XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində

 

 Akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edirik

 

XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazanmışdır. Azərbaycan xalqı öz taleyini müstəqil müəyyən etmək, dövlətçilik ideyalarını həyata keçirmək, müstəqil gələcəyi barədə amallarla yaşamaq imkanı əldə etmişdir.

Biz ölkəmizin bir siyasi-iqtisadi sistemdən digərinə transformasiyasının başlanmasından iyirmi il sonra deyə bilərik ki, dövlətçiliyimiz bəzən çox ciddi sınaqlara, hətta dövlət çevrilişi cəhdlərinə məruz qalmış olsa da, bütövlükdə yüksələn xətt üzrə inkişaf etmişdir. Biz gələcəyimizi müəyyən edərək, irəliyə doğru  məqsədyönlü hərəkət etmişik.

Bizim fəaliyyət xəttimiz təkcə bir siyasi-iqtisadi strukturdan digərinə keçid istəyinin rəmzi olmayıb, həm də moderndən postmodernə, sənaye dünyasından postsənaye dünyasına transformasiya arzusunun təcəssümü idi. Şübhəsiz, zəruri inkişaf nöqtəsinə çatmaq üçün biz hələ çox iş görməliyik: inkişaf vektorunu təkmilləşdirmək, iqtisadiyyatı neft ixracından asılılıqdan azad etmək və biliklər iqtisadiyyatının, elmtutumlu istehsalatların, yüksək texnologiya və innovasiyalar sahəsinin yaradılmasına keçmək lazımdır. Bu gün Azərbaycanda inkişafın məqsədi dəqiq müəyyənləşib, hansı istiqamətdə hərəkət etməyimizi və sonrakı nəsillər üçün necə  gələcək qurmaq niyyətində olduğumuzu bilərək, irəliləyirik. Keçən əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi seçim ilə müasir Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni sahələrdə inkişaf istiqamətləri müəyyənləşmişdir. Bir daha təsdiq olunmuşdur ki, güclü, qüdrətli dövlət qurmaq, zamanın axarından geri qalmamaq üçün siyasi və iqtisadi transformasiya, yeni intellektual nəslin formalaşması, innovasiyalar, cəmiyyətin səfərbər edilməsi zəruridir. Bu halda Azərbaycan modernləşir, iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ermənistanın ərazimizin iyirmi faizini işğal etməsi və faktiki müharibə şəraitində yaşamağımıza baxmayaraq, demokratik siyasi təsisatlar təşəkkül tapır.

Buna görə də hansı sosial-iqtisadi modeli yaratmaq istəməyimiz, insan potensialımızdan istifadə etməklə bağlı planlarımız və bunun nəticəsi kimi yaxın 30-40 il ərzində çata biləcəyimiz zirvələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar xəyal deyil, milli tariximizə, mənəvi dəyərlərimizə, intellektual insan resurslarımıza və millətin potensialına layiq inkişaf səviyyəsinə çatmağın yollarını bilən xalqın hədəfləridir.

Bununla bərabər, 2004-cü ildən başlayaraq Azərbaycanı xarakterizə edən inkişaf tempini qoruyub saxlamağı bacarmağımız çox vacibdir. Bu gün daha sürətlə yeniləşmə, modernləşmə və yeni intellektual nəslin formalaşması üçün həmişəkindən daha çox imkan vardır. Qlobal qeyri-sabitlik və idarə edilən xaos yaratmaqla bağlı müxtəlif ssenarilərin reallaşdığı şəraitdə Azərbaycanın gələcəyinə aid məsələ təkcə aktual deyil. Bu, həm də elə bir məsələdir ki, onu müasir, güclü və qüdrətli dövlətçilik ənənələrini yaşatmağa tam hazır olan fəal, əzmkar gənclər həll etməlidirlər. Bu yeni intellektual nəslin nümayəndəsi müasir Azərbaycanın insan potensialının klasteri kimi postmodern dəyərləri formalaşdıracaqdır. Ona görə ki, XXI əsrdə postsənaye cəmiyyəti kontekstində modernləşmə ideyası zamanın çağırışına çevrilir.     

 

***

 

Yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalarla müşahidə olunur. Cəmiyyətlərin formalaşması ilə bağlı problemlərin həllində əvvəlki yanaşmalar artıq effektiv deyildir. İndi güclü inkişafa stimul verən yeni innovativ metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkil olmağı, nizamlılığı və mövcudluğunu qorumağı, dövlətin rəqabət qabiliyyətini təmin edəcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərin lokomotivi rolunda yeni dəyişikliklərə müvafiq olaraq formalaşan millət özü, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyəti çıxış edir.

Azərbaycan bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi üçün nadir imkanlara malikdir. Azərbaycan milləti insan və təbii resurslarına, sosial-iqtisadi və mənəvi bazasına, yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinə güvənərək, yeni eranın ruhuna uyğun cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada isə bir deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşməsindən ibarətdir. Buna görə də ölkəmiz milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən bacarıqla istifadə etməlidir.

Sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o, özünün həyat strategiyasını reallaşdırmağa can atır. Bu sözlər bütövlükdə millətə də aiddir. Hər bir millətin milli strategiyası vardır (hər halda, olmalıdır), amma bu, heç də o demək deyildir ki, bütün millətlər həmin strategiyanı yaratmaq iqtidarındadır. Lakin bu danılmaz faktdır ki, bütün millətlər belə bir strategiyalarının olmasına çalışırlar. Konkret məsələlərin həllinə yönəlmiş milli strategiya millətin gücüdür. Milli strategiyanın həyata keçirilməsi hər bir millətin siyasi elitasının gündəlik qayğısıdır, onun üçün bir növ şüuraltı, təbii, şübhə doğurmayan məsələdir.

Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik olmasını və əhalisinin sayının azlığını (qonşu Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.

Bu strateji hədəfə çatmaq Azərbaycan cəmiyyətinin hər bir üzvünün müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışması, özünün tərəqqiyə nail olmaq istəməsi ilə mümkündür. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin, bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması Azərbaycanda müasir cəmiyyət qurulması üçün əsas stimul ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın formalaşmasının əsas tərkib hissəsi kimi ölkənin innovativ modernləşməsinin əsasını təşkil etməlidir.

Bununla bərabər, "Qızıl milyard" dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovativ modernləşməsinə, müasir cəmiyyət quruculuğuna nail olmağın daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatçı və istiqamətverici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuzluğa düçar ola bilər.

1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etmişdir. O, dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır.

Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan vermiş, bu isə yığılıb qalmış sosial problemlərin tədricən həllinə gətirib çıxarmışdır. Hakimiyyət səylərini inkişafın yeni vasitələrinin axtarışına yönəltməli olduğunu müəyyən etmişdir. Çünki milli təhlükəsizliyin möhkəmlənməsi sahəsində uğurlar bir çox cəhətdən iqtisadiyyatın inkişafı, cəmiyyətin mənəvi və intellektual vəziyyəti ilə şərtlənir.

Bir çox dövlətlərin təcrübəsi göstərir ki, ölkədə daxili siyasi və iqtisadi stabillik artdıqca, cəmiyyətdə keçmişin dərslərindən nəticə çıxarmağa, ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırmağa yönəlmiş gələcək inkişaf tendensiyalarına cavab verən yeni dəyərlərə də tələbat yaranır.

Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başladığı 1998-ci ildə Azərbaycan cəmiyyətində hərc-mərclik və özbaşınalıq geridə qalmış, yeni dəyərlərə meyil hiss edilmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur. Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektiv mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır.

Bu baxımdan 2003-cü ilin prezident seçkiləri dönüş anı olmuşdur. O dövrdən etibarən Prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq və zamanın çağırışlarına uyğun olaraq yeni  dövləti vəzifələri həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident dərk edirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrinə yenilik gətirməkdir.

İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayandan az sonra imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında" (noyabr 2003-cü il), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" (fevral 2004-cü il) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir.

 

 Modernləşdirmə və innovativ iqtisadiyyat

 

Müasir dünya qloballaşmışdır. Qlobal dünyada ən yeni texnologiyaları mənimsəyən, insanın hərtərəfli inkişafına sərmayə qoyan millətlər rəqabətə daha davamlı olacaqlar. Millətin modernləşməsi, onun rəqabət potensialının artırılması zamanın qarşısıalınmaz tələbidir. Əgər biz müasir tarixin artan tələblərinə cavab vermək, Azərbaycanın daha da çiçəklənməsinə nail olmaq istəyiriksə, bu tələblə hesablaşmalıyıq. Bu kontekstdə modernləşmənin mövcud nəzəriyyəsini və anlayışın özünü fərqləndirmək lazımdır. Qeyd etmək yerinə düşər ki, modernləşmə nəzəriyyəsi bütün dünyanı əhatə edən modernləşmə prosesi ilə bağlı aparılmış tədqiqatlardan əldə edilmiş nəzəri nəticələrin məcmusu kimi çıxış edir. Nəticədə klassik modernləşmə nəzəriyyəsi adlanan nəzəriyyə yaradılmışdır (bax: Harrison D. The Sociology of Modernization and Development. London: Unwin Human, 1988).

