Nyu-York ştatının Senatında martın 31-ni soyqırımına məruz qalmış azərbaycanlıları anma günü elan edən qətnamə qəbul olunmuşdur

 

 Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) və Amerika Azərbaycanlıları Şurasının (AAC) üzvlərinin səyləri nəticəsində ABŞ-ın Nyu-York ştatının Senatında martın 31-ni soyqırımına məruz qalmış azərbaycanlıları anma günü elan edən J3784-2011 nömrəli qətnamə qəbul olunmuşdur.

Nyu-York ştatının Roçester şəhərinin 55-ci dairəsinin senatoru Ceyms Alesi tərəfindən təqdim olunan qətnamədə "Daşnaksütyun" partiyasının və Stepan Şaumyanın rəhbərliyi altında bolşeviklərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər geniş əksini tapmışdır.

Qətnamənin mətnində 1918-ci il martın 31-də baş vermiş hadisələrin azərbaycanlıların soyqırımı olduğu dəfələrlə vurğulanır.

Qətnaməni qəbul edən senatorlar Nyu-York şəhərinin qubernatoru Endryu Kuomoya 31 mart tarixinin azərbaycanlıların soyqırımının anma günü kimi qeyd olunması ilə əlaqədar müvafiq tövsiyələr vermişlər.

Sənəddə bildirilir ki, 94 il əvvəl bolşevik-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində yaşlılar, qadınlar, uşaqlar da daxil olmaqla on minlərlə günahsız insan həlak olmuşdur. S.Şaumyanın rəhbərliyi altında bolşevik-daşnak dəstələri insanları qətlə yetirməklə kifayətlənməmiş, müsəlmanlara məxsus ibadət yerlərini yandırmış, insanların mülkiyyətinə xeyli ziyan vurmuşlar. Möhtəşəm tarixi "İsmailiyyə" binası bolşevik-daşnak dəstələri tərəfindən yandırılmış, Təzəpir məscidinin minarələri top atəşi ilə zədələnmişdi.

Sənəddə deyilir ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı aktı təkcə Bakı ilə məhdudlaşmamışdır. Erməni daşnakları Azərbaycanın Şamaxı, Quba, Lənkəran, Muğan bölgələrində də qadınlar, uşaqlar daxil olmaqla minlərlə günahsız insanı qətlə yetirmiş, yüzlərlə kəndi yandırmışlar. Təkcə Qubanın 162 kəndi yandırılmış, burada 16 mindən artıq azərbaycanlı öldürülmüşdür. Bu hadisələrlə bağlı Azərbaycan Demokratik Respublikası tərəfindən Xüsusi Araşdırma Komissiyası yaradılmış və toplanmış çoxsaylı sənədlər hökumətə təqdim edilmişdir.

Qətnamədə bildirilir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1918-ci il martın 31-də törədilmiş soyqırımı ilə bağlı çoxlu araşdırmalar aparılmış, bu barədə saysız-hesabsız kitablar yazılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 5.