Kino ənənələri qorunmalıdır
Bu, zamanın tələbidir
114 yaşlı Azərbaycan kinosu milli mədəniyyətimizin ayrılmaz bir hissəsi kimi formalaşaraq dünya kinosunda özünəməxsus yer tutub. 1998-ci ildə ölkəmizdə kino ilə bağlı keçirilən bir mərasimdə ulu öndər Heydər Əliyev deyib: "Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdu. Az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın. Buna görə dəE Azərbaycan kinosu yaşayacaq, daha da inkişaf edəcəkdir".
İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonrakı illərdə ümummilli lider Heydər Əliyev milli kinomuza diqqət və qayğı göstərərək onun ciddi uğurlar qazanmasını təmin etmişdir. On iki ildir ki, xalqımız 2 avqustu milli kino günü kimi qeyd edir. Bu sahənin işçiləri ölkə başçısının müvafiq sərəncamı ilə imzalanmış - onillik bir müddəti nəzərdə tutan - 2008-2018-ci illər dövlət proqramına uyğun olaraq milli kinomuzun inkişafı üçün müəyyən problemlərin aradan qaldırılmasına çalışmalıdırlar. Şübhəsiz ki, bu prosesdə kino ictimaiyyətinin təşəbbüskarlığı, mütəşəkkilliyi xüsusi önəm daşıyır. Təəssüf ki, bu sahədə sözünü deməli olan əvvəlki kinematoqrafçılar ittifaqının laqeyd münasibəti illərdən bəri arzulanan dəyişikliklərin baş verməsini ləngitdi. Rejissor Oqtay Mirqasımovun təbirincə söyləsək, kinoşünaslıq ənənələri demək olar ki, itməkdə idi. Doğrudur, müəyyən işlər var. Lakin milli filmlərin mükəmməl yaradılması, təhlil və təbliği demək olar ki, unudulmaqda idi. Xüsusilə də, Azərbaycanda vaxtilə mövcud olmuş kino mühitinin üzərinə bir pərdə çəkilmişdi.
"Nizami" Kino Mərkəzində kinosevərlərin təşəbbüs qrupunun keçirdiyi təsis qurultayında yaradılan yeni qurum - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məhz zamanın tələbi idi. Kinorejissor Ayaz Salayev həmin qurultaydakı çıxışında çox haqlı olaraq söylədi: "Biz heç nədən məhsul - film hazırlayırıq. Film həm satmaq üçün məhsul, həm də mədəniyyətin təbliğidir. Bizlər gələcəyə doğru addımlayırıq. Gələcəyə filmlərlə addımlamaq mümkündür və vacibdir. Digər vacib olan məsələ isə dəyərlərdir. Lazımi dəyərlərin yaranması və inkişafı üçün ictimaiyyətin belə birliyinin yaranması vacib idi. Yaradıcı insanlar tək olsa da, yaradıcı ailəyə ehtiyac var. Yaxşı ki, belə bir cəmiyyət yarandı və biz bu cəmiyyətin içindəyik".
Azərbaycan kinosunun yaddaqalan nümunələrindən sayılan "Bəyin oğurlanması"ndakı tiplərin birinin dilində (yaradıcısı görkəmli aktyor Səməndər Rzayevdir) səslənən bir ifadə illərdir ki, aforizmə çevrilib: "Bu kino ki var, çox qəliz məsələdir". Kinoşünaslıq qəliz olduğu qədər də sadədir və sevimli sənətdir. Elə ona görə də bu sənəti ürəkdən sevmək gərəkdir. Sevdiyin üçün də onu yaradanlar arasında elə ünsiyyət qurmaq lazımdır ki, kollektiv əməyin bəhrəsi uğurlu alınsın. Yoxsa, məşhur təmsildəki kimi hərə bir tərəfə çəksə, inkişaf olmaz. Yadımdadır, respublikaya gətirilən xarici filmlər arasında milli dəyərlərimizə balta vuran bəzi kinolar haqqında (müzakirə üçün həmin qurumda nümayiş etdirilən zaman) tənqidi rəyimizi bildirəndə mövcud Kinematoqrafçılar İttifaqının idarə heyətindən sərt cavab aldıq: "Azadlıqdır". Bu, azadlıq yox, mənəviyyatsızlıq idi. Festivalda nümayiş etdiriləcək filmdə bacı qardaş arasındakı iyrənc münasibətdən - "məhəbbətdən" verilən görüntülər adamı dəhşətə gətirirdi. Nə isə...
Əlbəttə, bu hal uzun müddət davam edə bilməzdi. Yeni yaradılan ittifaqa xalq artisti Şəfiqə Məmmədovanın sədr seçilməsi kinosevərlər arasında rəğbətlə qarşılandı. Bu, yeni ümidlərin göyərməsi deməkdir. Lap gənc yaşlarından bu sənətin içində olan, müxtəlif filmlərdə unudulmaz obrazlar yaradan, kinonun inkişafı üçün bütün gücü, istedadı ilə çalışıb fədakarlıq göstərən Şəfiqə xanımın arzularının yalnız bir istiqaməti var: uğurlu ekran əsərləri yaratmaq! Özü də belə söyləyir: "Biz kinematoqrafçılar hamımız bir məqsədə qulluq edirik: bir kinomuz var - Azərbaycan kinosu. Düşünürəm ki, yeni qurumlarla bağlı mənfi şəkildə çıxış etmək, təəccüblənmək lazım deyil. Bəlkə sabah yeni bir gildiya yaranacaq, gənc kinematoqrafçılar öz ittifaqlarını təsis edəcəklər. İndi biz onlara deyək ki, yox, var da təşkilat, nəyə lazımdır yenisi? Düşünürəm ki, buna sivil yanaşmaq lazımdır, qərəzli yox. Yeni yaranan gildiyi və ya digər qurumlara dünən təəccüblənmirdilər. Buna niyə təəccüblənirlər? Kino ordusu böyükdür. Kim harada fəaliyyət göstərmək, özünü göstərmək istəyər, qoy orada da fəaliyyət göstərsin".