Klassik nəzəriyyəyə görə, modernləşmə ənənəvi aqrar cəmiyyətdən keyfiyyətcə yeni istiqamətdə inkişaf etməkdə olan sənaye cəmiyyətinə tarixi keçid prosesidir. Sonradan bu proses həm qabaqcıl ölkələrdə, həm də nisbətən geri qalan, daha yüksək inkişaf etməyə çalışan ölkələrdə davam edir. Sənaye cəhətdən inkişaf etmiş ölkələr klassik modernləşmə mərhələsini başa çatdırdıqdan sonra XX əsrin 60-cı illərində inkişafın növbəti mərhələsinə daxil olmuşlar. Lakin sənaye cəmiyyəti bəşəriyyətin inkişafı prosesinin son nöqtəsi deyildir. Elmin və texnologiyanın tərəqqisi nəticəsində bu cəmiyyət yeni inkişaf stimulu əldə etmişdir. Artıq 1970-1980-ci illərdə Qərb tədqiqatçıları "sənayeləşmə" və "modernləşmə" kimi elmi terminlərə "post" sözönünü əlavə etməyə başlamışlar. Postmodernləşmə nəzəriyyəsi bu yeni terminləri birləşdirərək "postmodernizm" və "postmodernləşmə", "postsənayeləşmə cəmiyyəti" kimi anlayışları özündə ehtiva etmişdir. Amerikalı tədqiqatçı, professor D.Böll 1973-cü ildə "Gələcək postsənaye cəmiyyəti" adlı kitab çap etdirmişdir (bax: Bell D. The Coming of Post-Industrial Society: A Venture in Social Forecasting. New York: Basic Books, 1973). Böllə görə, bəşər cəmiyyətinin inkişafı üç mərhələdən ibarətdir: sənaye cəmiyyətindən əvvəlki mərhələ, sənaye cəmiyyəti və postsənaye cəmiyyəti. Digər amerikalı tədqiqatçılar E.Toffler və S.Hantinqton da cəmiyyətin inkişafını analoji dövrlərə bölürlər. E.Toffler "Üçüncü dalğa" adlı əsərində bəşəriyyətin inkişafı prosesini aqrar, sənaye və postsənaye dövrlərinə bölür (bax: Toffler G. "Tretğə volna", M., AST, 2010). S.Hantinqton isə öz əsərində cəmiyyətin demokratikləşməsinin üç dalğasından bəhs edir (bax: Xantinqton S. "Tretğə volna". Demokratizaüiə v konüe XX veka. M., AST, 2004).

Klassik modernləşmə nəzəriyyəsinə uyğun olaraq ənənəvi cəmiyyətin müasir cəmiyyətə, yəni aqrar cəmiyyətin sənaye cəmiyyətinə transformasiyası modernləşmə, müasir cəmiyyətin postmodern cəmiyyətə, yəni sənaye cəmiyyətinin postsənaye cəmiyyətinə transformasiyası isə postmodernləşmədir.

Modernləşmə iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və beynəlxalq rəqabətdə ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid ilə bağlı dəyişikliklər prosesini əhatə edir. Bu keçid zamanı müxtəlif ölkələr müasir dünya meyarlarına görə yüksək inkişaf səviyyəsinə çatmağa, bu səviyyəni saxlamağa çalışırlar. Daha dəqiq desək, modernləşmə sivilizasiyaların inkişafının, transformasiyasının və beynəlxalq rəqabətinin məcmusudur.

XVIII əsrdən XXI əsrə qədər dünya modernləşmə prosesi iki əsas dövrə bölünə bilər: ilkin və təkrar modernləşmə.

İlkin modernləşmə sənayeləşmə, urbanizasiya, demokratikləşmə, institusionallaşma, sekulyarlaşma, mexanikləşdirmə, elektrikləşdirmə, avtomatlaşdırma, standartlaşdırma, sosial firavanlıq, deaqrikulturizasiya (məşğulluq səviyyəsinin və ÜDM-də aqrar əməyin payının azaldılması), müasir elm, kütləvi kommunikasiyalar və hamı üçün əlyetərli məktəb təhsili və sair məsələləri əhatə edir.

Təkrar modernləşmənin nəticəsi elmtutumlu cəmiyyətin formalaşması prosesi, informasiyalaşma (informasiya bolluğu), xidmətlər sahəsinin inkişafı, qarşılıqlı şəbəkə fəaliyyəti, rəqəmsal texnologiyaların yayılması, innovasiyalara hazırlıq, şaxələndirmə, plüralizm, ekolojiləşdirmə, yaşıllaşdırma, maddi istehsalın payının azaldılması, yenidən maddiləşmə, yenidən sənayeləşmə (məşğulluq səviyyəsinin və ÜDM-də sənaye əməyinin payının azalması), urbanizasiyaya məruz qalmış və aqrar sahələr arasında tarazlıq yaradılması, fasiləsiz təhsil, hamı üçün əlyetərli ali təhsil və s. proseslərdir.

Təkrar modernləşmənin gedişində həyatın keyfiyyəti ön plana keçir. Həyatın maddi tərəfinin keyfiyyəti müxtəlif ölkələrdə oxşar ola bildiyi halda, mənəvi və mədəni həyat hər yerdə müxtəlif şəkildə, xalqın tarixi formalaşması və inkişafı prosesinə uyğun olaraq qurulur.

Modernləşmə anlayışının nəzəri müddəalarının dörd təbəqəsi vardır. Birincisi, bu, XVIII əsrin sənaye inqilabı dövründən başlayaraq bəşər sivilizasiyasında dəyişikliklərin ən mühüm növlərindən biri olub fəaliyyətdə, davranışda, prosesdə, məzmunda, strukturda, sistemdə və bu ideyanın özündə dəyişiklikləri əhatə edir. Modernləşməyə təhsil, inkişaf, dəyişiklik və innovasiyalar daxildir. O, iqtisadiyyat, cəmiyyət, siyasət, mədəniyyət, ekologiya, şüur səviyyəsi, dünyagörüşü və sivil cəmiyyətin əxlaq kodeksinin müddəalarının fərd tərəfindən mənimsənilmə dərəcəsi və s. sahələrə aiddir.

İkincisi, modernləşmə tarixi prosesdir. Bu, təhsil, inkişaf və innovasiyalardan ibarət kompleks prosesdir. İlkin modernləşmə dedikdə, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına, o cümlədən aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına, aqrar cəmiyyətdən sənaye cəmiyyətinə, aqrar mədəniyyətdən sənaye mədəniyyətinə keçid prosesi başa düşülür. Təkrar modernləşmə dedikdə, sənaye sivilizasiyasından informasiya sivilizasiyasına keçid prosesi, o cümlədən iqtisadiyyat, cəmiyyət, mədəniyyət, ekologiya və sair sahələrdə müvafiq dəyişikliklər prosesi başa düşülür.

Üçüncüsü, modernləşmə beynəlxalq rəqabətin tərkib hissəsidir - ölkələr bir-birini ötüb keçməyə və ümumdünya inkişafının yüksək səviyyəsinə çatmağa çalışırlar.

Dördüncüsü, modernləşməni həm mütləq, həm də nisbi baxımdan nəzərdən keçirmək olar. Bir ölkə çərçivəsində dəyişikliklər və artım mütləq modernləşmə olduğu halda, müxtəlif ölkələri müqayisə edərkən nisbi modernləşmə mənzərəsi yaranır.

Modernləşmə ayrı-ayrı insanların inkişafının səciyyəvi cəhəti və şəxsi seçimidir. Onsuz cəmiyyətdə durğunluq baş verir. Əgər siz modernləşmədən imtina edirsinizsə, sizin həyat səviyyəniz ilə modernləşməni qəbul edənlərin həyat səviyyəsi arasında fərq yalnız artacaqdır.

Prezident İlham Əliyevin "qara qızıl"ı insan kapitalına çevirək" sözləri xətti iqtisadi artıma, yəni iqtisadi inkişafın əvvəlki ənənəvi forma və metodlarına yekun vurmuş və ölkənin sənayeləşməsinin başa çatmasını gözləmədən iqtisadiyyat və istehsal sahəsində kreativ sferaların - postsənaye cəmiyyətinin əsaslarının yaradılmasına hazırlığa keçid vəzifəsini müəyyən etmişdir. 2003-cü ildən sonra ölkəmizdə həyata keçirilməyə başlanmış sosial-iqtisadi layihələrə nəzər salsaq görərik ki, Prezidentin bu sözləri XXI əsrdə Azərbaycanın inkişafının keyfiyyətcə yeni kursunu müəyyən etmişdir. Modernləşmə dövlətin əsas inkişaf istiqaməti statusu qazanmışdır.

Yeni yüzilliyin birinci onilliyində bəşəriyyətin siyasi, iqtisadi və ideoloji gözlənilməzliklərlə qarşılaşmasını nəzərə alsaq, bu, dövlət siyasətində çox mühüm dönüş idi. Şübhə yoxdur ki, dünya çoxqütblülüyə qayıdır, Qərbin Şərqə münasibətdə köhnə ideya-siyasi doktrinası yenilənmiş formada daha aydın hiss edilir, "sivilizasiyaların toqquşması" təkcə filosofların mülahizələrinin nəticəsi deyildir. Üstəlik, dünya maliyyə və iqtisadi böhranı, digər qlobal problemlər getdikcə yeni təhlükəli xüsusiyyətlər kəsb edir. Dünyanın maliyyə-iqtisadi xəritəsinin bu cür rekonfiqurasiyası böyük dövlətlərin və beynəlxalq dağıdıcı qüvvələrin geosiyasi maraqları sistemində olan kiçik ölkələr üçün ciddi sınağa çevrilir. Bu gün özünü qoruyub saxlamaq üçün zəruri resurslara, zamanın sərt çağırışlarına dözüb dayanmaq qabiliyyətinə malik olmaqla yanaşı, cəmiyyətin salamat qalmasını, ölkənin rəqabət qabiliyyətini təmin edən tamamilə yeni ideyalar və qeyri-standart qərarlar lazımdır.

Hələ yaxın vaxtlarda belə hesab edilirdi ki, texnologiyaların, əmək vasitələri və alətlərinin prinsipial yenilənməsinə əsaslanan texnoloji istehsal üsulları ictimai inkişaf dövrlərinin dəyişməsində həlledici rol oynayır. Bu gün isə onlar öz aktuallığını saxlasalar da, insan kapitalı olmadan ictimai istehsalın bundan sonra da davamlı, dinamik və səmərəli inkişafı, sabit iqtisadi yüksəliş, artan ictimai tələbatın təmin edilməsi ilə bağlı hər hansı problemləri həll etməyə qabil deyildir. Müasir reallıqlar şəraitində fokus nöqtəsi insanın, onun intellektinin və vərdişlərinin, yeni mənalar, innovativ sistemlər yaratmaq qabiliyyətinin, gələcəyini kreativ əsasda modelləşdirmək və qurmaq bacarığının sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsinə, ümumi modernləşmə, innovativ iqtisadiyyatın yaradılması kimi tarixi məsələlərin həllinin əsas mənbəyinə çevrilməsi xeyrinə dəyişir.

