Azərbaycanlı alimin Nazim və Azərbaycan kitabı Türkiyədə nəşr edilmişdir

 

 Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor Aqşin Babayevin "Nazim və Azərbaycan" kitabı Türkiyədə nəşr edilmişdir.

AzərTAc xəbər verir ki, kitabda türk dünyasının görkəmli sənətkarı Nazim Hikmətin Bakıda nəşr olunmuş "Günəşi içənlərin türküsü (1928)" adlı ilk şeirlər toplusundan tutmuş, ömrünün sonunadək Azərbaycanla qırılmaz əlaqələri geniş şəkildə işıqlandırılmışdır.

Kitabda Nazim Hikmətin unudulmaz şairlərimiz Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və görkəmli bəstəkar Arif Məlikovla dostluğu, respublikamızda nəşr olunan əsərləri, tamaşaya qoyulmuş pyesləri, ssenariləri əsasında çəkilmiş filmləri ilə yanaşı, ona ithaf olunmuş şeirlər, poemalar, elmi əsərlərdən də söz açılmış və  şairlə şəxsən görüşmüş müəllifin unudulmaz xatirələri yer almışdır.

Qardaş ölkənin məşhur nazimşünaslarından Aslan Kavlakın türk dilinə çevirdiyi və "Zeus kitab evi"nin nəfis şəkildə nəşr etdirdiyi kitabın üz qabığında  Nazim Hikmətin portreti Azərbaycan xəritəsi fonunda verilmiş, bununla da əsərin əsas qayəsi, yəni sənətkarın ölkəmizlə bağlılığı simvolik şəkildə əks etdirilmişdir.

Nazim Hikmətin Azərbaycan sevgisini bütün çalarları ilə göz önündə canlandıran kitab cari ilin aprelində İzmirdə təşkil edilmiş kitab yarmarkasında böyük maraqla qarşılanmışdır.

Kitabda həmçinin Aqşin Babayevin keçdiyi həyat yolu, 1972-1975-ci illərdə Türkiyədə çalışması, şairlə şəxsi görüşləri, "Nazim Hikmət", "100 yaşlı Nazim Hikmət", "Nazim Hikmət qalaktikası", Almaniyada  çap olunmuş "N.Hikmətin yaşamı" kitabları, eyni zamanda, roman, povest, hekayələri və elmi əsərləri haqqında da məlumat verilmişdir.

Müəllifin şəxsi arxivindəki çoxsaylı fotolarla müşayiət olunan bu əsər türk və Azərbaycan oxucularına dəyərli töhfədir.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 7.