Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilmişdir
Portuqaliyanın xarici işlər
naziri Paulo Portasın Azərbaycana səfəri
çərçivəsində iyunun 27-də Bakıda Azərbaycan-Portuqaliya biznes
forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə keçirilən
forumda Portuqaliya inşaat, qida sənayesi, İKT, kimya, əczaçılıq, avadanlıq
istehsalı və digər sahələrdə
fəaliyyət göstərən
iş adamlarından ibarət nümayəndə
heyəti ilə təmsil olunmuşdur.
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını
vurğulamışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan xarici investisiyalar üçün
cəlbedici və əlverişli ölkə
olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır.
Azərbaycan ilə Portuqaliya
arasında əməkdaşlığın
inkişaf etdiyini deyən nazir müavini biznes forum və işgüzar görüşlərin iqtisadi
əlaqələrin genişlənməsindəki
rolundan danışmışdır.
Portuqaliyanın xarici işlər
naziri Paulo Portas bildirmişdir ki, Azərbaycana səfərinin
məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin
gücləndirilməsinə təkan vermək, Portuqaliyadan Azərbaycana ixracı dəstəkləmək,
eyni zamanda, Portuqaliyaya Azərbaycandan sərmayə cəlb etməkdir. "Təəssüf
olsun ki, ölkələr arasında ticarət
dövriyyəsi
istədiyimiz səviyyədə
deyil. Biz qarşılıqlı
əməkdaşlığı genişləndirərək şirkətlərin
bir-birinin bazarında iştirakını təmin
etməyə, bununla da, qarşılıqlı
ticarət dövriyyəsini
artırmağa çalışacağıq".
AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva və Portuqaliyanın Azərbaycandakı səfirliyinin
ticarət müşaviri
Celesta Mota ölkələrinin
iqtisadiyyatına dair təqdimatla çıxış
etmişlər.
Tədbirdə Azərbaycan ilə
Portuqaliya arasında iqtisadi sahədə mövcud əlaqələr
və bu əməkdaşlığın daha da inkişafı
üçün imkanlar,
sahibkarların rolu müzakirə edilmiş, iş adamları arasında ikitərəfli
görüşlər keçirilmişdir.
Biznes forumda
AZPROMO ilə Portuqaliyanın
Xarici Ticarət və İnvestisiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan.- 2012.- 28 iyun.- S. 6.