Nəticə etibarilə, postsənaye cəmiyyəti məcrasında kreativ modernləşmə vəzifəsi irəli sürülür və innovativ iqtisadiyyatın formalaşmasının əsas subyektinin kim olması probleminin həlli tələb olunur.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş sənaye ölkələrində innovativ iqtisadiyyatın yaradılması cəmiyyətin qruplar və yeni siniflər üzrə bölgüsünə güclü təsir göstərmişdir. Qərbdə bəzi müəlliflər yeni siniflərin yaranması barədə söhbət açaraq "intellektual əməklə məşğul olanlar"ın rolunun və hakimiyyətinin artması, digərləri "peşəkar inzibatçılar sinfi"nin inkişafı və s. haqqında yazmağa başlamışlar. Onlar hamısı cəmiyyətin yeni sinfi strukturunun iqtisadi cəhətlərini nəzərdən keçirirlər. Əlbəttə, yeni zümrənin bazası iqtisadiyyatdır. Bununla belə, innovativ iqtisadiyyatı yaradıcı fəaliyyət prosesində iqtisadi dəyərlər istehsal edən insanlardan ibarət zümrə formalaşdırır. Burada söhbət mülkiyyətə, kapitala və istehsal vasitələrinə malik olan iqtisadi zümrədən getmir. Cəmiyyətin sinfi strukturunun burjuaziya, fəhlə sinfindən və ziyalıların sosial təbəqəsindən ibarət olması barədə vaxtilə marksizm-leninizm  klassikləri tərəfindən irəli sürülmüş nəzəriyyə bu gün öz analitik potensialını itirmişdir.

Texniki və texnoloji proses nəticəsində cəmiyyətin sinfi strukturunun transformasiyası baş verir. Bu, ictimai istehsalın inkişafında zümrələrin yerinin, rolunun və əhəmiyyətinin dəyişməsindən ibarət obyektiv proseslə bağlıdır. İstehsalın yeni texnoloji üsullarının yaranması ilə əlaqədar cəmiyyətin aparıcı zümrəsi rolu yeni sosial subyektə keçir.

Beləliklə, bu qənaətə gəlmək olar ki, postsənaye dövründə, innovativ modernləşmə məsələlərinin həllinə keçid şəraitində kreativ zümrə sosial subyektə çevrilir. Burada kreativ zümrə innovasiyanın əsas lokomotivi, insan kapitalının təkrar istehsalının subyekti, mədəni və informasiya resurslarının sahibi rolunu oynayır. Nəticədə "ictimai zümrə" anlayışı yeni məzmunla zənginləşir.

 

Kreativ zümrə - cəmiyyətin hərəkətverici qüvvəsidir

 

 İqtisadiyyat kreativ zümrənin bazası olduğundan, həmin fenomeni iqtisadi zümrə kimi göstərmək olar. Bu zümrənin iqtisadi funksiyası kreativ peşəkarların sosial və mədəni qərarlarını, eləcə də onların həyat tərzini dəstəkləmək və müəyyənləşdirməkdir. Kreativ zümrə yaradıcılıq prosesində iqtisadi dəyərlər istehsal edən  insanlardan ibarətdir. Bunun nəticəsi olaraq ölkənin və dövlətin inkişafı üçün aktual sosial, iqtisadi və siyasi çağırışlar əhalinin müxtəlif təbəqə və sosial qruplarından bacarıqlı və seçilən vətəndaşları səfərbər edir - intellektual və digər elitaların yenilənməsini təmin edən "sosial lift"lər yaradır.  

Kreativ zümrə ideyasının müəllifi Amerika sosioloqu, kreativ zümrənin inkişafını innovativ iqtisadiyyatla  birbaşa əlaqələndirən professor Riçard Florida olmuşdur. O, zümrə anlayışına belə tərif verir: "Ümumi maraqlara malik, oxşar düşüncə, hissiyyat, davranışa meyilli insanlar toplusu. Lakin bu oxşarlıq xüsusiyyətləri kökdə iqtisadi funksiya - onların yaşayışını  təmin edən iş növü ilə  müəyyən olunur. Digər xüsusiyyətlər ikinci dərəcəlidir" (bax: Florida R. Kreativnıy klass: Lödi, kotorıe menəöt buduhee. M. İzd. Dom. "Klassika - XXI", 2011, str. 23).

Kreativ zümrənin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun nümayəndələrinin məşğul olduğu işin əsas funksiyası "yeni əhəmiyyətli formalar yaratmaqdır". Riçard Floridanın təsəvvüründə kreativ zümrə iki  hissəyə bölünür.  Kreativ zümrənin özəyi -"iqtisadi funksiyası yeni kreativ məzmun, ideya, texnologiya yaratmaq olan elm və texnika, arxitektura, dizayn, təhsil, incəsənət, musiqi və əyləncə sənayesi sahəsində çalışan" insanlardır. "Yeni zümrənin superkreativ özəyinə  alim və mühəndislər, universitet professorları, şair və yazıçılar, rəssam və aktyorlar, dizayner və arxitektorlar, eləcə də müasir cəmiyyətin intellektual elitası: publisistlər, redaktorlar, tanınmış mədəniyyət xadimləri, analitik mərkəzlərin ekspertləri, şərhçilər və baxışları ictimai rəyi formalaşdıran digər insanlar daxildir. Peşəsindən asılı olmayaraq, yaradıcılıq prosesi bu insanların - proqramçıların, mühəndislərin, arxitektorların və ya kinorejissorların ömrünə hakim  kəsilir".

Kreativ zümrəyə özəkdən başqa "yüksək texnologiyalar, maliyyə, hüquq və səhiyyə, biznesin idarə olunması kimi biliklərə əsaslanan bir sıra sahələrdə" çalışan kreativ mütəxəssislərin böyük qrupu daxildir. Bu insanlar kompleks biliklərindən istifadə edərək, spesifik problemlərin yaradıcı həllində iştirak edirlər. Bu, adətən yüksək təhsil səviyyəsini, bununla da yüksək insan kapitalını nəzərdə tutur (bax: Florida R. Yenə orada, s.23, 86). Bu kontekstdə bütövlükdə cəmiyyət üzvlərinin təhsil səviyyəsinin artırılmasında dövlətin rolunu xüsusi qeyd etmək yerinə düşərdi. Dövlət siyasəti ali təhsil müəssisələrində yüksək səviyyəli biliklərin istehsalını və mütəmadi elmi-tədqiqat fəaliyyətini təmin edəcək şərait yaradılmasına yönəldilməlidir.

Kreativ zümrənin cəmiyyətdə əsas məqsədi yeni, qeyri-standart ideyalar yaratmaq, sosial-iqtisadi inkişafın səmərəli strategiyasını irəli sürmək və praktikada həyata keçirməkdir. Cəmiyyətdə güclü kreativ zümrənin mövcudluğu rəqabət üstünlüyünün başlıca mənbəyinə çevrilməkdədir. Odur ki, postsənaye cəmiyyətinə keçid mərhələsində dövlətin qarşısında duran ciddi vəzifə cəmiyyətin əsas istehsal qüvvəsi olan kreativ zümrənin təkrar istehsalı məqsədi ilə dövlət, biznes və vətəndaşlar arasında maraqlar balansını tapmaq üçün tədbirlər sistemi hazırlayıb həyata keçirməkdir.

"Kreativ zümrə" ifadəsi bu gün həm Qərbdə, həm də Şərqdə bir çox siyasətçilərin dilinin əzbəri olmuşdur. Asiya və Avropanın aparıcı ekspertləri bəşəriyyətin və innovativ inkişafın gələcəyini bu zümrə ilə bağlayırlar. "Kreativ" anlayışı göstərir ki, "bu kateqoriyaya aid insanların ümumi əlaməti yeknəsəq icraçılıq fəaliyyəti deyil, məhz yaradıcı fəaliyyətdir". Əgər kreativ zümrənin əsas əlaməti kimi  subyektiv sosial struktur qismində həyati strategiyalara, bazis mövqelərinə münasibətə təsir göstərən, həyati seçimi və şansları müəyyən edən  yaradıcı şəxsi motivasiyanı götürsək, bu anlayış dəqiqləşir, "sərgərdan metafora" xarakterini itirir". Kreativ zümrənin mühüm xarakteristikası "iqtisadiyyatın və ictimai həyatın innovativ sahələri ilə əlaqəsidir... Kreativ zümrə elə ona görə zümrədir ki, dəyişikliklərə istiqamətlənmiş ənənəvi qrup və təbəqələrdən fərqli olaraq, müxtəlif peşələrin, nəsillərin və dini etiqadların nümayəndələri üçün açıqdır" (bax: Volkov Ö. Kreativnıy klass v Rossiyskom obhestve: tendenüii i perspektivı qumanistiçeskoy ideoloqii. Jur. "Vlastğ", 2012, ¹ 1, str. 62, 63).

Əgər kreativ zümrənin cəmiyyətdə roluna ideya-əxlaqi nöqteyi-nəzərdən baxsaq, Y.Q.Volkovun kreativ zümrə "cəmiyyətə münasibətdə konstruktivizm potensialına malikdir, təkcə eşidilmək deyil, həm də müasir dünyada inkişafın alternativsiz variantı olan sosial inteqrasiya və konsolidasiya, kreativ modernləşdirmə  məqsədləri naminə kütlələri öz arxasınca aparmaq şərtlərini özündə ehtiva edir" fikri ilə razılaşmaq olar (bax: yenə orada, s. 64).

Fəlsəfə elmləri doktoru, professor Y.Q.Volkovun bu tezisindən belə nəticəyə gəlmək mümkündür ki, kreativ insanlar millətin tərkibində nə qədər çox olarsa, kreativ zümrə nə qədər tez cəmiyyətin aparıcı qüvvəsinə çevrilərsə, millətin birləşməsi və Azərbaycanın müasir dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə çıxması üçün baza olan innovativ iqtisadiyyatın yaradılması problemləri bir o qədər uğurlu həll olunacaqdır. Bu məqsəd Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür.  Kreativ zümrənin mövcudluğu bütün subyektləri harmonik qarşılıqlı əlaqədə və bir-birindən asılılıqda olan XXI əsr cəmiyyətinin qurulmasının mühüm şərtidir.

Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru Andrey Nikolayeviç Okaranın qeyd etdiyi kimi, "çox vaxt kreativ sinfin nümayəndələrinə  "modernləşdirmə zümrəsi", "innovativ zümrə", "modernləşdirmə nəsli" və s. təriflər verirlər. Lakin zənnimizcə, "kreativ zümrə"nin tərifi onun nümayəndələrinin inteqrasiya  xüsusiyyətlərini - kreativ-yaradıcı fəaliyyətini və həyata kreativ-yaradıcı münasibətini daha dəqiq göstərir (bax: Okara A.N. Novaə ideə dlə novoy Rossii: ot "militokratii" i "petrokratii" k kreatorii. "Nauçnıy gkspert". Nauçno-glektronnıy jurnal. Vıp. 1-2, 2010, str.30).