Yaratmaq və qurmaqdan xali olanlar həmişə belədirlər. Əllərindən ağız büzmək, irad tutmaq, bir sözlə, yerli-yersiz bəyənməmək gəlir. Halbuki itməkdə olan kinoşünaslıq ənənələrinin qorunması çox vacibdir. Əgər "div yuxusu"na getmiş bir qurumun taleyinə cavabdeh olanların sənətin hansı uçurumun başında dayandığından xəbəri yoxdursa və bu bəlanı kənardan görənlər onu xilas etmək istəyirsə, bunu alqışlamaq gərəkdir. Nə yaranırsa, nə söylənilirsə, kinomuzun xeyrinədir və bu, vacibdir!
İstər təşəbbüs qrupunun, istərsə də yeni yaradılan Kinematoqrafçılar İttifaqının idarə heyətinin tərkibinə diqqətlə baxsaq, biz onların ölkəmizin tanınmış mədəniyyət xadimlərindən ibarət olduğunu görərik. Eləcə də qurultay zamanı salona toplaşanların tanış simaları hər kəsə aydınlaşdırdı ki, məsələ çox ciddidir. Kinonun taleyi hər birimizi düşündürməlidir və düşündürdüyü üçün də respublikanın çox görkəmli sənət sahibləri, kinoya olan məhəbbətə görə bir araya gələrək öz fikirlərini bildirdilər.
16 yaşından kinoya gələn, onun içində formalaşan, püxtələşən kinorejissor Oqtay Mirqasımovun bir fikri çox düşündürücüdür: "Kinonun inkişafı üçün atılan hər bir addım məni sevindirir. Bu qurumun yaranması da məni sevindirir. Biz illər ərzində çox şey itirmişik. Çünki birliyimiz yalnız sözdə olub. Beş il idi ki, mən bu barədə düşünürdüm. Bir çox müsahibələrimdə də ürəyimdən keçənləri dilə gətirmişəm. Nə yaxşı ki, xalqın qarşısında üzüqara olmadıq. Elə özümüz də bir araya yığışaraq məsələni qaldırdıq, fikrimizi söylədik və yeni ittifaqı yaratdıq. Mənim bir şüarım var: birlik! Və biz birlikdə hər şeyi həll edəcəyik".
Bir sıra mətbuat səhifələrində yeni qurumu yaradanların və burada birləşənlərin ünvanına lüzumsuz sözlər işlədilir. Qeyri-peşəkar adamların kinodan danışması, onun mahiyyətini anlamaması, yersiz danışması və bunun da qəzet səhifələrinə çıxması bağışlanmazdır. Yeni yaradılan ittifaqın idarə heyətinə fikir verin: sədr - xalq artisti, professor Şəfiqə Məmmədova, idarə heyətinin üzvləri - Dövlətfilm Fondunun direktoru, "Mədəniyyət" telekanalının rəhbəri, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev, "Space" telekanalının rəhbəri, xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru, Prodüsserlər Gildiyanın sədri Müşfiq Hətəmov, kinoşünas Ayaz Salayev, "Nərimanfilm" şirkətinin prezidenti Nəriman Məmmədov, xalq artistləri, məşhur kinorejissorlar Eldar Quliyev və Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq rəssamı Mais Ağabəyov, xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi... İndi bizim sualımız var: milli kinomuzun yüksəlişi üçün bütün ömrü boyu çalışan bu simaların, mədəniyyət xadimlərinin barəsində lüzumsuz fikirlərə necə yol verilir? Bu insanların hər birinin yaradıcılığı Azərbaycan mədəniyyət tarixinə əbədiyaşar töhfələr bağışlayıb.
Bu gün milli kinomuz yeni yolla irəliləyir, onun inkişafı və daha uğurlu gələcəyi üçün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri əl-ələ verərək çətin, lakin şərəfli bir sahəni dünya mədəniyyətində əbədiləşdirmək üçün var qüvvələri ilə çalışmaq əzmindədirlər. Yeni quruma ancaq uğurlar arzu etmək lazımdır. Kino naminə çalışanların qolundan tutmaq əvəzinə, qarşısına daş itələmək bağışlanılmazdır. Biz az qala kinoda doğulub, boya-başa çatıb, yaşlanıb ucalanları yenidən bir arada görməyimizə məmnun olduq. Çünki onların hər birini çox yaxşı tanıyırıq. Onlar bu sənətin adamlarıdırlar. Xalq artisti Şəfiqə Məmmədovanın söylədiyi kimi: "Kinonun uşaqlarıyıq". Bu səbəbdən də güclərini, istedadlarını, bilik və bacarıqlarını birləşdirərək Azərbaycan kinosu naminə fəaliyyətlərini davam etdirəcəklərinə cəmiyyətdə böyük inam var!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 26 iyun.- S. 7.