Azərbaycan ilə
Özbəkistan arasında əlaqələrin inkişafı
məsələləri müzakirə olunmuşdur
İyunun 27-də Azərbaycanın Baş naziri Artur Rasizadə Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Şerzod Fayziyev ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilmişdir. Bildirilmişdir ki, hər iki ölkənin dövlət başçıları - Prezident İlham Əliyev və Prezident İslam Kərimov arasında mövcud olan xoş münasibətlər tarixi dostluq ənənələrinə malik xalqlarımızın əlaqələrinin müasir dövrdə daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir. Bu baxımdan Özbəkistan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqe nümayiş etdirərək ölkəmizin haqq işini dəstəklədiyini xüsusi vurğulayan Baş nazir Artur Rasizadə son dərəcə məsul və şərəfli missiyaya başlaması münasibətilə səfirə müvəffəqiyyətlər arzulamışdır.
Baş nazir ümidvar olduğunu bildirmişdir ki, onun səmərəli diplomatik fəaliyyəti nəticəsində ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi, sosial və mədəni sahələrdə də birgə layihələrin həyata keçirilməsi əlaqələrimizin daha da möhkəmlənməsinə zəmin yaradacaqdır.
Səfir Şerzod Fayziyev ölkəsinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra daha da genişləndirilməsi üçün səylə çalışaraq bütün qüvvə və bacarığını əsirgəməyəcəyini vurğulamışdır.
Səmimilik şəraitində keçən
görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında
da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 28 iyun.- S. 3.