Dünyanın hər yerə sirayət edən yaradıcılıq, kreativ iqtisadiyyatın yaranması ilə bağlı olan kreativ  islahatlar dövrünə qədəm qoyması elmi dairələrdə etiraz doğurmur, inkişafın amili kimi qəbul olunur.  Kreativlik özünü iqtisadi həyatın mühüm əlaməti,  yeni texnologiyaların, sənayenin, uğurların və bir çox digər iqtisadi səmərələrin mənbəyi kimi göstərməyə başlamışdır.

Yaradıcılıq resursları yeni, son dərəcə qiymətli əlavə dəyər generasiya edir, iqtisadi artımın və sosial inkişafın mühüm amilinə çevrilir. Nəticə etibarilə, kreativ iqtisadiyyatın yaradılması intellektin,  insanın yaradıcılıq potensialının, iqtisadi artımın və milli rəqabət qabiliyyətinin mühüm amili deməkdir. Elmi ədəbiyyatda kreativ iqtisadiyyat yaradıcı sektor iqtisadiyyatı kimi nəzərdən keçirilir. O, elmi tədqiqat, istehsalat, sahibkarlıq, incəsənət, dizayn və s. sahələrdə  innovasiya və yeni yanaşmaların əsas hərəkətverici qüvvəsi sayılan kreativ zümrənin yüksək xüsusi çəkisinə söykənir, çünki iqtisadi və sosial məsələlərin həllini tapmağa, humanitar və yaradıcılıq resurslarını cəlb etməyə imkan verir.

Dünya forumlarının tribunalarından hələ yaxın vaxtlarda iqtisadiyyat haqqında "biliklər iqtisadiyyatı", "informasiya iqtisadiyyatı" kimi danışılırdı. Bu definisiyalar öz mənasını itirməmişdir, lakin bu gün yeni ideyaların və fikirlərin maddiləşməsinə əsaslanan biliklər iqtisadiyyatının nailiyyətlərindən istifadə edən iqtisadiyyatdan bəhs olunur. Biz bunu informasiyaya əsaslanan, biliklərlə idarə olunan iqtisadiyyat tipinə keçən sənaye cəhətdən inkişaf etmiş ölkələrin timsalında görürük. Kapital, təbii resurslar və əmək artıq əsas iqtisadi resurs deyildir. Əsas iqtisadi resurs bilikdir. Hər halda başlıca hərəkətverici qüvvə kreativlikdir, yəni bilik bazasında yeni praktik formaların yaradılmasıdır. Beləliklə, bilik və informasiya kreativliyin həm silahı, həm də işçi materialıdır. Onun məhsulu qismində isə yeni texnoloji ixtira, yaxud yeni model və ya biznesin aparılmasının yeni metodu formasında  "innovasiya" çıxış edir.   

Qeyd etmək lazımdır ki, Riçard Florida ilə yanaşı, XXI əsrin əvvəlində öz əsərlərində kreativ iqtisadiyyat mövzusuna ilk dəfə toxunan Amerika sosioloqu Con Houkins olmuşdur. Hər iki tədqiqatçı konkret şəxsiyyətlərin -  yaradıcı təfəkkürə malik olan, həmçinin orijinal, qeyri-ənənəvi ideyaları generasiya etməyi bacaran alimlərin, istedadlı insanların iqtisadiyyatın inkişafına verdiyi töhfələrə diqqət yetirmişdir. R.Florida və C.Houkinsin  fikrincə, inkişaf etmiş iqtisadiyyatlarda ən yüksək əlavə dəyəri məhz belə fərdlər yaradır. Bu faktı qeyd edən R.Floridanın fikrincə, müasir iqtisadiyyat əslində kreativ iqtisadiyyatdır. O,  fikrini ABŞ-ın kreativ iqtisadiyyatının heyrətamiz artımının bəzi parametrləri nümunəsində əsaslandırır:  "Mən, sözsüz ki,  ölkənin inkişafının informasiyaya  əsaslanan və biliklərlə idarə olunan iqtisadi tipə keçdiyini söyləyənlərlə razıyam" (bax: yenə orada, s.59). Tanınmış avstraliyalı mütəxəssis C.Pottsun ən yeni məqalələrində də kreativ və mədəni sahənin sonrakı xarakteristikasını, milli iqtisadiyyatın inkişafına təsirini, kreativ iqtisadiyyat, iqtisadi təkamül proseslərinin modelləşdirilməsi məsələlərini görmək olar.      

Yuxarıda deyilənlərdən göründüyü kimi, insan kapitalına həlledici rol ayrılır, çünki iqtisadi artım yaradıcı zümrəni təşkil edən istedadlı insanlardan asılıdır.  R.Florida bir cəhətə diqqət yetirir ki, yaradıcı düşünən şəxsiyyətlərin sayı, eləcə də onlara tələbat elmi tədqiqatlara  kapital yatırımlarının artımına mütənasib olaraq çoxalır. İnsan kapitalına yönələn investisiyalar iqtisadiyyatın dayanıqlı dinamik inkişafının təmin edilməsində mühüm rol oynayır. Digər tərəfdən, kreativ iqtisadiyyatın inkişafı millətin tərkibində yaradıcı təfəkkürə malik insanların sayının artması və kreativ sənayedə şirkətlərin sayının çoxalması ilə bağlıdır. Nəticədə insan kapitalının keyfiyyətinin artması həm vətəndaşların gəlirlərinin, həm də əmək məhsuldarlığının yüksəlməsinə, innovativ fəaliyyətin inkişafına şərait yaradır. ABŞ-da və "Qızıl milyard" ölkələrində yaradıcı zümrənin nümayəndələrinin və kreativ sektora daxil olan şirkətlərin gəlir səviyyəsi orta ümummilli səviyyədən xeyli yüksəkdir. İnnovasiya-kreativ sektorun inkişafının dəstəklənməsi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması sahəsində atılan ən mühüm  addımlardan biridir.    

İnsanın nəhayətsiz yaradıcı təfəkkürə malik olmaq bacarığı cəmiyyətin inkişafı üçün heyrətamiz imkanlar açır. Kreativ iqtisadiyyat intellektual kapitalın hədsiz-hüdudsuz potensialından qaynaqlanır. İnsanın intellektual-kreativ imkanları iqtisadi prosesə  getdikcə daha çox təsir göstərən tükənməz resursdur. İntellektual kapitala əsaslanan iqtisadiyyatlar daha sürətlə inkişaf edəcəkdir. Onların gələcək artım və inkişaf templərini hələlik təsəvvür etmək mümkün deyildir.   

Qeyd etmək lazımdır ki, İsraildə də ibrətamiz təcrübə əldə olunmuşdur. Ağıllı iqtisadi siyasət və innovativ iqtisadiyyatın yaradılması sayəsində bu ölkə indiki səviyyəyə çatmış - 60 ildə iqtisadiyyatını 50 dəfə artırmışdır. Dövlətin innovasiyalara əsaslanan makroiqtisadi siyasəti ölkənin inkişafının sürətlənməsində, istiqaməti inamla dəyişməsində, nəhayət, daha yüksək sürətlə yeni inkişafında mühüm rol oynamışdır.  

 

 

Milli kreativ elitanın formalaşması

 

 Beləliklə, yeni paradiqmanın mahiyyəti ondan ibarətdir ki, kreativlik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə məhsul istehsalına təsir göstərən ən əhəmiyyətli amilə çevrilir, çünki o, əmək və kapitalın yaradılması prosesində ideyaları həyata keçirməyə qabildir. Kreativlik qeyri-maddi olsa da, o, yeni orijinal ideyalar sayəsində xüsusi əlavə əmək və kapital sərf etmədən məhsuldarlığı artırmağa imkan verir. İnsanın bu qabiliyyətinin imkanları sonsuzdur.  

Kreativliyin özü istehsal prosesinin yeganə mənbəyi, yaxud əsas elementi deyildir. Kreativlik yalnız onu göstərir ki, müasir texnoloji kamillik platformasına və cəmiyyətin qazandığı biliklərə arxalanan fikir və ideyalar bitib-tükənməzdir. Kreativ insanlardan yaradıcı təfəkkür, yeni ideyalar və orijinal qərarlar irəli sürmək, yeni texnologiyaları mənimsəmək bacarığı tələb olunur. Ona görə də innovativ iqtisadiyyatda işçi qüvvəsi üçün əsas tələblərdən biri kreativ iqtisadiyyatın formalaşmasında mühüm rol oynayan yüksək peşəkar hazırlıq səviyyəsidir. Kreativ sektorun payının artmasına şərait yaradan mühüm şərtlərdən biri yaradıcı şəxsiyyətlərə yeni ideyalar irəli sürməyə imkan verən açıq, yaradıcı mühitin olmasıdır.

Tədqiqatçılar kreativ iqtisadiyyatın inkişafına təsir göstərən aşağıdakı amilləri müəyyənləşdirmişlər: tələb, istehsal olunan məhsulun çoxçeşidliliyi, istehlakçıların gəlirlərinin səviyyəsi, təhsilin, elmi araşdırmaların və kompetentliyin səviyyəsi, biliklərin səmərəli  tətbiqi üçün zəruri infrastruktur yaratmaq bacarığı, müvafiq vərdişlərin olması, ictimai sektorun inkişaf səviyyəsi, ictimai və dövlət təsisatlarının münasibəti, intellektual kapital, iri kommersiya qurumlarının, innovativ ali məktəblərin mövcudluğu. Universitetlər təhsilin və istedadların inkişafının hərəkətverici qüvvəsidir. Bu, intellektual kapitalın artırılması, innovasiyalar və yeni texnologiyalarla sıx bağlıdır. Kreativ iqtisadiyyat yüksək təhsil səviyyəsi tələb edir. Təsadüfi deyildir ki, israillilərin 45 faizi universitet təhsili almışdır. Bu, dünyada ən yüksək göstəricidir. Tayvanda isə məktəb məzunlarının 30 faizdən çoxu universitet kolleclərinə daxil olur.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərmişdir ki, iri kommersiya strukturlarının yaradılması sonradan dəyişərək kommersiya predmetinə çevrilməsi mümkün olan biliklərin, orijinal ideyaların səmərəli qarşılıqlı mübadiləsini təmin etmək üçün lazımdır. Lakin yüksək artım potensialına malik olan kiçik və orta firmalar da iqtisadiyyatın  kreativ sektorunun əhəmiyyətli hissəsini təşkil edir. Onlar üçün qarşılıqlı əməkdaşlıq və mübadilə uğur qazanmağın ən mühüm amilidir. Yeri gəlmişkən, böyük və kiçik firmalar tədqiqatçıların "innovasiyalı əmək bölgüsü" adlandırdıqları prosesdə  xüsusi rol oynayırlar. İnnovasiyalar yeni ideyalar tapmaqdan ibarətdir. XXI əsrdə o ölkə lider olacaqdır ki, innovasiyaları həyata keçirir və özəl sektorda yeni ideyaların istehsalını daha səmərəli dəstəkləyir.

