Qarabağ mövzusunda
rəsm əsərləri Vaşinqtonda
incəsənət əsərlərinin satış sərgisinə
çıxarılmışdır
Vaşinqtonda keçirilən "İncəsənət əsərlərinin satış-sərgisi-2012"də Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" rəsm kolleksiyasından əsərlər satışa çıxarılmışdır.
Əsərlərinin satışından əldə olunacaq gəlirin ABŞ paytaxtında yerləşən "Duke Ellington" adına incəsənət məktəbinə keçiriləcək sərgiyə rəssamın ümumi məbləği 10 min ABŞ dolları dəyərində "Əsgəran Qalası," "Şah bulağı," "Sərsəng su anbarı" və "Cıdır düzü" işləri təqdim olunmuşdur.
"Püxtələşmiş rəssamlardan yeni rəssamlara dəstək" devizi altında keçirilən satış-sərgiyə ümumilikdə Vaşinqton və ətraf ştatlarda yaşayan 30-dan çox tanınmış rəssamın 120 işi təqdim edilmişdir. ABŞ paytaxtının tarixi Corctaun hissəsində yerləşən "Duke Ellington" adına incəsənət məktəbi 1974-cü ildən etibarən belə satışlar vasitəsilə topladığı vəsaitdən qeyri-adi istedada malik tələbələrə maddi yardım göstərir.
Bu xeyirxah aksiyada iştirakını AzərTAc-a şərh edən Yavər Rzayev bildirmişdir: "İncəsənət əsərlərinin satış-sərgisi-2012"də iştirak etmək təklifi alanda məhz "Könlüm keçir Qarabağdan" kolleksiyasından bir neçə işimi seçdim. Çünki bu əsərlər tamaşaçıya tək vizual görüntü deyil, həm də onun arxasında duran hekayəni anladır, doğulduğum Qarabağın bu günlərdə mənim üçün əlçatmaz olduğunu, oraya, təəssüf ki, yalnız düşüncələrimdə, əsərlərimlə gedə bildiyimi bölüşür. Bu əsərlərimlə incəsənət məktəbinin tələbələrinə kömək edə biləcəyimdən çox məmnunam. Uşaqların incəsənətlə özlərini ifadə etməsini bacarmaları onların ümumi inkişafında böyük rol oynaya bilər".
Azərbaycanlı rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" adlı sərgisi indiyədək Vaşinqton, Pensilvaniya və Kaliforniyanın müxtəlif salonlarında nümayiş etdirilmişdir.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 24 iyun.- S. 7.