Şəfiqə
Məmmədova əcnəbi həmkarlarından təbriklər
almaqda davam edir
Şəfiqə Məmmədova əcnəbi həmkarlarından təbriklər almaqda davam edir. Bolqarıstan Kino və Televiziya Akademiyasının prezidenti, Bolqarıstan Elm və İncəsənət Akademiyasının akademiki D.Dmitrovun təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının yeni Kinematoqrafiya İttifaqının yaradılması münasibətilə sizin hamınızı səmimi qəlbdən təbrik etməyə çox şadam. Müasir dünyada hər gün onun simasını dəyişən proseslər baş verir. İnsan fəaliyyətinin bütün sahələrində bir çox köhnəlmiş strukturlar dağıdılır. Həyat dinamikası peşə və yaradıcılıq fəaliyyətinin daha çevik və müasir formalarının yaradılmasını tələb edir.
Müasir və demokratik dövlət olan Azərbaycan Respublikasının iqtisadiyyat və mədəniyyət sahələrində böyük nailiyyətləri onun xaricdəki dostlarını sevindirir, ictimai fəaliyyətin bütün sahələrində inkişafın sürəti heyranlıq doğurur. İnanırıq ki, yeni İttifaq öz fəaliyyətini bügünkü gözəl Azərbaycanın inkişafına uyğun quracaqdır!".
Təbrik məktubları, həmçinin Avrasiya Televiziya və Radio Akademiyasından, Rusiyanın fəxri kinematoqrafçısı V.Ruzin, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti V.Zorin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti V.Petrenko və Belarus Kinematoqrafçılar İttifaqının sədri V.Vasilyevdən gəlmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 28 iyun.- S. 7.