Bununla belə, kreativ elitanı seçməyin, süni yolla, yaxud inzibati üsullarla yaratmağın mümkün olması barədə fikrə düşməyə dəyməz. Kreativ elitaya mənsubluq sosial status, maddi durum, yaxud təhsil səviyyəsi ilə müəyyən olunmur. Ali təhsil mühüm amil olsa da, ali təhsilli bütün insanlar kreativ deyildirlər. Kreativ şəxsiyyət, çox güman ki, xüsusi sosial-psixoloji tipdir. Əsas etibarilə bu, sabit xarakterli, güclü iradəsi, həyatda aydın fəal mövqeyi olan passionar insanlardır.  Onlar əhalinin  innovasiyaya meyilli, sahibkarlıq qabiliyyəti olan və iqtisadi inkişafa köklənmiş təbəqələrinə aiddirlər.   

A.N.Okaranın fikrincə, modernləşdirmə elitasının nümayəndələri yaradıcılıq identikliyi olan insanlardır. Bu insanlara qeyri-standart düşüncə xasdır, onlar qeyri-müəyyənlik şəraitində səmərəli qərarlar qəbul etməyi bacarırlar,  yaradıcılıq fəhminə malikdirlər. Əhalinin məhz bu hissəsi müasir dövrdə cəmiyyətin inkişafının və rifahının təməli ola bilər. Özünü inkişaf etdirməyə çalışmaq  kreativ zümrənin təbii ehtiyacıdır. Böyük sosial çəkiyə malik olan bu zümrə ümumi maraqların hakimiyyət maraqları ilə üst-üstə düşdüyü mühitdə modernləşdirmənin, cəmiyyətin səmərəli inkişafının real subyektinə çevrilə bilər (bax: Okara A.N. Novaə ideə dlə novoy Rossii: ot "militokratii" i "petrokratii" k kreatorii. Str. 30).

İnnovativ modernləşmənin mütləq şərti cəmiyyətin yeni vəziyyətinə cavab verməyən əvvəlki ideoloji və nəzəri təsəvvürlərdən imtina etməkdir. İqtisadi sistemə kompleks, məqsədyönlü təsir vacibdir. Bu təsir innovasiyanın generasiyası və ya transferi hesabına  iqtisadi sistemin elementlərinin köklü surətdə yenilənməsini nəzərdə tutur. Yeni ideya-siyasi baxışların və konstruksiyaların tətbiqi sosial tərəqqiyə  siyasi sistemdə mühüm dəyişikliklərə, həmçinin əhalinin geniş təbəqələrinin ölkənin ictimai-siyasi həyatında iştirakına gətirib çıxarır.

Ötən əsrin  30-cu illərində F.D.Ruzveltin nəticə etibarilə ABŞ-ı dünyada lider mövqelərə çıxaran "yeni kursu"nu həyata keçirmək üçün  o vaxt ideoloji sahədə hakim olan klassik liberal ideologiya çərçivəsindən kənara çıxmaq lazım oldu. Yeni ideoloji əsasda maliyyə elitasının bir hissəsinin, iri, kiçik və orta biznesin, fermerlərin və əhalinin digər qruplarının nümayəndələrinin daxil olduğu geniş siyasi koalisiya yaradıldı.

Qeyd etmək lazımdır ki, kreativ insanların mühüm xüsusiyyəti sosial inkişaf işində faydalı olmağa daxili tələbatdır. Onlara yalnız dövlət tərəfindən dəstək, öz ideya və bacarıqlarını həyata keçirmək üçün şərait yaradılması lazımdır. Kreativ innovativ modernləşməni hansı ictimai-siyasi şəraitdə həyata keçirməyin mümkün olması barədə müxtəlif fikirlər vardır. Nə qədər paradoksal olsa da, demokratiyanın mövcudluğu zəruri şərt deyildir, hərçənd, demokratiya bu prosesi gücləndirir. Dünya təcrübəsi göstərir ki, əsaslı modernləşmə siyasi azadlığın olmadığı şəraitdə də baş verir. Çin, Koreya Respublikası, Pinoçetin hakimiyyəti zamanı Çili buna əyani misal ola bilər. Doğrudur, digər baxış nöqtələri də mövcuddur: avtoritarizmdə innovativ modernləşmə mümkün deyildir. Çünki bu, ləngiyən modernləşmə olacaqdır. Bu mülahizə ilə razılaşmaq çətindir. Sinqapurun nümunəsi bu fikri tam təkzib edir. Sinqapur iqtisadi artıma nail olmuş, modernləşmə sıçrayışı etmiş və vətəndaş cəmiyyətindən əsər-əlamət olmadığı halda yalnız güclü hakimiyyətə arxalanaraq elm, təhsil, səhiyyə sahələrində bir sıra misli görünməyən islahatlar həyata  keçirmişdir.

Sinqapuru yada salarkən Malayziyanın heyrətamiz inkişaf tempini qeyd etməmək olmaz. 1981-ci ildən başlayaraq 22 il ölkənin Baş naziri olmuş Mahathir Mohamad malay millətçiliyi ideyasını irəli sürmüş, Malayziyanı yüksək inkişaf etmiş iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti olan müasir dövlətə çevirmək məsələsini həll etmişdir. Onun apardığı radikal modernləşmə siyasəti nəticəsində "Asiya" və "Malayziya" dəyərlərinə söykənən cəmiyyət yaradılmışdır. Malayziya yüksək texnoloji dövlətə çevrilmişdir.

Müasir Sinqapurun banisi, çox vaxt Mahathir Mohamadla rəqabət aparan Li Kuan Yu "Sinqapur tarixi" adlı xatirələr kitabında onun ağlını və siyasi liderlik keyfiyyətlərini etiraf edir: "O, ölkənin maraqları tələb edəndə kütlənin cəhalətini dəf etmək iqtidarında olan qətiyyətə və siyasi dəstəyə malikdir. Mahathir malayziyalıları cəhalətdən elmə və texnologiyalara apardı... Gənc malayziyalılara təhsil verdi. Onlarda elm və texnologiyalara, xüsusilə kompyuter və internetdən istifadəyə əsaslanan gələcək haqqında təsəvvür yaratdı. "Multimedia superdəhlizi" bunun rəmzi oldu. Malayziyalıların əksəriyyəti, Malayziyadakı bütün çinlilər və hindular islam ekstremizminə qayıtmağı yox, məhz belə gələcəyi istəyirlər".

Bir sözlə, innovativ modernləşmənin vahid yolu yoxdur. Qərbdə millətin maraqlarını vətəndaş cəmiyyəti və onun yetişdirdiyi məsuliyyətli hakimiyyət qoruyursa, Şərqdə azad seçkilərin, çoxpartiyalılığın, parlamentarizmin və vətəndaş cəmiyyətinin əsla olmaması şəraitində iqtisadi inkişaf nümunələri vardır. Bu cür alternativ təcrübə də tətbiq oluna bilər.

Sinqapur və Malayziyanın nümunəsi sübut edir ki, modernləşmənin əsas milli nailiyyətlərə və dəyərlərə guya bağlı olmaması və modernləşmə məsələlərini milli kadrlara arxalanaraq həll etməyin səmərəsizliyi haqqında fikir tamamilə yanlışdır. Modernləşmənin xarici texnoloji nailiyyətlərin, özgə ideya və konsepsiyaların sadəcə tətbiqi olması fikrindən uzaqlaşmaq lazımdır. Hər bir dövlətin əsas nailiyyəti insan kapitalıdır. Məhz buna görə modernləşmə milli kadrlara, milli kreativ zümrəyə arxalanmalıdır. Azərbaycan gerçəkliyi nümayiş etdirir ki, millətin inkişafında bu amil sərvətdir, onu artırmamaq gələcək nəsillər qarşısında bağışlanmaz səhv olardı.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın inkişafında 2003-cü ildən başlanmış yeni mərhələnin mahiyyəti ondan ibarətdir ki, hökumət ölkənin ümumi modernləşməsinə istiqamətlənmiş Dövlət Proqramını həyata keçirməyə başlamışdır. Prezident İlham Əliyev və onun komandası bəzi Asiya dövlətlərinin təcrübəsini öyrənərək özləri üçün müəyyən etmişlər ki, böyük, ambisiyalı məsələlərin həlli üçün qeyri-standart yollar axtarmaq, modernləşməni elmin son nailiyyətləri, yeni texnologiyalar və idarəetmə metodları əsasında həyata keçirmək lazımdır. İqtisadiyyatda, siyasətdə, elm və təhsildə, sosial sahədə, mədəniyyətdə yaradıcı tədqiqatlara əsaslanan innovativ "kreativ" modernləşmə vacibdir. Bu innovativ tədqiqatları real ictimai təcrübədə tətbiq etmək gərəkdir. Dövlət vəzifələri zamanın tələbinə uyğun dərk etməsə, özünü tarixin arxa planına atacaqdır. İnnovativ modernləşmə öz tipologiyasına görə təkamülyönlü inkişafa yaxındır. Bu, Azərbaycanın inkişaf strategiyasının ruhuna tam cavab verir. Prezident İlham Əliyev son illərdə qazanılmış təcrübəyə əsaslanaraq qeyd edir: "Biz dünyada inkişaf istiqamətlərini bilirik. Dünya iqtisadiyyatı hansı yolla inkişaf edəcək, biz bunu bilirik və bu sahələr bizim üçün də prioritetdir. İnformasiya-kommunikasiya texnologiyaları, müasir texnologiyalar, insan zəkasına əsaslanan yeniliklər! Bu amillər dünyanın gələcəyini müəyyən edəcəkdir" (bax: "Bakinski raboçi" qəzeti, 16 mart 2012-ci il). Bu məqsədə nail olmaq Azərbaycanın keyfiyyətcə yeni obrazının formalaşması deməkdir.

Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə - müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, "ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması" üçün ediləcəkdir. Lakin bunun üçün cəmiyyətin hər bir üzvü öz fəaliyyəti sahəsində kiçik təkmilləşdirmələr həyata keçirməlidir. Millətin yaradıcılıq fəaliyyətinə, innovasiyalara qabil olan daha çox nümayəndələrini yetişdirmək lazımdır. Neft resurslarının məhdud olduğu zamanda yaşayıb inkişaf etməyin yolları, gələcək nəslə necə ölkə təhvil vermək problemini indiki nəsil sabaha saxlamadan həll etməlidir. Prezident İlham Əliyev demişdir: "... Azərbaycanda nəsillərin dəyişməsi prosesində də biz nümunə ola bilərik. Ardıcıllıq olmasa bu inkişaf meyilləri pozula, qırıla bilər" (bax: yenə orada).

Azərbaycanın ən dinamik sahibkarlıq iqtisadiyyatına malik olan ölkələrdən birinə çevrilməsi üçün bütün imkanlar vardır. Xüsusən ona görə ki, sahibkarlıq keyfiyyətləri azərbaycanlılara xasdır. Lakin bu keyfiyyətləri təkmilləşdirmək, sürətlə artan sahələrdə sahibkarlıq üzrə ixtisaslaşmaq, onu daha da inkişaf etdirmək lazımdır. Sürətlə inkişaf edən sahibkarlıq böyük üstünlüklər qazanmaq, yeni radikal ideyaları kommersiyalaşdırmaq üçün marketinq üzrə istedadlı mütəxəssislərdən istifadəni tələb edir. Ən mühüm məsələ sahibkarlıq enerjisinin mənbəyini, yönəlmə istiqamətini və dəstəklənmək yollarını müəyyənləşdirməkdir.

Bundan çıxış edərək, öndə olmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeganə üsul innovativ mexanizmlərdən istifadə etməyi öyrənmək, energetika, biotexnologiyalar və istehsalın elmi əsaslarla fəaliyyət göstərən digər sektorlarına  aid biliklərə əsaslanan tamamilə yeni sahələri işə salmaqdır. İnnovativ texnologiyalar əmək məhsuldarlığının və iqtisadiyyatın artımının ən mühüm mənbəyidir. Bu, kreativ iqtisadiyyat üçün daim irəliyə getməyə, inkişaf tempini saxlamağa imkan verən sınaqdan çıxarılmış yeganə variantdır. Azərbaycanı yeni yüzillikdə səciyyələndirən davamlı ümumi inkişaf göstərir ki, hökumət ölkənin gələcək taleyi məsələsinə məsuliyyətlə yanaşır. Hökumətin apardığı siyasətin başlıca məqsədi, yuxarıda qeyd etdiyim kimi, yaxın illərdə Azərbaycanın inkişaf etmiş ölkələrin səviyyəsinə çatmasıdır. Bu strateji məqsədin əsasında cəmiyyət həyatının radikal yeniləşməsinə gətirib çıxaracaq innovativ modernləşmə dayanır. Lakin bunu həyata keçirəcək zümrəni müəyyənləşdirmək lazımdır.

Azərbaycan şəraitində modernləşdirmə elitası və ya kreativ zümrə ilə yanaşı, həmçinin yeni, daha məhsuldar texnologiyalardan istifadə etməkdə maraqlı olan mütəxəssislərin, müəllimlərin, mühəndislərin, alimlərin, həkimlərin, kiçik və orta biznesin, fermerlərin bəzi nümayəndələrinin daxil olduğu orta sinif də innovativ modernləşmənin subyekti ola bilər. Əsas fəaliyyəti yeni sosial innovasiyaları həyata keçirməkdən ibarət olacaq vətəndaş cəmiyyətinin nümayəndələri də gələcəkdə innovativ modernləşmə subyektlərinin sıralarına daxil ola bilərlər.   

Yuxarıda deyilənləri nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, bütün bu sosial qrupların və vətəndaş birliklərinin kreativ hissəsi - müasir düşüncəli, təhsilli vətəndaşlar, intellektuallar, zənnimcə, Azərbaycanda kreativ zümrənin əsasını təşkil etməlidirlər. Məhz onlar "milli sıçrayış" məqsədinin həyata keçirilməsində əsas rolu öz üzərinə götürəcəklər. Bu zümrə bizim əsas hərəkətverici qüvvəmiz, Azərbaycanın gələcək inkişafının hərəkətverici qüvvəsidir.

 

 Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinin əsas istiqamətləri

 

 İş elə gətirmişdir ki, Azərbaycanda bütün modernləşmələrin əsas təşəbbüsçüsü və yeganə subyekti qismində məhz dövlət çıxış edir. Bu halda cəmiyyətin (elmi ictimaiyyət, vətəndaş birlikləri, ruhani seqmentin nümayəndələri, istehsal kollektivləri nəzərdə tutulur) rolu istisna edilmir. Bir qayda olaraq, cəmiyyət nəzərdə tutulmuş hədəflərin yaradıcı icraçısı rolunu yerinə yetirir. İnnovativ modernləşmədə dövlətin funksional rolu isə cəmiyyətin həyatında onun əhəmiyyəti ilə müəyyən olunur. Hərçənd, formalaşmaqda olan kreativ zümrə innovativ modernləşmədə yenə də əsas subyekt kimi qalır. İstənilən halda dövlət həm dəyişikliklərin təşəbbüskarı və yeganə subyekti, həm də onların sifarişçisi kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, dövlətin bu cür mövqeyi təkcə Azərbaycana xas cəhət deyildir. Bir sıra ölkələrdə "developmentalizm" deyilən modernləşmə konsepsiyası məşhurdur. Bu konsepsiyada əsas subyekt dövlətdir. Əslində bu, zəif inkişaf etmiş ölkələrin modernləşmə nəzəriyyəsidir. Məsələn, Cənub-Şərqi Asiyanın, Latın Amerikasının bəzi ölkələri, habelə İrlandiya öz "iqtisadi möcüzə"sinə görə məhz bu nəzəriyyəyə borcludur. Məhz bu konsepsiya sayəsində həmin ölkələr yüksək inkişaf səviyyəsinə çatmışlar. Qazaxıstanda gizlətmirlər ki, "developmentalizm" ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Qazax tədqiqatçılarının fikrincə, dövlət aparatının və siyasi təşkilatların, vətəndaş strukturlarının sıx birləşməsi onların ölkənin inkişafı naminə birgə səylərində developmentalist strategiyaların mühüm şərtidir.

Milli inkişaf konsepsiyasının reallaşdırılmasının bu məcrasında innovativ modernləşmədə son dərəcə maraqlı olan Azərbaycan hökuməti bu prosesə sosial qrupların fəal nümayəndələrini mümkün qədər çox cəlb edir. Modernləşmə üçün mühüm idarəçilik vəzifələrinə kreativ insanların, təhsilli gənclərin səfərbər edilməsi də milli inkişaf üçün sanballı baza yaradır.

Hakimiyyət başa düşür ki, postmodernist cəmiyyətdə səmərəli dövlət paradiqmaları, dövlət idarəetmə və nəzarət sistemi dəyişir. O, "gecə gözətçisi"ndən yeni tipli dövlətə - sosial tərəfdaşa çevrilir. Bu cür dövlətin məqsədi mühafizə funksiyaları ilə yanaşı, həm də modernləşmə tipli sosial inkişaf, cəmiyyətin və dövlətin mənafelərini qarşılıqlı gücləndirməkdir. Bu halda dövlət səmərəli innovatora çevrilir, o, innovasiyalı sosial modernləşmənin təkcə sifarişçisi deyil, həm də qarantı olur. Belə dövlətin davamlılığı daha yüksək olacaqdır, çünki o, yeni çağırışlara - innovasiyaların norma sayıldığı postsənaye cəmiyyətinin dinamik mühitində mövcud olmağa daha yaxşı uyğunlaşmışdır. Bu halda dövlət iqtisadiyyatı deyil, iqtisadi inkişafı; cəmiyyəti deyil, sosial inkişafı idarə etməlidir. Məhz bu cür tərəfdaş dövlət müasir qlobal dünyanın çağırışlarına ən yüksək dərəcədə uyğundur və innovativ modernləşmə məsələlərini həll etməyə qadirdir.

Yuxarıda deyilənləri nəzərə alaraq, habelə sürətli inkişaf strategiyasından çıxış edərək Azərbaycan hökuməti iqtisadiyyatın modernləşməsinin beş əsas istiqamətini müəyyən etmişdir.

Birinci istiqamət Azərbaycanın innovativ inkişafıdır. Bu istiqamət Azərbaycan şirkətləri tərəfindən müasir texnologiyaların mənimsənilməsini, yeni, rəqabətədavamlı məhsullar istehsalının təmin edilməsini və ixrac bazarlarının genişlənməsini nəzərdə tutur. Bu istiqamətdə artıq böyük işlər görülmüşdür. Məsələn, 2010-cu ildə sənayedə müasir texnologiyaların tətbiqi ilə yeni məhsullar istehsalının həcmi 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə beş dəfə artmışdır.

İkinci istiqamət dinamik inkişaf edən bazar təsisatlarının möhkəmlənməsi və rəqabətin təmin edilməsidir. Bu istiqamət sahibkarlığın inkişaf etdirilməsini, ölkə iqtisadiyyatına investisiyalar cəlb edilməsini nəzərdə tutur və Azərbaycanın iqtisadi siyasətinin mühüm elementlərindən biridir.

Üçüncü istiqamət milli iqtisadiyyatın daha da şaxələndirilməsini, müasir texnologiyaların tətbiqi ilə məhsul istehsalının genişləndirilməsini, emal sənayesinin və "biliklər iqtisadiyyatı"nın rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. İnnovativ inkişafın stimullaşdırılması məqsədilə innovasiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarının təkmilləşdirilməsi üzrə də iş aparılır. Bu, modernləşmə siyasətinin mühüm elementlərindən biridir.

