Pastora Soler: Mən Bakıdan qalib kimi ayrılıram

 

 Mən Bakıdan qalib kimi ayrılıram. Çünki buranı - Azərbaycanı, o cümlədən paytaxt Bakını gözəl bir məkan kimi tanıdım. Bu sözləri AzərTAc-a  məxsusi müsahibəsində İspaniya təmsilçisi Pastora Soler demişdir.

Bakıda təşkil olunan 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirakından məmnun olduğunu diqqətə çatdıran ispaniyalı təmsilçi demişdir: "Burada həyatımın ən gözəl unudulmayacaq anlarını yaşadım. Bu gözəl anları mənə yaşatdıqları üçün "Eurovision-2012" mahnı müsabiqəsinin bütün təşkilatçılarına təşəkkürümü bildirirəm. "Baku Crystal Hall" kimi möhtəşəm bir konsert kompleksinin səhnəsi isə mənim üçün ilk böyük əzəmətli bir təcrübə meydanı oldu".

Azərbaycanda gördüyü səmimi münasibətlə bağlı da fikirlərini bölüşən Pastora Soler bildirmişdir: "Mən Azərbaycanı, onun insanlarını sevməyəcək, Bakı gecələrinə heyran qalmayacaq insan təsəvvür edə bilmirəm. Burada olduğum iki həftə ərzində gördüyüm qonaqpərvərlik və mehriban münasibəti, gülərüz insanları daim xatırlayacağam".

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 6.