Məhkəmə
hakimləri və hüquqşünaslar üçün yay məktəbi
davam edir
Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK), Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə hakimlər və hüquqşünaslar üçün ikinci yay məktəbi iyunun 25-də işini davam etdirmişdir.
AzərTAc xəbər verir ki, yay məktəbinin mövzusu insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 5-ci və 6-cı maddələrinə həsr olunmuşdur.
Yay məktəbinin məqsədi Avropa Konvensiyasının bu maddələrinin Azərbaycanda tətbiqinə dair hakim və hüquqşünaslara yeni bilgilərin verilməsidir.
Yay məktəbində ölkənin bir sıra şəhər və rayonlarından müxtəlif məhkəmə instansiyalarını təmsil edən hakimlər və hüquqşünaslar, Vəkillər Kollegiyasının üzvləri, xarici və yerli ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sessiyalarla davam edən yay məktəbində Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri Lətif Hüseynovun "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanın hüquq sisteminin konstitusionlaşdırılmasında rolu" mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Avropa Konvensiyasını bilməyin hüquqi və siyasi əhəmiyyəti vardır. Avropa Konvensiyasının müddəalarının, beynəlxalq müqavilələrin Azərbaycanda məhkəmələrin qərarlarında tətbiq olunması vacibdir. Azərbaycan Konstitusiyasında insan hüquqları ilə bağlı müddəalar öz əksini tapır. Bu müddəalar beynəlxalq müqavilələrə uyğunlaşdırılmışdır. Azərbaycanda Avropa Konvensiyasına konstitusion status verilmişdir. Azərbaycan hakimləri bütün ölkələrin hakimləri kimi daxili qanunları tətbiq edirlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərin çoxunu yerinə yetirmişdir. Bu öhdəliklərin arasında Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmaq məsələsi də var idi. Avropa İnsan Hüquqları Konvensiyasının xüsusi müqaviləsi vardır. Bu, Konvensiyanın Avropa Şurası çərçivəsində mühüm rolu olduğunu göstərir. Avropa Konvensiyası beynəlxalq müqavilə olduğu üçün bunu tətbiq etmək mühümdür. Çünki bu Konvensiya insan hüquqları üzrə konstitusiyadır və eyni zamanda Avropanın çox əsrlik tarixinin məhsuludur.
Tədbirdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə dair tədqiqatlarla əlaqəli tərəflərin bərabərliyi, qanunvericiliyin əhəmiyyəti, susmaq və müdafiə hüququ, şahid ifadələri, prosesin növləri və mərhələləri, məhkəməyə müraciət etmək imkanı, açıq məhkəmə iclası, şəxsi və ailə həyatına hörmət hüququ, fikir, vicdan və din azadlığı və digər mövzularda müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Yay məktəbi iyunun 26-da işini davam etdirəcəkdir.
Azərbaycan.- 2012.- 26 iyun.- S. 6.