Azərbaycan nümayəndə heyətinin rəhbəri alt komitənin fəaliyyətə başlamasını tələb etmişdir

 

 AzərTAc xəbər verir ki, iyunun 25-də günün ikinci yarısında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası portuqaliyalı deputat Joao Bosko Mota Amaralın qurumun bürosunun fəaliyyətinə dair hesabat məruzəsi ilə işini davam etdirmişdir.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bildirmişdir ki, bu gün çıxışlarda təşkilata üzv dövlətlərdə insan haqlarının qorunmasının əhəmiyyəti vurğulanmışdır. Məlumat üçün qeyd edim ki, bundan bir neçə gün öncə Azərbaycan Prezidenti əfv sərəncamı imzalamış və bunun nəticəsində, adları AŞ PA-nın müxtəlif sənədlərində hallanan insanların əksəriyyəti azad olunmuşdur. Düşünürəm ki, bu, Azərbaycanda demokratiyanın və Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox önəmlidir.

Bu gün biz Avropa Şurasının dünyada baş verən hadisələrə nə dərəcədə maraq göstərdiyini hiss edirik. Yay sessiyası çərçivəsində  Suriya, Misir və digər ölkələrə dair müzakirələr aparılacaqdır. Düşünürəm ki, biz Avropa Şurasının daxilində baş qaldıran çətin problemlərin həllində də əlimizdən gələni etməliyik. Çünki bizim bu cür çoxlu problemlərimiz vardır. Bu problemlərdən ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Biz burada Avropa Şurasının himayəsi altında Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşlər təşkil etmək üçün əlimizdən gələni edirik. Təəssüf ki, bu, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək məqsədilə görüşlərdə iştirak etmək üçün siyasi iradəsinin olmaması səbəbindən baş tutmur. Buna görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyət göstərə bilməməsi təəssüf doğurur. Etimad mühiti yaratmaq üçün hansı tədbirlər görülməsini soruşuram. Halbuki təşkilat daxilində dialoqun önəmi böyükdür. Buna görə Avropa Şurasından və Parlament Assambleyasından Ermənistan tərəfini  Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə cəlb etməyi tələb edirəm. Bu, təşkilatın tam hüquqlu üzvü olan iki ölkə arasında gələcək münasibətləri nəzərdən keçirmək baxımından da çox əhəmiyyətlidir. Bu çətin və ağrılı məsələlər vaxt keçdikcə daha da ciddiləşir. Biz dialoqa hazırıq və onun lehinəyik. Düşünürəm ki, bu Avropa Şurası üçün çox önəmlidir.

 

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 3.