa sözlə, sabah dövlət idarəetməsində bu və digər formada iştirak edən peşəkar kadrlar, mütəxəssislər bu gün məhz universitet auditoriyalarında yetişir.

Bu baxımdan gələcəkdə nanotexnologiyaların inkişafına da xüsusi diqqət yetirilməlidir. Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda iqtisad elminin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur. Modernləşmə prosesi fonunda iqtisadçı alimlərimiz öz tədqiqatlarını gələcəyə yönəlik əməli işlər və araşdırmalar üzərində qurmalıdırlar. Gələcəyə yönəlik elmi işlər üzərində çalışmaq, məsələn, nanotexnologiyalarla bağlı araşdırma aparmaq son dərəcə zəruridir. Elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması da olduqca böyük əhəmiyyət kəsb edir. İdarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasının formalaşdırılmasında, gələcəklə bağlı iqtisadi proqnozların verilməsində, milli inkişaf modelinin əsaslandırılmasında alimlərin təşəbbüskarlığına və fəallığına ehtiyac var.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycan hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş İttifaq dövründə olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Dövlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamıdır və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirilməsinə etibarlı təminat mexanizmləri yarada bilər.

Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi; özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

Hökumət son illərdə sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Sənayeləşmənin iqtisadi təməlləri, ilk növbədə, Azərbaycanda güclü sənaye potensialının inkişafına stimul verən zəngin xammal bazasının mövcud olması və nəhəng sənaye kompleksləri infrastrukturları ilə bağlıdır. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq, bölgələrdəki xammal infrastrukturunda başlıca rol oynayan Daşkəsən, Gədəbəy, Naxçıvan, Mingəçevirin sənaye marşrutunun bazası olması danılmazdır. Bu çoxşəbəkəli marşrutların postsənayeləşmənin vahid kompleksinə çevrilməsi Azərbaycanın iqtisadiyyatında yeni mənzərənin yaranması deməkdir.

Sənayeləşmənin strukturca yeni dövrün tələblərinə uyğun formalaşması iqtisadiyyatın gələcək maliyyə təminatında xüsusi rol oynaya bilər. Milli gəlirlərin strukturunda sənaye məhsulunun həcminin artması postsənaye erasının keyfiyyət baxımından yeniləşdiyini göstərir. Məlumat üçün bildirək ki, 2012-ci ilin ilk rübündə qeyri-neft qaz sənayesində artım 16,3 faiz təşkil etmişdir və bu, müstəqillik dövrü üçün rekord göstəricidir.

Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını aydın görmək mümkündür. Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə davam gətirir.

Respublikamızın zəngin təbii ehtiyatlara malik olması da sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də, Gəncə şəhərində və bura yaxın zonalarda xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli imkanlar açmışdır. Gəncədə polad kompleksinin və "Det-al" alüminium zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycanın sənaye potensialının "onurğa sütunu" olan "Azərikimya" şirkətinin tərkibində olan sənaye müəssisələrinin də yenidən qurulması hökumətin diqqət mərkəzindədir. Bu struktura daxil olan kimya müəssisələrinin perspektiv inkişafı ilə əlaqədar yeni proqram hazırlanmışdır. Bu sənədin əsas istiqamətləri "Azərikimya" kompleksinin yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisindən və yenidən qurulmasından ibarətdir. Hökumətin bu planı həm də Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması ilə paralel həyata keçirilir. Sumqayıtın mövcud infrastrukturunun bərpa olunması, eyni zamanda, yeni müəssisələrin yaradılması XXI əsrin ikinci onilliyi üçün əsas hədəflər olacaqdır.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixdə imzaladığı "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" fərmanı da bu və digər məqsədlərin gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Preamblua hissəsində göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılmalıdır.

Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və  sənaye qazları istehsalı, eləcə də alüminium, kondensator, MDF, "Müasir tikinti materialları", qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, "Qaradağ Sement" zavodunun yenidən qurulması və 2 yeni sement, bərk məişət tullantılarının yandırılması, gəmiqayırma, Günəş panelləri, "Xovlu iplik", gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hazırlanacaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikanın yaxın gələcək üçün inkişaf perspektivlərinin, habelə qarşıya qoyulmuş bu və digər məqsədlərin mükəmməl icra mexanizmlərinin dərin elmi əsaslarla müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümidvariq ki, sözügedən konsepsiyada dayanıqlı milli inkişafın təmini, ölkənin istehsal potensialının gücləndirilməsi, daxili bazarın idxaldan asılılığın aradan qaldırılması baxımından sənaye müəssisələrinin canlandırılması məsələsi də xüsusi əksini tapacaqdır. Xüsusən də, Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcəkdir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 4.