Dördüncü istiqamət insan kapitalının yeni keyfiyyətinə nail olmaq, yaradıcı düşünə bilən kadrlar yetişdirmək, onların hazırlıq səviyyəsini kreativ iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaqdır. Bu məqsədlə ölkədə təhsil sisteminin bütün formalarının keyfiyyətcə yenilənməsi üzrə fəal iş aparılır.

Nəhayət, iqtisadiyyatın modernləşdirilməsinin beşinci istiqaməti iqtisadi artımın yeni mənbələrinin yaradılması üzrə işi davam etdirməkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun və beynəlxalq dəniz ticarəti limanının tikintisinin başa çatdırılması bu məqsədə nail olmağa kömək edəcək, ölkənin tranzit potensialını xeyli artıracaqdır. Yeni infrastruktur sisteminə texnoparklar, yüksək texnologiya şirkətləri, sənaye şəhərcikləri, gəmiqayırma zavodu, üç sement zavodu, bir sıra başqa istehsal və emal müəssisələri daxil olacaqdır.

Qeyd etmək lazımdır ki, güclü sosial-iqtisadi potensial yaradılması üçün strateji konsepsiyanın reallaşdırılmasına yönəlmiş hökumət siyasətinin nəticələri, habelə iqtisadi və sosial sahələrdə islahatlar artıq bu gün Azərbaycanın simasını dəyişdirir.

Beynəlxalq maliyyə strukturları Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatları yüksək qiymətləndirmiş, ölkənin kredit reytinqlərini artırmışlar. Nüfuzlu beynəlxalq təşkilat - Dünya İqtisadi Forumu 2011-ci ildə ölkələrin rəqabət qabiliyyətinə dair növbəti hesabatlarında Azərbaycanın uğurlarını yüksək qiymətləndirərək onu 55-ci yerə layiq görmüşdür. Ölkə iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada aparıcı yerlərdən birini tutur və bütün MDB məkanında liderdir.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Seçilmiş modernləşmə xətti Azərbaycanı dünya birliyində XXI əsrin dövləti kimi tanıdır.

2011-ci ilin dekabr ayında Prezident İlham Əliyev yaxın illərdə ölkə iqtisadiyyatının əsas istiqamətlərini müəyyən edən fərman və sərəncamlar imzalamışdır - "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında", "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında", "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında". İlk iki sənəd konkret sənaye sahələrinin müasir texnologiyalar bazasında yaradılmasına yönəlmişdirsə, üçüncü sənəd (Konsepsiya) 2020-ci ilə qədər olan dövrdə ölkənin inkişafının bütün cəhətlərini əhatə edir.

Mahiyyət etibarilə milli inkişafın yeni strategiyası olan bu konsepsiya innovativ iqtisadiyyat yaradılması, qabaqlayıcı sosial inkişaf trendinin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, mədəniyyətin və ictimai həyatın gələcək inkişafı üçün yeni intellektual bazanın formalaşması üzrə məsələləri konkretləşdirməlidir. Başqa sözlə desək, konsepsiyanın reallaşdırılması yaxın gələcəkdə postsənaye (informasiya) cəmiyyətinə keçid üçün modernləşdirilmiş fundamental iqtisadi, sosial və siyasi zəmin yaradacaqdır. Bu, elə cəmiyyət olacaqdır ki, orada yeni mərhələdə inkişafın lokomotivi artıq kreativ sinif, düşünməyi və fəaliyyət göstərməyi bacaran ağıllı insanlar cəmiyyəti olacaqdır. Millətin kreativliyi və ya onun fəal hissəsinin kreativliyi dövlətin firavanlığının əsas mənbəyi olacaqdır.

Prezident İlham Əliyev 2012-ci il fevralın 28-də, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda artıq 2023-cü ilə qədər ölkənin inkişafının yeni planını irəli sürmüşdür - "Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-2023-cü illərdə Azərbaycan əhalisinin gəlirləri yüksək olan ölkəyə çevrilməlidir. Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq".

 

Milli identiklik

 

 Modernləşmə, milli identikləşmə və dövlətin həlledici rolu arasında birbaşa qarşılıqlı əlaqə olduğunu qeyd etmək lazımdır. Milli identiklik möhkəmlənməsə, cəmiyyətin həyatında dövlət aparıcı rol oynamasa, modernləşmə üçün heç bir şans yoxdur. Modernləşməni real siyasətə çevirmək üçün ölkənin bütün etnoslarının nümayəndələrinin daxil olduğu əhali özünün ümumi milli identikliyini dərindən dərk etməli, dövlətə isə müasir şəraitdə onun üçün zəruri olan funksiya həvalə edilməlidir. Bu, həm də kreativ sinif üçün zəruridir, onun formalaşması çox cəhətdən milli identikliyin dərk edilməsi və inkişafı dərəcəsindən, dövlət tərəfindən göstərilən dəstəkdən, şəxsiyyətin və cəmiyyətin kamilliyindən asılıdır.

Bu gün "fərdin, cəmiyyətin və dövlətin əlaqəsini təcəssüm etdirən böyük qruplar, doğum hüququna görə alınmış və ya qazanılmış vətəndaşlıq şəklində formal birliklər səviyyəsində cəmiyyətə mənsubluq hissinin dəstəklənməsi və motivasiya açıq-aşkar azlıq edir... Məzmunlu identikləşmə oriyentirlərinin axtarışı və əldə edilməsi prosesi şəxsiyyətin öz dəyərini təsdiqləməsi üçün ən mühüm resursa çevrilir" (bax: Semenenko İ.S. Dilemmı utverjdeniə naüionalğnoy identiçnosti v qlobalğnom mire. V sbornike: Destabilizaüiə mirovoqo porədka i politiçeskie riski razvitiə Rossii. M., İMGMO RAN. 2010, str.38).

Bu gün milli inkişafın məqsədinin nə dərəcədə səmərəli həyata keçirilməsi məsələsi ölkəmiz üçün müasir dövrün başlıca çağırışlarından birinə çevrilir. İnnovativ inkişaf resursu kimi milli identiklik mövzusu dünya siyasətində özünə israrla yol açır. Kreativ modernləşmə milli dəyərləri nəinki istisna etmir, əksinə, onların potensialından istifadə edir. Azərbaycanda postsənaye cəmiyyətinə keçid şəraitində bu problem gözlənilən sosial və iqtisadi dəyişikliklərin, habelə modernləşmə prosesinin intellektual təminatının dərk edilməsi zərurəti kimi böyük aktuallıq kəsb edir. Bu məsələlərin həlli və bu əsasda keyfiyyətcə yeni cəmiyyət formalaşması üçün ölkənin bütün kreativ və innovasiya potensialının birləşdirilməsi tələb olunur, bu isə milli identiklik konsepsiyasına əsaslanan milli ideya olduqda mümkündür.

Mən milli identikliyi dövlətin müdafiəsinin mühüm vasitəsi və eyni zamanda, cəmiyyətin inkişafının zəruri vasitəsi hesab edirəm. Milli qeyri-bərabərliyin yüksək səviyyədə olduğu, böyük narazı sosial qrupların mövcud olduğu dövlətlərdə riskin dərəcəsi cəmiyyət üçün təhlükəli həddə çata bilər. Belə cəmiyyətlərdə fərdi və qrup halında salamat qalmaq mənafeləri sabitləşdirici element rolunu öz üzərinə götürür. Problemin həlli ilə əlaqədar dövlətlə onun vətəndaşlarının qarşılıqlı fəaliyyəti prosesində başqa vəziyyət yarana bilər, bu halda milli identiklik yeni məzmun kəsb edir və S.Hantinqtonun təbirincə desək, bu məzmundan "milli maraqlar yetişir" (bax: Xantinqton S. Kto mı? Vızovı amerikanskoy naüionalğnoy identiçnosti. M., 2004, str.32).

Vurğulamaq lazımdır ki, postsənayeləşmə dövrü milli identiklik problemini bir qədər mürəkkəbləşdirmişdir. İdentikliyin güclənməsi ilə yanaşı, onun nivelirlənməsi prosesi də özünü aşkar göstərir. Fərdi identiklik dəyişmiş mühitin təsirinə dəqiq reaksiya verir, kollektiv identiklik isə xeyli ətalətli olması ilə seçilir. Onun sabitlik dərəcəsi daxili inkişafın spesifikası, mühitlə qarşılıqlı əlaqənin xarakteri və intensivliyi ilə şərtlənmişdir. Müəyyən dairəyə aid insanlar üçün fərdi identiklik situativ, kollektiv identiklik isə daha sabit olur. Çoxvariantlılıq fərdi identikliyin səciyyəvi əlamətinə çevrilir. Bu prosesə yalnız öz identikliyi üçün məsuliyyət daşıyan insan özü müqavimət göstərə bilər.

Millət konsepsiyasının bu baxımdan müfəssəl təhlil edilməsi üçün həmin məsələyə dair əsas nəzəriyyələri göstərmək lazımdır. Qeyd etmək lazımdır ki, milli identikliyin nəzəri baxımdan dərk edilməsi üç metodoloji yanaşmaya əsaslanır: instrumentalizm, primordializm və konstruktivizm.

İnstrumentalizm subyektiv-idealist təlimdir (C.Dyui, S.Huk, A.Çayad). İnstrumentalizm üçün məntiqi anlayışlar, ideyalar, elmi qanunlar və nəzəriyyələr, yalnız alətlər, "situasiyaya açarlar"dır. İnstrumentalizm praqmatizmin bir növüdür. Bu təlim milli identiklik problemlərinin öyrənilməsində də bir vasitə (alət) kimi çıxış edir. Onun tərəfdarlarının fikrincə, milli identiklik müəyyən mühitə uyğunlaşma xassəsinə malikdir: ağıl və şüur (intellekt) da bədənin hissələri və dişlər kimi dəyişkən şəraitə uyğunlaşma vasitəsidir. Bu baxış milli identiklik problemlərinin öyrənilməsində əsas olmuşdur.

