Şeirinin işıqları yanan Məmməd Araz yaşasaydı...

 

 Yaşasaydı, bu ilin may ayında yaradıcılığının 60 ilini qeyd edəcəkdi. Məmməd Arazın 1952-ci ilin may ayında "İnqilab və mədəniyyət" jurnalında qırx iki misradan ibarət "Yanın, işıqlarım" adı şeiri çap olundu. Sonralar şair bu şeiri "qəribliyə" salaraq heç bir kitabında çap etdirmədi. Şairin yaradıcılığı haqqında söz açan "Məmməd Araz dünyası" (1994) adlı kitabın müəllifi, filologiya elmləri doktoru Vaqif Yusifli yazır: "Yanın, işıqlarım" şeirinin çapından 36 il keçəcək, 80-ci illərin axırlarında xalq yazıçısı İsmayıl Şıxlı xatırlayacaq ki, "Sən gəldin", "Yanın, işıqlarım" adlı şeirlərini oxudun.

Coğrafiya fakültəsində təhsil aldığın üçün sıxılırdın: görəsən, ədəbiyyatçılar nə deyəcək? Amma şeirini oxuyandan sonra hiss etdin ki, yaxşıya zaval yoxdur.

Şeirində müharibənin qurtarmasına sevinir, "Yanın, işıqlarım" deyirdin. Bu şeir o zaman üçün poetik tapıntı idi. Eyni zamanda, Azərbaycan şeirinə yeni nəfəs gəlirdi. Bu nəfəs tərtəmiz idi, qaynağını bal tək şipşirin, bulaq suyu kimi tərtəmiz Azərbaycan dilindən, gücünü uca dağlarımızdan, cənnət ətri gələn çiçəkli düzlərimizdən, coşqunluğunu Xəzərdən, Arazdan, Kürdən alırdı".

Görkəmli alim, tənqidçi Yaşar Qarayev Məmməd Arazın fəlsəfi duyğularla zəngin olan coşqun poeziyasını belə qiymətləndirirdi: "Gör neçə əsrdir ki, İsa Məhəmməd, Qorqud Şekspir bir haqqın, bir yaddaşın dərgahında yaşayırlar. Tarix, zaman axıb gedir, yaddaşa ilişəndə iz qoyur, əbədiləşir abidələşir. Həqiqi, böyük poeziya ümumbəşəri yaddaşdır. Məmməd Arazın şeiri isə düşüncədə, əxlaqda qeyrətdə yaddaşın şeirlə ifadəsidir. Poeziyanın dumduru, şəffaf bulağı başına Arazın bulanıq yaralı sahilindən ayrılıb gəlib, özü ilə poeziyaya Arazın dərdini, ağrısını gətirdi, özü tarixdən təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü  Məmməd Araz!"

Budur böyük alimin Məmməd Araza verdiyi dəyər.

Yaşar Qarayev Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" fəlsəfi fikrini "Gəlimli, gedimli dünya, bir ucu ölümlü dünya" ifadəsiylə qədər bir-birini tamamladığını deyir: "Bu kəlamı ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu misralara çox az nümunə gətirmək olar".

Məmməd Arazla iki dəfə görüşmüşdük. Bir dəfə onu "Azərbaycan" nəşriyyatının 1-ci mərtəbəsində, foyedə gördüm. Dedim ki, sizin yaradıcılığınız haqqında Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Ağdəniz Universiteitində çıxış etdim. Mövzu belə idi: "Özgər Yaşın Məmməd Arazın şeirlərində vətən sevgisi". Bunu deyərkən çox sevindi, kövrəldi. Həyəcanlananda danışmağa çətinlik çəkirdi, mən duyğulandım, göz yaşlarımı saxlaya bilmədim. Məni evinə dəvət etdi. İkinci görüşümüz evlərində oldu. Kiprdə dərc edilmiş məqaləni verdim, oxuyub çox sevindi, kitabını imzalayıb mənə verdi. O gün Yer üzünün ən xoşbəxt insanı saydım özümü.

