Bakıda “Böyük İpək Yolu” Beynəlxalq gənclər
konqresi və festivalı
başlamışdır
İyunun 27-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakıda, "Gülüstan" sarayında "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresi və festivalı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, toplantıda 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edirlər.
Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev tədbiri açaraq bildirmişdir ki, əsas məqsəd tarixi Böyük İpək Yolunun üzərində yerləşən ölkələrin gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı və müxtəlif din, dil və mədəniyyət daşıyıcılarının sıx əlaqə qurmaları üçün şəraitin yaradılmasıdır.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Nazir bildirmişdir ki, Azərbaycan, xüsusilə, onun paytaxtı Bakı Qərblə Şərqi, islam və xristian dinlərini, müxtəlif mədəniyyətləri və sivilizasiyaları birləşdirən mərkəzdir. Buna görə də Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən ölkələrin gənclərini birləşdirən bir körpü rolu oynamalıdır.
Azərbaycan gənclərinin təşəbbüskarlığını yüksək qiymətləndirən A.Rəhimov demişdir ki, bugünkü tədbir müxtəlif ölkələrin gəncləri üçün yeni bir platforma olacaqdır.
Nazir vurğulamışdır ki, ötən il bu məkanda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Sərhədsiz sülh üçün" devizi altında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva demişdir ki, mədəniyyətlərarası dialoq artıq sərhədləri aşmışdır, sırf kulturoloji problem çərçivəsindən çıxaraq böyük siyasətin bir hissəsinə çevrilmişdir.
Forumda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və analitik informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək demişdir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin vacib hissəsinə çevrilmişdir. Bu gün Azərbaycan gəncliyinin ictimai həyatda, iqtisadiyyatda rolu artmışdır. Onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişlər. İndi gənclərin potensialından istifadə cəmiyyətimizin ən vacib məsələlərindən biridir. Dövlət inkişaf etdikcə gənclər ən müasir tələblərin subyektinə çevrilirlər.
E.Aslanov bildirmişdir ki, bu gün "coğrafiya", "geologiya" və "geopolitika" terminləri Azərbaycanın dünyada mövqeyini təyin edir. Azərbaycan müstəqilliyini bərpa etdiyi 21 il ərzində sovet respublikasından müasir, inkişaf etmiş ölkəyə çevrilmişdir. Ölkəmiz iqtisadi sahədə, xüsusilə, enerji sektorunda ciddi nailiyyətlər qazanmışdır. Azərbaycan İpək Yolu üzərində ən strateji ölkədir. Regionda bizim iştirakımız olmadan heç bir layihə həyata keçirilə bilməz.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır, milyonlarla soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Bununla bağlı BMT-nin 4 qətnaməsi qəbul olunsa da, Ermənistan 20 ildir ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmaqdan imtina edir.
E.Aslanov demişdir ki, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması çox böyük iqtisadi təkana səbəb ola bilər və bundan dünya da yararlanar. Hazırda Azərbaycan torpaqlarının işğal altında saxlayan Ermənistanın özü də iqtisadi böhran içərisində yaşayır.
Sonra Macarıstan, Qazaxıstan, Yunanıstan, Tacikistan, Türkiyə, Özbəkistan və digər ölkələrin nümayəndələri çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirmişlər.
İyunun 30-da başa çatacaq konqres işini panel müzakirələrlə
davam etdirəcəkdir. Panel müzakirələrə
"Gənclər siyasəti: təcrübə və əməkdaşlıq
imkanları", "Sivilizasiyalar və mədəniyyətlərarası
dialoq: gənclər arasında
tolerantlığın və qarşılıqlı
anlaşmanın bir vasitəsi" kimi mövzular, eləcə
də Beynəlxalq Gənclər Təşkilatının təsis
olunması, Bakı Bəyannaməsinin qəbul edilməsi daxildir. Bununla
yanaşı, gənc fotoqrafların və rəssamların sərgisi
və müxtəlif ölkələrdən olan
yaradıcı gənclərin iştirakı ilə qala-konsert də keçiriləcəkdir.
Azərbaycan.- 2012.- 28 iyun.- S. 6.