Macarıstanın nüfuzlu Macar nemzet qəzeti Ermənistanı işğalçı adlandırmışdır

 

Azərbaycan mövzusu macar mətbuatının gündəliyində mühüm yer tutur. Bu yaxınlarda ölkənin aparıcı "Macar nemzet" qəzeti yenidən Azərbaycan mövzusuna müraciət etmişdir.

Qəzetin siyasi icmalçısı Qabor Laslo Zordun "Azərbaycanı münaqişələrlə hədələyirlər" sərlövhəli məqaləsində  respublikamızdakı mövcud vəziyyət geniş təhlil olunur.

Məqalədə qeyd olunur ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi potensialına, ilk növbədə, zəngin enerji qaynaqlarına əsaslanaraq avratlantik dəyərlərə sədaqətini və dünya siyasətində söz sahibi olmaq niyyətini daha aydın şəkildə nümayiş etdirir. Macar jurnalisti yazır ki, nüfuzlu Krans Montana Forumunun Azərbaycanda keçirilməsi bunun bariz sübutudur.

Lakin Laslo Zordun fikrincə, Azərbaycanın sürətli inkişafı regionda heç də hamının ürəyincə deyildir. Müəllif bu baxımdan ilk sırada işğalçı Ermənistanın adını çəkərək yazır: "Ölkədə elə bir şəhər və kənd yoxdur ki, orada erməni işğalı nəticəsində öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyəti qarşısında qalmış azərbaycanlı qaçqınlar yaşamasın. Demək olar ki, elə bir ailə yoxdur ki, orada münaqişə nəticəsində öldürülənlər və yaralananlar olmasın. Adamların tələsik tikilmiş qaçqın düşərgələrindən daha abad qəsəbələrə köçürülməsinə baxmayaraq, hər il olduğu kimi, biri-birini əvəz edən matəm ildönümləri köhnə yaraların közünü qoparır. Fevral ayında Azərbaycanda Xocalının, mayda isə Şuşanın itirilməsinin 20 illiyi qeyd olunmuşdur. Ermənilər hər iki şəhəri işğal edərkən dinc əhaliyə divan tutmuşlar".

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" hesab olunsa da, indi onun ətrafında çox qızğın proseslər gedir. Azərbaycanın üzləşdiyi ədalətsizlik, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və dünya birliyinin laqeydliyi fonunda bu ölkə özünün işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün daha təsirli tədbirlərə əl atsa, heç kim buna təəccüblənməməlidir.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 3.