Azərbaycan BMT TŞ-da silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı cinayət törədənləri cəzalandırmağa çağırmışdır

 

 Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə mülki vətəndaşların qorunması mövzusu üzrə keçirilən iclasında çıxış etmişdir. Azərbaycan nümayəndəsi bildirmişdir ki, beynəlxalq icma silahlı münaqişələrdə mülki vətəndaşların qorunmasına dair qətnamələr, sanksiyalar, BMT sülhməramlı əməliyyatları və digər vasitələrlə normalar təyin etməyə çalışsa da, bütün dünyadakı silahlı münaqişələrdən məhz mülki vətəndaşlar ən çox əziyyət çəkirlər. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, mülki əhaliyə qarşı müharibə cinayətləri, soyqırımı aktlarının, humanitar qanunları və insan hüquqları qanunlarını kobud şəkildə pozan halların qarşısını almaq üçün ən səmərəli yol bu əməlləri həyata keçirənləri məsuliyyətə cəlb etməkdir. Liberiyanın keçmiş prezidenti Çarlz Teylor, Konqonun siyasi lideri Tomas Lubanqa kimi şəxslərin törətdiklərinə görə məsuliyyətə cəlb edilməsi bu cür cinayətlərin unudulmaması, bağışlanmaması və hətta ən yüksək səviyyəli rəsmilər tərəfindən belə həyata keçirilməsinin qəbulolunmazlığı barədə aydın mesaj vermişdir.

Təəssüflər olsun ki, bu gün elə dövlətlər vardır ki, hökumət səviyyəsində "cəzasızlıq" mədəniyyəti aşılayır, işğalçı təcavüzü, qonşuya nifrəti, günahsız insanların evlərindən qovulmasını, bəşəriyyətə qarşı ən ağır cinayətlər törədənləri dəstəkləyir və qəhrəman kimi qələmə verir. Davamlı sülhün, ədalət və həqiqətin, barışın bərqərar olunması, münaqişədə mülki qurbanların hüquqları və maraqlarının qorunması və ümumiyyətlə, cəmiyyətin sağlamlığı naminə belə "cəzasızlıq" mədəniyyətinə son qoyulmalıdır. Əhalinin təhlükəsizliyinin təmini münaqişələrin uzunmüddətli siyasi nizama salınmasına yetişməsi və postmünaqişə vəziyyətlərində inkişafa yardım edilməsi üçün əsas şərtdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi vurğulamışdır ki, ölkəmiz silahlı münaqişələrdə mülki vətəndaşların əziyyətləri barədə öz təcrübəsindən yaxşı məlumatlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq icma tərəfindən ən ciddi cinayətlər hesab edilən əməllərlə müşayiət olunmuşdur. Belə ki, 1980-ci illərin sonlarında Ermənistandan 230 min nəfərədək Azərbaycan mənşəli əhali qovulmuş, bu prosesdə qətllər, işgəncələr, məcburi yoxa çıxmalar və digər cinayətlər yer almışdır. 1991-1994-cü illərdə isə Ermənistan Azərbaycan ərazisində döyüş əməliyyatlarına başlayanda Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı, davamlı və gərgin hücuma keçmişdir. O cümlədən, 1992-ci ilin fevralında Xocalı şəhəri tamamilə yerlə-yeksan olunmuş, əhalisi görünməmiş qırğına məruz qalmışdır.

Diplomat diqqətə çatdırmışdır ki, tərəflər arasında 1994-cü ildə atəşkəs haqda razılaşma əldə edilsə də, son aylar təmas xətti boyu Azərbaycanın mülki əhalisi və mülki obyektlərinə qarşı ermənilərin hücumları artmışdır. Ötən il təmas xəttinə yaxın yaşayan 9 yaşlı azərbaycanlı uşaq erməni snayperi tərəfindən qətlə yetirilmişdir. Bir müddət sonra isə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan ərazisindən Azərbaycana axan çaya buraxılan uşaq oyuncağının içinə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız həlak olmuş, onun 32 yaşlı anası ciddi yaralanmışdır.

Uşaqların qətli də daxil olmaqla, Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlar Ermənistanın təcavüz və nifrət siyasətinin bir hissəsidir. Səfir Mehdiyev xatırlatmışdır ki, 2000-ci il dekabrın 15-də Ermənistanın hazırkı prezidenti, o zamankı müdafiə naziri Serj Sarkisyan Ermənistanın hücumları nəticəsində həlak olan minlərlə azərbaycanlı vətəndaş ilə bağlı heç bir təəssüf hissi yaşamadığını bildirmişdir. Çünki minlərlə insan həlak olsa belə, bu cür hallar zəruridir. Ermənistan hakimiyyətinin mülki vətəndaşların qorunması ilə bağlı mövqeyinə əlavə şərh tələb olunmur.

BMT yanında daimi nümayəndəmiz sonda bəyan etmişdir ki, Azərbaycan silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı bütün hücumları pisləyir. Münaqişə tərəfləri beynəlxalq humanitar qanunlarainsan hüquqları barədə sənədlərə qəti şəkildə riayət etməlidir. Günahsız insanlar münaqişələrin nizama salınması prosesində ləngimələrə görə cəzalandırılmamalıdırlar. İnsan həyatına sadiqlik, beynəlxalq hüquq normaları və prinsiplərinə riayət və işğalçı qüvvələrin çıxarılması ilə qarşı tərəf danışıqlar prosesində irəliləyişin əldə edilməsi istəyini nümayiş etdirə bilər.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 8.