İndi isə uzaq, amma dost ellərdəyəm. Türkiyədə Məmməd Arazın ruhu otağımdadır, onun kitablarını oxuyur, haqqında dəyərli fikirlər yazmağa çalışıram. Şairin vəfalı ömür-gün yoldaşı Gülxanım Fətəliqızının "Məmməd Arazlı günlərim" kitabı məni çox duyğulandırdı. Şairin keşməkeşli həyatı gözlərim önündə canlandı. Ümummilli lider Heydər Əliyevin şairin müalicəsi üçün gördüyü xeyirxah işlər məni çox kövrəltdi. Məmməd Araza göstərdiyi diqqət qayğı, əbədi sevgisi üçün Gülxanım Fətəliqızına ürəkdən təşəkkür edirəm. Hər kişinin arxasında güclü bir qadının olmasına bir daha inandım.

Məmməd Araz haqqında "Mən özüm bilirəm, nəçiyəm, nəyəm" adlı kitabda Azərbaycan, Türkiyə, İran, Rusiya başqa ölkələrdə yaşayan, onun poeziyasına yüksək qiymət verən alim, şair yazarların fikirləri yer almışdır. Bu yazıları oxuduqca bir daha inanırsan ki, doğrudan da, Məmməd Araz şeiri milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, insanın qəlbində taxt qurmuşdur. Şairin imzalayıb mənə hədiyyə verdiyi kitab "Daş harayı" adlanır. Bu kitaba şairi çox sevən qələm dostu Məmməd Aslan "Azərbaycan şeirinin sənət bürcü" adlı "Ön söz" yazmışdır. Sadə, səmimi dildə yazılan, hər cür tərifdən uzaq olan bu "Ön söz"də şairin başına gələn qədər həqiqi, acı, haqsız hadisələrin şahidi olursan.

Məmməd Araz "Şerimizin Xan çinarı idi" (Bəkir Nəbiyev), "O, qayalara yazılan səs idi", "M.Arazın füsunkar poeziyası: Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir" (Nizaməddin Şəmsizadə), "Vətən daşlarının vətəndaşlıq nəğməsi" (Sabir Rüstəmxanlı), "Vətən sənə oğul deyir" (Şahmar Əkbərzadə), "Şeirimizin canlı klassiki" (Nizami Xudiyev)... kimi hörülmüş söz çələngi Azərbaycan şeirinin Məmməd Araz zirvəsinə yaraşdırılıb. Bunlar isə şairin poetik dünyasına alim, şair, ədəbiyyatşünaslar tərəfindən ünvanlanmış fikirlərin, əlbəttə, heç hamısı deyil.

"M.Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir. Tarix bizdən uzaqlaşdıqca, Məmməd Araz bizə daha da yaxınlaşacaq, əzəmətli görünəcək. Çünki onun mayası səmimiyyətdən, qayəsi həqiqətdən tutulub. Səmimiyyət həqiqət insanın özü kimi, sənəti ucalığa yüksələn qoşa qanaddır. Səmimiyyət qəlbin, həqiqət zəkanın böyüklüyünü əks etdirir" (N.Şəmsizadə).

Naxçıvan adlı gözəl bir bölgəmizdə - Şahbuz şəhərinin Nurs kəndində İnfil kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Öncə ailəsinin sevinci oldu, sonra isə bütün Azərbaycanı sevindirdi. Nursdan boylanan o dünya (V.Yusifli) bütün Azərbaycana qürur qaynağı oldu. Odlar yurdunun şeir, söz sənətinin qüdrətini dünyaya tanıdan o insan xalqımızın məşhur şairi Məmməd Araz idi. Söz sənətimizin Xan çinarının ilk şeirinin işıq üzü görməsindən 60 il keçsə , şair bu gün haqq dünyasında olsa da, xalqımızın qəlbində yaşayır yaşayacaq. qədər Azərbaycan xalqı var, Məmməd Araz, onun ölməz şeiri var. Şair şeirində "Bəlkə bu yerlərə bir gəlmədim, duman, salamat qal..." - desə , o, əslində, elə o yerlərdə zirvələşdi, heykəlləşdi, əbədiləşdi.

 

 

Tamilla ƏLİYEVA,

Türkiyə, Əskişəhər,

Osman Qazi Universitetinin müəllimi

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 7.