Yeni yaradılmış Kinematoqrafçılar İttifaqı milli kinonun inkişafına töhfə verəcək

 

 Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur".

Tarixi 1898-ci ildən götürülən Azərbaycan kino sənəti böyük inkişaf yoluna malikdir. Doğrudur, təşəkkülü və inkişafı müəyyən mərhələlərdən keçib, sovet dövrünün ağır rejimini yaşayıb. Amma bütün bununla bərabər, milli kino sənətimiz bir çox görkəmli aktyorların, rejissorların, mədəniyyət xadimlərinin iştirakı və köməyi sayəsində tərəqqi tapıb. Bu səbəbdən də 114 yaşı olan Azərbaycan kinosu şərəfli bir yol keçib. Onun inkişafında və formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Dövlət müstəqilliyimizin bərpasından sonra da bu dahi şəxsiyyət Azərbaycan kinosuna böyük qayğı göstərib. Avqustun 2-nin milli kino günü kimi qeyd edilməsi məhz ulu öndərin xidmətidir. Azərbaycan kinosunun şərəfli tarixi həqiqətən də xalqımızın salnaməsidir. Keçdiyi bu uzun illər boyu kinemotoqrafçılarımız tərəfindən dəyərli əsərlər yaradılıb. Vaxtilə kinomuzun şöhrəti ölkələri dolaşıb. Kino sənətini yaşatmağın vacibliyi daim diqqətdə saxlanılıb.

Əlbəttə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dövrdə ölkədə baş verən xaos, özbaşınalıq milli kinomuzdan da yan keçmədi. Kinostudiyanın sexləri parçalandı, hətta onun ərazisində restoran, kafe, çayxana, xaşxana açanlar da tapıldı. Kinonun əvvəlki şöhrətini qaytarmaqdan ötrü köklü islahatların həyata keçirilməsi vacib idi. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra mədəniyyətin bütün sahələrinə göstərilən diqqət kinomuzu yenidən ayağa qaldırdı. Bir sıra kinoteatrlar əsaslı təmir edildi, kinostudiya dünya standartları səviyyəsində bərpa olundu, onun maddi-texniki bazası gücləndirildi, yeni studiyalar yaradıldı. Dövlət Film Fondunun fəaliyyətə başlaması mədəniyyət aləmində mühüm bir hadisəyə çevrildi. Azərbaycanla bağlı bütün filmlərin bir nüsxəsinin ölkəmizə gətirilməsi, çəkiliş zamanı lentə köçürülmüş, lakin istifadə edilməmiş müxtəlif variantların əldə edilməsi məhz bu fond tərəfindən həyata keçirilib.

1956-cı ildə yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına hər cür diqqət və qayğı göstərilsə də, son illər bu qurumun fəaliyyətsizliyi göz qarşısında idi. Yenidənqurma aparılmır, köhnə təfəkkürlə işləyir, bir sözlə, müasir cavablara tələb vermirdi. Azərbaycan kinosunun bütün istiqamətlərinin inkişaf etdirilməsi mövcud qurumun diqqətindən kənarda qalmışdı. Kinonun taleyinə cavabdeh olanların mürgü döyməsi kinosevərləri, kinematoqrafçıları, rejissorları, aktyorları, bir sözlə, mədəniyyət xadimlərini qane etmirdi. Bu səbəbdən də respublikanın görkəmli sənətkarları təşəbbüs qrupu yaradaraq "Nizami" Kino Mərkəzində öz qurultaylarını keçirdilər. Bu mühüm tədbirə təsis qurultayı  demək daha düzgün olardı. Çünki həmin vaxt yeni Kinemotoqrafçılar İttifaqı təsis edildi.

Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ildə kinonun inkişafı ilə bağlı sərəncam imzalamışdı. 2008-ci ildə isə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" milli kinomuzun hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdı. Bunun nəticəsində istehsal edilən filmlərin sayı artsa da, milli kinomuzun problemləri aradan qaldırılmadı. Bu səbəbdən də kinematoqrafçıların, kino sənətinə bağlı olanların milli kinomuzu canlandırmaq, daha da inkişaf etdirmək naminə bir araya gələrək yeni bir ictimai təşkilatlarını yaratmaları təbii haldır.

Qurultayı giriş sözü ilə təşəbbüs qrupunun rəhbəri, xalq artisti, professor Şəfiqə Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan dövlətinin mədəniyyət sahəsində apardığı siyasətin bütün istiqamətlərdə inkişafı təmin edilir. Ölkəmizdə müasir standartlara cavab verməyən, yüksək səviyyədə təmir olunmamış teatra, muzeyə, kitabxanaya rast gəlmək mümkün deyildir. Hər il yeni-yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə, istedadlı gənclərin üzə çıxmasına zəmin yaradır. Milli kinomuzun müəyyən problemlərinə toxunan məşhur kinoaktrisa Şəfiqə Məmmədova deyib: "Biz təşəbbüs qrupunu ona görə yaratdıq ki, kino sahəsində öz xidmətini göstərməyə borclu olan hazırkı Kinematoqrafçılar İttifaqı cansız bir quruma çevrilmişdir. Bizə isə öz professional məsələlərimizlə və başqa problemlərimizlə bağlı müraciət edə biləcəyimiz, işlək, demokratik ruhlu, dövlət qarşısında məsələ qaldırıb - həllinə nail olmağı bacaran yeni bir qurum lazımdır".

