Naxçıvandakı birləşmə və hissələrin Silahlı Qüvvələr Gününə həsr olunmuş birgə döyüş atışlı taktiki təlimi keçirilmişdir

 

İyunun 25-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilmişdir. AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov birgə döyüş atışlı taktiki təlimi izləmişdir.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport vermişdir.

Sonra döyüş atışlı briqada taktiki təliminin hədəf şəraiti və ərazidə yerləşməsi barədə sxem və xəritələr əsasında məlumat verilmişdir.

Düşmən müdafiəsinin dərinliyində kəşfiyyat və xüsusi təyinatlı bölmələrin döyüş fəaliyyətləri ilə başlanan təlimin birinci mərhələsində çətin dağlıq ərazidə hərəkət edən hədəflərin iriçaplı atıcı silahlarla, avtomatpulemyotlarla, snayper tüfəngləri ilə  məhvetmə üsulları nümayiş etdirilmişdir. Azərbaycanın milli silahı olan "İstiqlal" snayper tüfəngindən açılan atəş nəticəsində düşmən bayrağının təsvir olunduğu hədəf dəqiqliklə məhv edilmişdir. Sonra kəşfiyyat-təxribat və xüsusi təyinatlı bölmələr məlumatların toplanması, silah, texnika və sənədlərin əldə edilməsi məqsədilə "Basqın", "Pusqu" və "Axtarış" döyüş fəaliyyətlərini göstərmişlər.

Təlim zamanı dağlıq ərazidə düşmən texnikasının məhdud hərəkətindən yararlanaraq silahdöyüş sursatından istifadə etmədən düşmənin BMP döyüş maşını ələ keçirilmiş, düşmən avtomobili əvvəlcədən hazırlanmış pusquya salınaraq sıradan çıxarılmış, canlı qüvvə və düşmənin idarəetmə məntəqəsi məhv edilmişdir.

Xüsusi təyinatlı bölmələr döyüş maneə zolağından məharətlə keçmişdir.

Ali Məclisin Sədri kəşfiyyat bölmələrinin döyüş hazırlığı ilə maraqlanmışdır.

Kəşfiyyat qruplarının düşmən arxasındakı müşahidə və istirahət yerləri, ekstremal şəraitdə suqida məhsullarının əldə edilməsi, kəşfiyyatçıların müxtəlif relyefə və iqlim şəraitinə uyğun ərazilərdəki döyüş fəaliyyəti, müşahidə yerləri və mövqeləri barədə məlumat verilmiş, əsirlərin zərərsizləşdirilməsi və təxliyəsi əyani şəkildə nümayiş etdirilmişdir. Bildirilmişdir ki, xüsusi təyinatlılar və kəşfiyyat bölmələri ən müasir lazer, kollimator, optik gündüz və gecəgörmə cihazları, pilotsuz uçan aparatlar, uzaq və yaxın məsafələrə yüksək dəqiqliklə atəş açmağa imkan verən səssiz silahlarla, dağ şəraitində etibarlı rabitə əlaqəsi yaradan fərdi rabitə və dağçılıq vasitələri, müxtəlif iqlim şəraitində istifadə olunan geyim formaları ilə təchiz edilmişdir.

Daxili Qoşunların təminatında olan müasir texnikanın döyüş imkanları nümayiş etdirilmiş, müxtəlif çaplı silahlardan atəş açılmış, seçilmiş hədəflər məhv edilmişdir. Təlimdə xüsusi təyinatlı bölmələrdən ayrılmış havataktiki desantlar düşmən müdafiəsinin dərinliyindəki yaxınlaşma yolları, hakim yüksəkliyi və aşırımı ələ keçirmiş, düşmənin canlı qüvvəsini məhv etdikdən sonra əsas qüvvələrin irəliləməsini və döyüşə salınmasını təmin etmişlər. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı bölmələri ərazini minalardan təmizləmiş, dağlıq ərazidən yaralıları müxtəlif üsullarla təxliyə etmişlər. Xüsusi təyinatlı bölmələr qarşıya qoyulan tapşırığı məharətlə yerinə yetirmiş, üçrəngli Azərbaycan bayrağını şərti olaraq ələ keçirilmiş zirvədən asmışlar.

Ali Məclisin Sədri xüsusi təyinatlı bölmələrin çətin relyef şəraitində döyüş fəaliyyəti zamanı istifadə olunan dağçılıq ləvazimatlarına baxmışdır. Bildirilmişdir ki, ordumuzun təminatında olan bu ləvazimatlar çətin coğrafi şəraitdə qarşıya qoyulan döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla da üç mərhələdən ibarət təlimin ilk iki mərhələsi uğurla başa çatmışdır.

Sonra "Mexanikləşdirilmiş briqadanın dağlıq ərazidə müdafiə olunan düşmən üzərinə hücumu" adı altında taktiki təlimin üçüncü mərhələsi başlanmışdır. Avanqard tank bölüyü mexanikləşdirilmiş tabor tərkibində hücuma keçmiş, düşmənin ön mühafizə bölmələrini darmadağın edərək əlverişli mövqeni tutmuşdur. Beləliklə, əsas qüvvələrin döyüşə yeridilməsi təmin edilmişdir.

