Uşaq İnkişaf
və Məktəbəqədər Hazırlıq Mərkəzi
açılıb
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin "Mövcud məktəbəhazırlıq proqramlarının keyfiyyətinin artırılması və yeni məktəbəhazırlıq imkanlarının yaradılması yolu ilə azyaşlı uşaqları olan ailələrə dəstək" layihəsi əsasında Şəmkir rayonunun Dəllər Cəyir kəndində Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi açılmışdır. Bu layihə məktəbəqədər təhsilə xidmət sahəsində Azərbaycanda bələdiyyə nəzdində fəaliyyət göstərən ilk və yeganə layihədir. Zəruri avadanlıqlarla təmin olunmuş mərkəzdə 300-ə qədər 5-6 yaşlı uşağa pullu xidmət göstərilməsi nəzərdə tutulub.
Kənd sakinlərinin, valideynlərin, müəllimlərin, tərbiyəçilərin, icma və bələdiyyə nümayəndələrinin iştirak etdiyi tədbirdə Dəllər Cəyir kənd icma qrupu idarə heyətinin sədri Namiq Məmmədov, rayon icra hakimiyyəti iqtisadiyyat şöbəsinin müdiri Sabir Quliyev, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, şəhər icra hakimiyyətinin nümayəndəsi Çingiz Həsənov, BP-nin nümayəndəsi Vüqar Ərəbov, 14 saylı ərazi vergilər idarəsinin rəisi Fəxrəddin Əliyev, Dəllər Cəyir kənd bələdiyyəsinin sədri Şaban Həsənov, layihənin əlaqələndiricisi Pərvin Qəhrəmanova və digərləri çıxış edərək bildirmişlər ki, son illər rayonda məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir. Rayonun Qapanlı kəndində 480 şagird yerlik orta məktəb binası istifadəyə verilmiş, bir neçə təhsil ocağında əlavə korpuslar, sinif otaqları tikilmişdir. Hazırda Abbaslı və Seyidlər kəndlərində müasir tipli məktəb binaları inşa olunur, Düyərli kəndində 2 nömrəli orta məktəbdə 480 yerlik yeni korpus tikilir. Sabirkənd kəndində 960, Seyfəli kəndində isə 360 yerlik binaların inşası davam etdirilir.
Ümumiyyətlə, son bir neçə ildə 19 məktəb
binasının 6-sı Heydər Əliyev Fondunun
vəsaiti hesabına inşa olunmuşdur. Hazırda
Bakı-Oksford məktəbi üçün
yataqxana binası və müasir
tələblərə cavab verən uşaq bağçası inşa
edilir. Çıxış edənlər
ölkə Prezidenti İlham
Əliyevə və Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya
ölkədə təhsilə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə
görə göstərdikləri böyük
diqqət və qayğıya görə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.- 2012.- 24 iyun.- S. 5.