Müzakirələr nəticəsində təşəbbüs qrupunun üzvləri çıxış edərək öz fikirlərini söylədilər. Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" telekanalının rəhbəri, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev dedi: "Bu gün kinomuzun inkişafı istiqamətində aparılan işləri düzgün qiymətləndirməyi bacaran və cəmiyyətimizdə sağlam ictimai mövqeyi formalaşdıran ciddi kino təşkilatına ehtiyac vardır. Əgər belə bir təşkilat yaranarsa, Azərbaycanın nailiyyətlərinə bir qayda olaraq qısqanclıqla yanaşan bəzi bədxahlar dövlətin kino sahəsində həyata keçirdiyi uğurlu siyasətə qərəzli və əsassız şəkildə qara yaxmağa cürət edə bilməzlər". Bizimlə söhbət zamanı Cəmil Quliyev onu da qeyd etdi ki, yeni yaradılmış Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri - milli filmlərin beynəlxalq arenaya çıxarılması, təşkili, simpoziumkonfranslarda nümayişinə, kino infrastrukturunun formalaşdırılmasına yönəlir. Kinonun inkişafı ilə əlaqədar hansı təşəbbüs irəli sürülsə, köhnə qurumda narazılıqla qarşılanıb. Hətta biz Azərbaycan Kinorejissorlar Gildiyasını yaradanda da onlar bunu xoşluqla qarşılamadılar.

Kinorejissor Oqtay Mirqasımov Azərbaycan kinosunun mövcud vəziyyətindən danışaraq bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd etdi: "Kinoda tək adam heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Bu qurumun yaranması çox şey deməkdir. Biz bu illər ərzində çox şeylər itirmişik. Çünki birliyimiz yalnız sözdə olub. Ümid edirəm ki, bundan sonra əməldə də olacaq".

Müzakirə zamanı kinorejissor Vaqif Mustafayev daha kəskin və qətiyyətlə danışaraq bildirdi: "Hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir. Bu qurum keçmiş sovet ənənələri ilə fəaliyyət göstərir, heç bir təşəbbüs və dəyərli təkliflə çıxış etmir. Halbuki milli kinomuzun inkişafı, milli filmlərin təhlili və təbliği, ölkədə işgüzar kino mühiti yaratmaq və digər ümdə məsələlərin həllinə nail olmaq qarşıya əsas vəzifə kimi qoyulmuşudr. Təəssüf ki, ötən müddət ərzində konkret bir görülmədi... Bu gün Azərbaycan kinosunda baş verən proseslər bizi yeni bir qurumda birləşməyə çağırır. İnanıram ki, milli qurum milli kinomuzun inkişafına töhfəsini verəcək, işini müasir tələblər səviyyəsində quracaq".

Qurultayda "Azərbaycanfilm" kinostduiyasının direktoru Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev və başqaları çxış edərək yeni yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqının kino işçilərini bir araya gətirəcək qurum olacağına inandıqlarını bildirdilər. Beləliklə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis edildi. Səsvermə yolu ilə idarə heyətinin üzvləri və katibləri məlum oldu. Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçildi.

Milli kinonun inkişafı naminə yaradılan ən kiçik bir cəmiyyətdən başlanan böyük təşkilata qədər - yəni sənətə xidmət edəcək hər şeyi razılıqla qarşılamaq əvəzinə bəzən ən doğru işə də ağız büzənlər tapılır. İradların da biri ondan ibarətdir ki, eyniadlı təşkilat necə təsis oluna bilər? Biz adada yaşamırıq ki?.. Dünya təcrübəsi təsdiqləyir ki, burada heçqeyri-adi bir yoxdur. Əslində rəqabət olan yerdə inkişafa zəmin yaranır. BirRusiyada, Polşada, Macarıstanda və başqa ölkələrdə eyniadlı cəmiyyətlər, qurumlar, təşkilatlar necə fəaliyyət göstərir? Əgər bir ölkənin sənət adamları - aktyoru, rejissoru, operatoru, rəssamı, bəstəkarı, ssenaristi, kinematoqrafçısı, adi tamaşaçısı bir araya gələrək yeni təşkilatın olmasını təkidlə tələb edirsə və bunu yarada bilirsə, nə gözəl!.. Bizə o qalır ki, milli kinomuzun inkişafı naminə tanınmış mədəniyyət xadimlərinin cəmləndiyi bu ittifaqa uğur və müvəffəqiyyət arzulayaq!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 7.