Orduda xidmət etmək şərəfdir
1918-ci il iyunun 26-sı tariximizə "Əlahiddə Azərbaycan Korpusu"nun yaradıldığı gün kimi düşmüşdür. Dövlət müstəqilliyimiz bərpa olunandan sonra isə ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü elan olunmuşdur. Tarixi varislik baxımından da mühüm əhəmiyyət daşıyan bu fərman Azərbaycan əsgərinin mənəvi potensialının zəfər yürüşlərinə səfərbər olunması üçün də yeni perspektivlər açdı. Azərbaycan əsgəri bir daha dərk etdi ki, o, möhtəşəm tarixə malik olan Silahlı Qüvvələrin sıralarında xidmət edir.
Vaxtilə tam artilleriya generalı Səməd bəy Mehmandarov yazırdı: "Nə qədər ki bəşər var, müharibələr, istilalar, qırğınlar həmişə olacaq. Ona görə mütləq güclü ordu yaratmaq gərəkdir. Çox istərdim Azərbaycanın belə bir ordusu olsun və bu ordu on illər, yüz illər keçəndən sonra da unutmasın ki, orduda artilleriya işini kamil qurmadan müzəffər yürüşlər etmək olmaz".
İndi Azərbaycanın Səməd bəy Mehmandarovun arzuladığından daha möhtəşəm ordusu var. Bu ordu Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Onun sıralarında xidmət edən hər bir azərbaycanlı bu xidmət müddətini həyatının ən şərəfli dövrü sayır, geydiyi hərbi paltarın, əlində tutduğu silahın, öpdüyü bayrağın qürurunu yaşayır. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır".
Qeyd etmək lazımdır ki, yalnız Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Nizami ordu yaradıldı və bu gün bu ordu ən yüksək standartlara cavab verir. Hər il ordu üçün müasir texniki avadanlıq, silah-sursat, yeni döyüş təyyarələri və helikopterləri alınır. Ordunun şəxsi heyətinin sosial məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "N" nömrəli hərbi hissədə olarkən demişdir: "Bizim ordumuz bundan sonra da öz potensialını gücləndirəcək və qarşıda duran bütün vəzifələri yerinə yetirəcək, Azərbaycan torpaqlarını işğaldan azad edəcəkdir!".
Bəli, bu gün Azərbaycan əsgəri yaxşı bilir ki, gündəlik tapşırıqları yerinə yetirməkdən əlavə onu böyük və şərəfli bir missiya da gözləyir: işğal altındakı torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşləri!
Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimiz də birmənalı şəkildə əmindirlər ki, Azərbaycan ordusu onların düşmən tapdağı altında qalan ocaqlarına qayıdışını gerçəkləşdirmək iqtidarındadır. Azərbaycan ordusunun sıralarında qəlbi vətən sevgisi ilə, düşmənlərdən qisas, intiqam hissi ilə alışıb yanan oğullar xidmət edir.
Elxan ƏLİYEV,
Zaqatala hərbi prokurorunun
böyük köməkçisi,
kiçik ədliyyə
müşaviri
Azərbaycan.- 2012.- 26 iyun.- S. 5.