Rənglərin də səsi var...
Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir. Foto (şəkil) sənəti meydana gəlməmişdən rəssamlıq artıq məişətdən cəmiyyətə keçərək insanların xarakterini, təbiətin füsunkarlığını əks etdirirdi. Maraqlıdır ki, rəssamlığın meydana gəlməsinin ilkin dövrlərində bu sənətə göstərilən "münasibət", az qala, onun ömrünü qısaltmağa, yəni, sıradan çıxarmağa yönəlmişdi. Lakin rəssamlıq da incəsənətin digər növləri kimi, daha geniş auditoriyanın marağını özünə çəkir və məkanını genişləndirirdi. Klassik sənət cərəyanının intibah dövründən başlayaraq bu günə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi də onun uzunömürlülüyünə xidmət edir. Lenardo Da Vinçi, Mikelancelo, Botçelli, Rembrandt, Buonorotti, Rubens və s. kimi klassiklərin yaratdığı sənət nümunələri təkcə təmsil etdikləri xalqın deyil, dünya mədəniyyətinin nadir inciləri hesab edilir.
Azərbaycan rəssamlıq məktəbinin klassiklərinin də bu sənətin zirvəsini kəhkəşana döndərmələri barədə çoxsaylı dəyərli fikirlər var. Dünya incəsənətinə töhfələr vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseyn Əliyev və s. kimi klassiklərin yaratdıqları məktəb bu gün də layiqli davamçılarını hazırlayır. Belə davamçılardan biri də peşəkar rəssam ailəsində dünyaya göz açmış, sənət üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Rəşad Mehdiyevdir.
Rəssamın emalatxanasında, sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss edirsən. Burada duyğuların hələ açılmamış sirləri də var, dərin məna və məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglər burada gah kələf kimi dolaşır, gah da qaynayıb-qarışaraq politrada min çalarlı əlvan bir dünya yaradır. Yarımçıq tablolar çox deyil. Rəssam-müəllim təmkin və özünəməxsus ifadə forması ilə onları "saf-çürük" edir: "Yarımçıq papaqçı olmaqdansa, kamil palançı olmağın mahiyyətini peyğəmbər nidalı Nizami Gəncəvi deyib. Ona görə də yarımçıq iş olmamalıdır. Oldumu, demək, onun məzmunu dəyişməlidir".
Rəşad Mehdiyev sənət aləmində imzasını təsdiqləyən sənətkardır, amma təvazökarlıqdan, hələ bu yolun başlanğıcında olduğunu deyir: "Digər sənətlərdən fərqli olaraq, rəssamlıq dərya kimidir, dərinliklərə baş vurduqca axtardığın inciləri tapırsan. Lakin inanmıram hansısa müəllif desin ki, o, istədiyi obrazı yaradıb. Əgər doğrudan da, sənətkar arzuladığı obrazı yaradıbsa, demək, artıq o, tükənib. Bundan sonra onun sənətdə hansısa uğur qazanması mümkün deyil".
Sənəti ilə dünyanı dolaşan rəssamlardan biri kimi tanınan Rəşad Mehdiyev əlinə fırça alıb ilk rəsmi çəkəndə orta məktəbin 6-7-ci siniflərində oxuyurdu. Atası, xalq rəssamı Rafiq Mehdiyevin onun bu sənətə gəlişində böyük rolu olub. Bəzi sənətkarlardan fərqli olaraq, Rəşad müəllim bunu səmimi etiraf edir: "Mənim rəssam və ən əsası, bir insan kimi yetişməyimdə atamın rolu böyük olub. O, mənə viziual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorları və təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri daim xatırlayıram: "Sənət çox zərifdir, çalışmasan, yaratmasan, o, səni bağışlamayacaq. Ona görə də, çalışmışam ki, hər eskizin bədii sənət əsərinə çevrilməsində həmin faktordan bəhrələnim".
Əsərlərinin əsasən abstrakt xarakterli olması onu digər həmkarlarından fərqləndirir. Deyir ki, abstrakt bir cərəyandır. Avropa bunu belə adlandırır. Modernizmin bir forması kimi qeyri-adi düşüncədən yaranır. Bu təfəkkür özündə digərini yaradır: mövzu mövzunu gətirir. Onların hər biri ayrı-ayrılıqda müstəqil mövzu olsalar da, birləşdirildikdə yeni və bir qədər də dərin məzmunlu, əlavə müasir əsər meydana gəlir. Bu gün Avropa məhz bu izmə daha çox üstünlük verir.
