Mənəviyyat kitabı haqqında kitab

 

Dünya nə qədər dəyişirsə dəyişsin, milli əxlaq onun qədər tez dəyişmir. Əxlaq insanın canında, qanında olur, onun şüuruna, təfəkkürünə hopur. Buna görə də əxlaqın dəyişməsi üçün ictimai şüurun dəyişməsi lazımdır. İctimai şüur isə özündə milli dəyərləri əks etdirdiyinə görə hər cür dəyişməni qəbul etmir. Çünki min illər boyu əcdadlarımızın gör-götürü ilə böyüdüyümüz halda dünyanın tanımadığımız, bilmədiyimiz əxlaq və davranışlarını niyə götürməliyik ki?  Demokratiyaya şəxsiyyət azadlığı altında "kim kimə" prinsipilə davranan ölkələrin əxlaqı da, mənəviyyatı da bizə lazım deyil! Bir halda ki, hələ canımızda əcdadlarımızın kişi qeyrəti, qadın namusu, ana sevgisi, ata hörməti, insan və insanlıq sevgisi var, milli kimliyimizin sənədi olan əxlaqımızı, mənəviyyatımızı daşımaqdan qürur duymalıyıq.

Elə ölkəmizdə geniş miqyasda milli dəyərləri təbliğ edən müxtəlif tədbirlərin həyata keçirilməsi də bizim hamımızın - ən əsası, balalarımızın  faydasınadır. Xalqımızın mənəvi keyfiyyətlərini öz şəxsiyyətində daşıyan ulu öndər Heydər Əliyevin siyasi konsepsiyasına uyğun olaraq ölkəmizdə milli dəyərlərin təbliği və tərbiyəsi istiqamətində mühüm işlər görülür. Ulu öndərin həyata keçirdiyi milli dəyərlərə dayanıqlı işlərin davamı olaraq Prezident İlham Əliyev tərəfindən Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin, eləcə də digər dəyərli kitabçap materiallarının latın qrafikasında çap olunması  xüsusilə, diqqətəlayiqdir. Hər gələn yeni nəsil özündə dəyərli bilikləri hifz edən bu mənbələrdən istifadə imkanları qazanacaqdır. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi və uğurlu inkişaf yolu keçən bölgələrindən  olan Naxçıvan Muxtar Respublikasında da çox mühüm tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi qayğısı və təşəbbüskarlığı ilə Naxçıvanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, bio ehtiyatlarına, incəsənətinə və digər sahələrinə aid olduqca qiymətli sanballı elmi və kütləvi nəşrlərin buraxılması təşkil olunmuşdur. Bu yaxınlarda işıq üzü görən "Məsnəvi" kitabı da belə əhəmiyyətli nəşrlərdən biridir.

Ümumiyyətlə, Şərq fəlsəfi fikri, islam əxlaqı və türk elmini ifadə baxımdan türklərin çox böyük uğuru var. Dünya Nizami Gəncəvini böyük heyrətlə oxuduğu kimi, Mövlananı da həmin məhəbbətlə oxuyur. Mövlananın yaradıcılığındakı əxlaqi düşüncə tərzi, mənəviyyat və dünyagörüşü, insani münasibətlər haqqında söylədikləri öz dəyəri və əhəmiyyəti ilə bütün dünyanın sevgisini qazanıb. Bildiyimizə görə də Mövlanaonun "Məsnəvi"si dünyada ən çox oxunan kitablardan biri kimi də əhəmiyyətlidir. Məhz milli düşüncəmizə və dəyərlərimizə böyük sədaqət nümunəsi olaraq Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"si  Naxçıvanda "Əcəmi" nəşriyyat-poliqrafiya birliyi tərəfindən çap edilmişdir. Türkcədə prof.dr. Adnan Qaraismayıloğlunun hazırladığı bu kitabı Azərbaycan dilinə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev uyğunlaşdırıb. Kitabın redaktoru AMEA-nın həqiqi üzvü İsa Həbibbəylidir.  504 səhifə həcmində olan birinci kitaba əsərin I və II dəftərləri daxil edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Çünki Mövlanayaonun "Məsnəvi"sinə maraq duymayan adam yoxdur. Mövlana yaradıcılığındakı hikmət, müdriklik və əxlaq təntənəsi bizim hər birimizə lazımdır. "Məsnəvi"də məhz mənəviyyat sahiblərinin ixtiyarına verilən bir qiymətli xəzinədir. Kitabın təqdimatında yazıldığı kimi: "Yeddi gizli mənaya sahib olan "Qurani-Kərim"in bir təsiri olan və birləşdirici bir üst dillə yazılan, içində həm müdriklər, həm də xalq üçün qidalar olan "Məsnəvi"nin daha çox fayda əldə etmək məqsədi ilə indiyə qədər müxtəlif dillərə tərcümə və şərhləri həyata keçirilən bu kitab indi böyük zəhmətin və qayğının nəticəsi olaraq biz azərbaycanlı oxucular üçün gəlib. "Hər kim olursan ol, gəl" deyən, yolları açan Mövlananın sözlərilə desək, bu kitab da elə hər kim olursa-olsun, mənəvi qida almaq istəyənlər üçündür.

 

 

Zülfiyyə İSMAYIL,

filologiya üzrə fəlsəfə doktoru,

 

Ramiz QASIMOV,

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Naxçıvan Bölməsinin

böyük elmi işçiləri

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 6.