Uşaqları Beynəlxalq Müdafiə Günü Suraxanı rayonunda təntənə ilə qeyd edilmişdir

 

 İyunun 1-də Suraxanı rayonunda Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində təşkil olunmuş tədbirdə 2 saylı Uşaq Evində, 7 saylı Əqli Cəhətdən Qüsurlu Uşaqlar Üçün İnternat Məktəbində, "Oriqami" Reabilitasiya Mərkəzində, "Autizm" mərkəzində tərbiyə alan, aztəminatlı ailələrdən, valideyn himayəsindən məhrum olan, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan körpələr və kiçikyaşlı məktəblilər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqları təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq Müdafiə Günü bütün dünyada keçirilir və hər bir dövlət uşaqları qorumağı, müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Bizim xalqımızın ən nəcib və gözəl xüsusiyyətlərindən, ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də uşaqlara sevgidir. Uşaqlara qayğı göstərmək, onları qorumaq, müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından, uşaq hüquqları ilə bağlı qəbul olunmuş qanunlardan, ölkəmizdə uşaq və gənclər üçün yaradılmış şəraitdən danışmışdır.

Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivləri, həmin mədəniyyət saraylarında dərnəklərdə məşğul olan uşaqlar, uşaq bağçalarında tərbiyə alan  balacalar maraqlı konsert  proqramı ilə çıxış etmişlər.

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 5.