Ötən əsrin 90-cı illərində respublikada ilk müstəqil dərgilərin qaranquşuna çevrilən "Gənclik" jurnalının üz qabığında verilmiş əsəri Rəşad Mehdiyevi oxuculara sevdirdi. Təmtəraqdan, reklamdan tamamilə uzaq, sakit bir guşədə - rənglər dünyasında olmaqdan daha çox zövq alan və rahatlıq tapan rəssam emalatxanada uzun müddət işləməyin çətinliyini və təbiətlə təmasın ona verdiyini də dilə gətirir: "Yaradıcı insanların təbiəti sevmələri və daha çox gözəl, gözoxşayan mənzərələri vəsf etməsi təsadüfi deyil. Emalatxanada uzun müddət işləmək olmur. Təbiət özü yaradıcılıq üçün geniş məkandır. Mövzu üçün isə məkan əsas şərtdir. Biri var, dörd divar arasında duyğularının dara çəkilmiş hisslərini kətana köçürəsən, biri də var ki, fiziki həyatdan sənə mövzu gəlsin".
Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna qəbul olmaq istəyəndə gənc Rəşad artıq bu sahənin bir çox peşəkarlarını tanıyırdı. Rəssam ailəsində böyüməsi də onun rənglər dünyasına vurğunluğunu artırırdı. Texnikumu bitirdikdən sonra o, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmək qərarına gəlir. Rəssamlığın daha dərin qatlarına baş vurmaq, dünya klassiklərini öyrənmək və bəhrələnmək üçün Rəşad Mehdiyev 1991-ci ildə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinə qəbul olub.
Rəssamlığın incəliklərinə qədər bələdçilik onu bir çox həmkarlarından fərqləndirdi. O, bir-birinin ardınca bir sıra beynəlxalq sərgilərin iştirakçısı oldu və laureatına çevrildi. 1996-cı ildən Rəssamlıq Akademiyasının baş müəllimi kimi bu sənətin incəliklərini tələbələri ilə bölüşür. Əsərləri Amerika, Asiya və Avropanın bir sıra nüfuzlu ölkələrinin şəxsi kolleksiyalarında saxlanır. Onu da xüsusi qeyd etməliyik ki, Rəşad Mehdiyev yeganə azərbaycanlı rəssamdır ki, 2006-cı ildə BMT-nin Avropa ofisində (Vyanada) fərdi sərgisi keçirilib. O, həmin tədbiri daim xoş əhval-ruhiyyə ilə xatırlayır, çünki Vətəni layiqincə təmsil etməkdən böyük qürur və şərəf duyur: "Bu sərgini Azərbaycanın Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil etmişdi. Sərginin böyük maraq doğurmasına gəlincə, görünür, avropalılara təqdim olunan əsərlərin müəllifinin azərbaycanlı olması idi".
Rəssamın dəyərli əsərlərindən biri də "Çanaqqalanın göz yaşları"dır ki, 2002-ci ildə Türkiyənin Çanaqqala şəhərində TÜRKSOY beynəlxaq təşkilatının keçirdiyi müsabiqənin laureatı adını qazanıb.
Əsərləri dünyanı dolaşan (Amerika, Avropa və Asiyanın bir sıra mədəniyyət mərkəzlərində açılan sərgilərdə onun da əl işləri özünə çoxsaylı pərəstişkar toplayıb) Rəşad Mehdiyev öz fərdi yaradıcılığından söz açmaqdan çox rəssamlığın böyük sənət məktəbi olmasını və hansı cərəyanın onun fəaliyyətinə müsbət təsiri barədə təfsilatı ilə danışmaqdan sanki zövq alır: "Rəssamlar, ümumiyyətlə, bu barədə danışmağı sevmirlər, amma deməliyəm ki, cərəyan başlanğıcı üç faktordan ibarət fəlsəfi düşüncədir. O, bir düşüncə olmaqla, söz duyumu təhlilinin viziual görüntüsünü yaradır və öz təsəvvüründə canlandırdığını kətana köçürür. Rəssam viziual aləmi necə, hansı rakursda görürsə, əsərlərini də məhz bu tonallığa kökləyir. Əlbəttə, burada peşəkarlıqla estetik çərçivə unudulmamalıdır. Bir rəssam olaraq yaradıcılığımdakı cərəyan xətti daxili aləmim və məqsədimdir. Öz düşüncə tərzini, daxili aləmini öyrənib təhlil etmək sənin yaradıcılığını istənilən cərəyana istiqamətləndirə bilər. Çünki hər insanın viziual görünüşü onun daxili aləminin güzgüsü hesab olunur".
Hər hansı əsərin yaranmasında ilham qaynağı vacib amil hesab olunur. Həmsöhbətimiz deyir ki, rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Lakin işləmə texnikası da şərt kimi qəbul edilir. Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər. Bu, baxır onun sənətə vurğunluq dərəcəsinə.