Təlim zamanı briqadanın hücumunu birliyin artilleriya qruplaşması dəstəkləyərək artilleriya hazırlığını həyata keçirmişdir. Əsas hücum qüvvələri tabor, bölük və taqım kolonlarına açılaraq yüksək sürətlə hücum həddinə çıxmış və atəşlə müdafiə olunan düşməni darmadağın edərək müdafiənin dərinliyinə irəliləmişlər. Cinahlardan hücum edən bölmələri qorumaq üçün tank əleyhinə ehtiyat və səyyar maneəqurma dəstəsi təyin olunmuş məntəqələri tutmuş və verilən tapşırıqları uğurla yerinə yetirmişlər.

Mexanikləşdirilmiş briqadanın bölmələrini düşmənin hava hücumu vasitələrindən qorunmasını zenit-raketzenit-artilleriya bölmələri təmin etmişdir. Mexanikləşdirilmiş briqadanın bölmələri ilə qarşılıqlı əlaqədə hücumda müasir texnikasilahla silahlanmış Sərhəd Diviziyasının çevik hərəkət taboruDaxili Qoşunların mobil bölməsi iştirak etmişdir.

Artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirmiş, hədəflərə dəqiq zərbələrin endirilməsində məharətlərini göstərmişlər. Tank və piyadanın döyüş maşını heyətləri idarə etdikləri texnikanın manevr və atəş gücündən tam istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.

Müdafiə səddinə soxulan düşmən qruplaşmasının darmadağın edilməsi, əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı üzrə aparılan irimiqyaslı birgə atışlı taktiki təlimə ümumilikdə 1000 nəfərdən artıq şəxsi heyət, 200 döyüş və döyüştəminedici texnika, o cümlədən müasir artilleriya və rabitə sistemləri və döyüş vertolyotları cəlb edilmişdir.

Təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirmiş, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdur.

Ali Məclisin Sədri Vasif Talıbov Azərbaycan Silahlı Qüvvələri Günü və hərbi təlimlərin uğurla başa çatması münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin şəxsi heyətini və tədbir iştirakçılarını təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalqonun bir hissəsi olan ordu təşkil edir" - kəlamını xatırladaraq demişdir: Ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi faktorudursa, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi vardır. Bütün bunlara görə xalqımız müstəqil dövlətimizin və ordumuzun qurucusu ulu öndər Heydər Əliyevə borcludur.

Ali Məclisin Sədri demişdir: Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur. Silahlı Qüvvələrimizin ölkəmizin digər ərazilərindəki birləşmə və hissələri kimi, Naxçıvan Muxtar Respublikası ərazisindəki hissələri də böyük təşkilatlanma və quruculuq yolu keçmiş, öz peşəkarlığını artırmış, maddi-texniki bazasını gücləndirərək bugünkü səviyyəyə gəlib çatmışdır. Qeyd olunan səviyyənin konkret ifadəsi bu gün keçirilən hərbi təlimin yekunudur.

"Hərbi təlimin yekunu bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki hissə və birləşmələri lazımi səviyyəyə gəlib çatmış, şəxsi heyətdə çeviklik, müasir hərbi texnikadan istifadə məharəti yüksəlmişdir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublika əhalisi əmin ola bilər ki, onlar Silahlı Qüvvələrimiz tərəfindən etibarlı müdafiə olunurlar.

Ali Məclisin Sədri zabit və əsgərlərə müraciət edərək demişdir: "Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Öz döyüş məharətinizi davamlı olaraq yüksəltməli, torpaqlarımızın etibarlı müdafiəsini təmin etməli, işğal altında olan torpaqlarımızın azad olunmasına hər an hazır olmalısınız. Belə bir ifadə var: o ordu güclü deyil ki, onun müasir silah-sursatı və hərbi texnikası var; o ordu güclü hesab olunur ki, onun şəxsi heyətində yüksək vətənpərvərlik, ruh yüksəkliyi var. Bugünkü hərbi təlimi müşahidə edərkən Silahlı Qüvvələrimizin şəxsi heyətində ən birincisi vətənpərvərliyi, ruh yüksəkliyini və peşəkarlığı gördük".

Ali Məclisin Sədri bütün bunlara görə hərbi təlimin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirmiş, bir daha onları Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik etmiş, şəxsi heyətlə səmimi söhbət etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələri uğurlu inkişaf yolu keçmişdir. Təlimlər getdikcə təkmilləşdirilir, hərbçilərin peşəkarlığı artır, texnikalardan, silahlardan lazımi səviyyədə istifadə olunur. Nəticə isə göz qabağındadır. Texnikaların idarə olunması onu göstərdi ki, hərbçilər müasir texnikalardan istifadəni yüksək səviyyədə mənimsəmişlər.

Sonra Ali Məclisin Sədri təlimdə fərqlənən 300-dən artıq zabit, gizir və əsgəri qiymətli hədiyyələrlə mükafatlandırmış, hərbi qulluqçularla xatirə şəkli çəkdirmiş, onlara ruh yüksəkliyi, mərdlik və mübarizlik arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 5.