Azərbaycan Prezidenti İlham Əliyevin
Türkiyəyə işgüzar səfəri
və TANAP layihəsinin imzalanması Türkiyə və dünya mətbuatının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair müqavilənin imzalanması Türkiyə və dünya mətbuatının diqqət mərkəzindədir.
"Hürriyet" qəzetinin "İmzalar atıldı" sərlövhəli məqaləsində Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış TANAP layihəsi Avropaya körpü adlandırılmışdır. Yazıda qeyd olunur ki, 2013-cü ilin yazında tikintisinə başlanılacaq və beş ilə tamamlanması planlaşdırılan, ildə 24 milyard kubmetr təbii qaz nəql edə biləcək bu boru kəməri Türkiyə iqtisadiyyatı, habelə Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzalaması iki ölkə arasında qardaşlığın bariz təzahürüdür.
"Milliyet" qəzetinin "7 milyard dollarlıq imza" başlıqlı məqaləsində isə Rəcəb Tayyib Ərdoğanın "bu layihə təkcə ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyəcək, eyni zamanda, Türkiyə ərazisində Azərbaycan ilə Avropa arasında daha sıx əlaqələri təmin edəcəkdir" fikri önə çıxarılmışdır. İki liderin istər təkbətək görüşündə, istərsə də imzalanma mərasimində bir-birinə "qardaşım" deyə müraciət etməsi də vurğulanmışdır. BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi"nin imzalanması da qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda mühüm addımlar kimi dəyərləndirilmişdir.
"HaberTürk" qəzetinin "TANAP canlı əlaqələri gücləndirəcək" sərlövhəli məqaləsində Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış layihə ilə Türkiyə və Azərbaycanın həm Avropa İttifaqının enerji marşrutlarının şaxələndirilməsi siyasətinə bir töhfə verəcəkləri, həm də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağı qeyd edilmişdir.
"Cumhuriyet" qəzetinin məqaləsində Prezident İlham Əliyevin "İki ölkə arasında sıx əlaqələr olmasaydı, heç bir sahədə uğur qazana bilməzdik" sözləri önə çıxarılmışdır. Azərbaycan dövlətinin başçısı Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu, əməkdaşlığın getdikcə daha da dərinləşdiyini vurğulamışdır. Prezident demişdir ki, bu əlaqələrin təməlində ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığı və dostluğu dayanır. Prezident İlham Əliyev Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözlərini də, xatırladaraq bu gözəl günləri yaşadığı üçün xoşbəxt olduğunu söyləmişdir. Dövlətimizin başçısı, eyni zamanda, birgə həyata keçirilən layihələrin iki ölkəni birləşdirdiyini söyləmiş, onların iqtisadi mənfəətlə yanaşı, sağlam zəmində qurulmuş əlaqələrimizin nəticəsi olduğunu bildirmişdir. Azərbaycan Prezidenti, həmçinin dünyada Türkiyə ilə Azərbaycanın əlaqələri kimi ikinci bir əlaqəni tanımadığını, bölgədə problemlərin həlli istiqamətində birgə hərəkət etdiyimizi, TANAP layihəsinin də yalnız iki ölkəyə məxsus olduğunu və onların öz vəsaiti ilə həyata keçiriləcəyini söyləmişdir.
"Yeni Şafak" qəzetinin "Azərbaycan qazında tarixi anlaşma" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin zəngin təbii qaz yataqlarına malik olduğu, "Şahdəniz" yatağında 1.2 trilyon kubmetr, başqa hesablamalara görə 2.6 trilyon kubmetr qaz potensialı olduğu sözləri önə çıxarılmışdır. Dövlətimizin başçısının "bu gün başladığımız layihə bəlkə 100 ildən uzun bir müddətdə bizim ehtiyaclarımızı təmin edəcək, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılmasına imkan yaradacaqdır" fikirlərinə də yer verilmişdir.
Məqalədə Rəcəb Tayyib Ərdoğanın "biz bu gün Azərbaycandan 6 milyard kubmetr, daha sonra 10 milyard kubmetr qaz alacağıq. Sonrakı illərdə nə qədər ehtiyacımız varsa, Əliyev qardaşım o qədər verə bilərik dedi" sözləri də yer almışdır. Türkiyə hökuməti başçısının Azərbaycanın "Petkim" şirkətinin özəlləşdirmədən sonra yenidən qurulması sahəsində fəaliyyətinə verdiyi yüksək qiymət də məqalədə ayrıca yarımbaşlıqla verilmişdir.
"Zaman" qəzetinin "Azərbaycan ilə təbii qazda tarixi əməkdaşlıq" başlıqlı məqaləsində də Azərbaycan Prezidenti İlham Əliyevin imzalanma mərasimindəki çıxışına geniş yer verilmişdir. Dövlətimizin başçısının "ən sıxıntılı zamanlarımızda Türkiyə Azərbaycanın yanında olmuşdur. Xalqımız heç bir zaman bunları unutmayacaqdır. TANAP layihəsi də bu işlərin bir təzahürüdür. Bu günü tarixi bir gün olaraq qəbul edirəm" fikirləri yer almışdır.
"Sabah" qəzetinin "Enerjidə nəhəng anlaşma", ingilis dilində nəşr olunan "Today`s Zaman", "Vatan", "Yeni Çağ" və digər qəzetlərin dərc etdikləri yazılarda da Azərbaycan dövlətinin başçısının Türkiyəyə səfəri çərçivəsində
TANAP layihəsinə dair imzalanmış sənədlər, onların əhəmiyyəti geniş təhlil olunmuşdur.
Prezident İlham Əliyevin Türkiyəyə səfərindən "Anadolu", "İhlas", "Cihan" xəbər agentlikləri operativ xəbərlər vermiş, qardaş ölkənin ən nüfuzlu televiziya kanalları imzalanma mərasimini canlı olaraq yayımlamışlar.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri və TANAP layihəsinin imzalanma mərasimi dünya mətbuatının da diqqət mərkəzində olmuşdur. "Reuters" agentliyi "Azərbaycan və Türkiyə arasında 7 milyard dollarlıq saziş", "Associated Press" agentliyi "Türkiyə və Azərbaycan qaz kəməri sazişi imzaladılar" başlıqlı xəbərlər, "Bloomberg", "Əl-Cəzirə", BBC, CNN, "Fox" kimi dünyanın ən nüfuzlu televiziya kanalları bu mühüm səfər və sənədlərin imzalanması mərasimindən geniş reportaj və süjetlər yayımlamışlar.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 28 iyun.- S. 4.