Mövzu müəllifi özü tapmalıdır: "Rəssam ətraf mühitə nəzər yetirməklə hər hansı mövzunu əldə edə bilər. Lakin mövzunun inkişafı bir çox amillərlə bağlıdır ki, onlardan birincisi bilikdir. Şübhəsiz ki, rəssamlıq texnologiyasının da rolu az deyil.
Tez-tez rəssama sual verirlər ki, nədəndir, obrazlarının əksəriyyəti bir-birinə bənzəyir? Cavab birmənalı olur: obrazlar arasındakı bənzərlik, çox güman ki, rəssamın şüuraltı istiqamətinə bağlıdır. Rəssamlar dünyaya öz prizmalarından yanaşırlar. Elə obrazların oxşarlığı da məhz bunun nəticəsidir.
Əsərlərinin içərisində qadın obrazlarının çoxluğunu isə sənətkar başqa bir amillə əsaslandırır. Qadın yaradıcı olduğu üçün bütün digər varlıqlardan öndə və başda dayanır. Ana, qadın bəşəriyyətin yaradıcılıq simvolu olduğundan, ona məhəbbət də tükənməzdir. Ona görə də qadın hər bir əsərin baş qəhrəmanı olmalıdır.
Rəssamların da digər sənət adamları və ya adi insanlar kimi, həyat qayğıları olur. Onların əsərləri digər sənət nümunələrindən fərqli olaraq daha yüksək qiymətə layiq görülür. Zaman keçdikcə bu münasibət bir qədər də dəyişib və onlar xalqın sevimli sənətkarlarına çevriliblər. Rəşad müəllim onu da xüsusi vurğulayır ki, bizdə bir qədər fərqli yanaşmadır: "Rəssamlarımız zəngin potensiala malikdirlər. Üstəlik, dövlət tərəfindən incəsənət xadimləri lazımi şəraitlə təmin olunurlar. Dünyanın heç bir yerində sənət şəhərciyinin tikilməsini, emalatxanaların təmənnasız olaraq rəssamların istifadəsinə verilməsini nə eşitmişik, nə də görmüşük. Ancaq Azərbaycanda bu var. Rəssamlarımız da öz növbəsində Azərbaycan mədəniyyəti və incəsənətini yaradıcılıqları ilə layiqincə zənginləşdirirlər".
Onu da qeyd edək ki, Rəşad Mehdiyevin əsərləri daim yüksək qiymətə layiq görülüb. Bu ilin mart ayının 14-də Bakıda "Qız qalası" rəsm qalereyasında istedadlı alim-rəssamın növbəti sərgisi keçiriləndə də mədəniyyət nazirindən adi tamaşaçıya qədər hər kəs onun qeyri-adi yaradıcılığa malik olduğunu bildirirdilər. Həmin sərgi sanki on-on iki ildən artıq bir dövrün yaradıcılıq hesabatı idi. Məhz həmin tədbirdə qeyd edildi ki,Rəşad Mehdiyevin 1991, 1994, 1996 və 2000-ci illərdə Bakıda, 1995-ci ildə Sankt-Peterburqda, 2002-ci ildə Vyanada 2 dəfə, 2006-cı ildə isə 3 dəfə sərgisi keçirilib.
Rəşad Mehdiyevin əsərlərinə ad qoymağı sevmir. Hər kəs öz duyumu ilə ona müxtəlif adlar verir. Bu isə onu sevindirir: demək, əsər hər kəsə öz duyumunun ölçüsünü göstərir. Onun "Tərəzi", "Dairə", "Sufi", "Leyla", "Vaqif Gərayzadə", "Ağac", "İlanlarla rəqs" adlı əsərləri bir daha təsdiqləyir ki, rəssamın mövzusu ilə adı bir-birini tamamlayır. Simvolluğu daha çox sevib onlardan istifadə edən Rəşad Mehdiyev bunun da rəmzi məna daşıdığının fərqindədir.
"Rəssamlar binası"nın beşinci mərtəbəsində yerləşən emalatxanalarda o gün neçə-neçə əsər üzərində fırçalar sığal çəkdi, rəng rəngə qovuşdu. Rəşad Mehdiyevin emalatxanasında isə o gün təkcə rəssamlığın qeyri-adiliyindən deyil, həmçinin incəsənətin fəlsəfəsindən söz açıldı. Söz sözü çəkdi, göz-gözü. Duyğularını göy qurşağının rəngləri boyamışdı. Bu rənglər dünyasının politrasından həzin muğam, təsnif, eləcə də hər hansı musiqi janrı çərçivəsinə sığmayan melodiya da duymaq olurdu. Demə, rənglərin də öz səsi, öz nəğməsi var...
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 24 iyun.- S. 6.