Primordializmə görə, millət yaşayış ərazisinin mövcud olması, tarixən təşəkkül tapmış mədəniyyət, milli dil, din və s. əlamətlərlə səciyyəvi olan tarixi-mədəni birlikdir. Primordializm metodu etnikliyi obyektiv bioloji, psixoloji, sosial və tarixi xarakteristikalar vasitəsilə öyrənməyə imkan verir. Onun tərəfdarları hesab edirlər ki, millətlər həqiqətən, mövcud olan, özünəməxsus yaşama mərhələlərinə malik tarixən müəyyənləşmiş birliklərdir. Məsələn, bəzi müəlliflər, o cümlədən L.N.Qumilyov primordializmi bəzən sosial hadisələrin biolojiləşdirilməsi üçün tətbiq edir. Halbuki hətta etnik millətləri də öyrənərkən onlara hansısa ilkin təbii, əsrarəngiz mahiyyətin reallaşmasının nəticəsi kimi deyil, tarixi və sosial-mədəni inkişafın məhsulu kimi baxmaq lazımdır.

Konstruktivizm etnikliyin obyektiv mövcudluğunu qəbul etmir, onu fərqlərin interpretasiyasından, birliklərin təxəyyülündən, mənafelərin konstruksiyasından ibarət olmaqla həyata keçirilən fəaliyyət prosesi hesab edir (bax: Zdravomıslov A.Q., Üuüiev A.A. Gtniçnostğ i gtniçeskoe nasilie: protivostoənie teoretiçeskix paradiqm. Soüioloqiçeskiy jurnal. 2003 q, ¹3, str. 20-21). Konstruktivist yanaşmanın tərəfdarı V.A.Lektorski yazır: "Təhtəlşüurun (həm elmi, həm də adi) işlədiyi və yaşadığımız reallıq subyektin özünün bəzən şüuri, lakin çox vaxt qeyri-şüuri yaratdığı konstruksiyadan başqa bir şey deyildir. Subyektin yaratdığı konstruksiyadan başqa heç bir reallıq, gerçəklik yoxdur və ola da bilməz (bax: Voprosı filosofii, ¹3, str.4).

Rusiya Elmlər Akademiyasının akademiki, konstruktiv mövqenin fəal tərəfdarlarından biri olan V.A.Tişkov yazır: "Bizim yanaşma substansiyanı, yəni, real, o cümlədən etnik qrupları sosial məkanda münasibətlərin ziyanına olaraq onların üzvlüyü, sərhədlər, hüquqlar və başqa əlamətlər üzrə vurğulamaq məqsədi ilə o qədər də yükləməmişdir. Bu yanaşma nəzəri cəhətdən konstruksiya edilmiş təsnifatları insanların real fəaliyyət göstərən qrupları və ya ictimai həyatın qanunları kimi nəzərdən keçirmək illüziyasından yaxa qurtarmağa imkan verir" (bax: Tişkov V.A. Gtniçnostğ, naüionalizm i qosudarstvo v postkommunistiçeskom obhestve. Jur. Voprosı soüioloqii. 1993 q., ¹1-2, str.7). İnsan idrakının şərtiliyini və subyektivliyini absurd dərəcəsinə çatdıran V.Tişkovun fikrincə, millət, etnos, millətçilik və konstruktiv yanaşma - hamısı illüziyadır.

Millətin və millətçiliyin öyrənilməsində konstruktiv yanaşmanın digər məşhur nümayəndəsi, ingilis sosioloqu Ernest Gellner yazırdı: "İki insan eyni millətə yalnız o halda mənsubdur ki, onlar bir-birinin həmin millətə mənsub olmasını etiraf etsinlər. Başqa sözlə desək, millətləri yaradan insanlardır. Millətlər insanların əqidələrinin, istəklərinin və meyillərinin məhsuludur... Millətləri məhz millətçilik yaradır, əksinə yox" (bax: Qellner G. Naüii i naüionalizm. Perevod s anql. M., 1991 q., str.35, 127).

Elmi ədəbiyyatda millətin postmodernist konsepsiyası kəskin tənqid edilir. Rusiya Elmlər Akademiyasının müxbir üzvü M.N.Rutkeviç tamamilə haqlı olaraq yazır ki, bu konsepsiyanın tərəfdarları yalnız iqtisadiyyatın qloballaşması və transmilli korporasiyaların çoxalması prosesini birtərəfli başa düşdüklərini ifadə edirlər. Onların fikrincə, milli iqtisadiyyatın transmilli iqtisadiyyat qarşısında ikinci plana keçməsi şəraitində "millət" və "millətçilik" artıq siyasi prosesləri, eləcə də əhalinin hisslərini və ovqatını adekvat əks etdirmir (bax: Rutkeviç M.N. Teoriə naüii: filosofskie voprosı. Voprosı filosofii. 1999 q., ¹5, str.19-32).

Millətin, millətçiliyin və milli identikliyin öyrənilməsində metodoloji yanaşmalar kimi primordializmin və konstruktivizmin etibarlılığı məsələsində ifrata varmaq olmaz. Bununla bərabər, millətçilik ideologiyasının və millət nəzəriyyəsinin formalaşması işində yaradıcı ziyalıların və siyasi elitanın konstruktiv fəaliyyətini lazımınca qiymətləndirməmək səhv olardı. Lakin yalnız subyektiv amilin mütləqləşdirilməsi və tarixiliyin inkar edilməsi ilə səciyyəvi olan konstruktivizmə müraciət etmək bu fenomenlərin obyektiv dərkinə ancaq ziyan vurur.

Millətin, millətçiliyin və milli identikliyin mahiyyətinin öyrənilməsi metodologiyasının müəyyən edilməsində yeganə düzgün yanaşma sintetik yanaşmadır, yəni, reallıqlardan irəli gələn, problemin tədqiqatında geniş imkanlar açan primordializm, instrumentalizm və konstruktivizm elementlərindən kompleks istifadə edilməsidir. Təsadüfi deyildir ki, bəzi müəlliflərin fikrincə, "primordializmin və konstruktivizmin ifratçılığından yaxa qurtarmaqla onların hər ikisindən fərqli və eyni zamanda, onlarda olan bütün qiymətli cəhətləri götürən başqa metodoloji yanaşmanı kifayət qədər dəqiqliklə göstərmək olar".

Bu yanaşma "millətin ontologizminə (mövcudluğuna) əsaslanır və həm millətin və onun atributlarının mövcudluğunun obyektivliyinin qəbul edilməsi, həm də onun formalaşması və inkişafı üçün insanların, ictimai təsisatların səmərəli yaradıcı fəaliyyətini əhatə edən tarixi realizm kimi müəyyən edilə bilər" (bax: Baqramov G.A. Voprosı filosofii. 2010, ¹2, str.14).

Millətin və milli dövlətin mahiyyətini nəzərdən keçirərkən asanlıqla başa düşmək olar ki, millət ideyası dövlət ideyasından qat-qat mürəkkəbdir. Millət konsepsiyası heç də həmişə aydın deyildir. Rusiyalı tədqiqatçı P.S.Qureviç yazır: "Millət tarixi kateqoriyadır. O, özünəməxsus tarixi gerçəkliyin məhsuludur. Millətin mövcudluğu nə irq, nə dil, nə din, nə ərazi, nə də dövlət suverenliyi ilə təyin edilir və bunlarla bitmir, hərçənd bütün bu əlamətlər milli mövcudluğun aşkar edilməsi üçün vacibdir (bax: Qureviç P.S. İdentiçnostğ - privileqiə çeloveka. Jur. Qumanitarnıe nauki. 2011, ¹2, str. 42). Mahiyyət etibarilə millət - ortaq tale ilə birləşmiş insanlar qrupudur. Bu tale ilə birlikdə identiklik də yaranır. Millətin mövcud olma müddətindən və onun mənşəyindən asılı olmayaraq, o, vətənpərvərlik, özününkülərə sevgi hissləri üzərində ucalır. Bu cür bağlılıq və yaxınlıq hissi millətin əsasını təşkil edir. Yaxınlıq və bağlılıq zəifləyəndə millət də zəifləyir, dünya tarixində dəfələrlə belə olmuşdur.

Beləliklə, dövlət barəsində hər şey sadə və aydındır, bəlli olmayan heç nə yoxdur. Dövlət millətin siyasi alətidir. Millətə münasibət fərdi və şəxsidir. Dövlətə gəldikdə, ona münasibət hüquqi xarakter daşıyır.

 "Millət" institutunun yaranması prosesini aşağıdakı fazalara bölmək olar: xronoloji baxımdan birinci faza - mədəni və etnik millət, ikinci faza - vətəndaş milləti. "Millət" ideyasının əsasını aşağıdakı əlamətlər təşkil edir: milli identiklik, milli mənlik şüuru və vətənpərvərlik. Millətin tərkibini və məzmununu ərazi, dil, mədəni ənənələr, tarixi yaddaş və s. müəyyən edir.

Boston Universitetinin (ABŞ) professoru Liya Qrinfeldin fikrincə, "müasir mənada milli identiklik "xalqa" mənsub olmaqdan irəli gələn identiklikdir, xalqın əsas xarakteristikası onun millət kimi təyin edilməsidir. Bu qayda ilə yenidən təyin edilmiş "xalqın" hər bir nümayəndəsi onun ali, elitar mahiyyətinə mənsubdur və məhz bunun nəticəsində stratifikasiyaya məruz qalmış milli əhali mahiyyət etibarilə yekcins, sinfi və status fərqləri isə süni fərqlər kimi qəbul edilir. Bu prinsip hər bir millətin millətçiliyinin əsasını təşkil edir və təsdiqləyir ki, onları eyni bir fenomenin ifadəsi hesab etmək olar" (bax: Qrinfelğd L. Naüionalizm. Pətğ putey k sovremennosti. M., 2008, str. 11-12).

Professor Qrinfeld fikrini davam etdirərək yazır: "Xalqın ali hakimiyyətinin tanınması və xalqın müxtəlif təbəqələrinin tamamilə bərabər olmasının qəbul edilməsi müasir milli ideyanın mahiyyətini təşkil edir, eyni zamanda, demokratiyanın başlıca prinsipləridir. Demokratiya millət hissi ilə bərabər yaranmışdır. Demokratiya və millətçilik daxilən öz aralarında bağlıdır və bu dərin əlaqədən kənarda onları tam başa düşmək olmaz. Millətçilik demokratiyanın dünyaya ilk dəfə "millət" ideyasında gizlənmiş şəkildə gəldiyi forma olmuşdur - baramanın içindəki kəpənək kimi. Millətçilik əvvəlcə demokratiya kimi inkişaf etmişdir: bu cür inkişaf üçün şərait olan yerdə bu iki anlayış eyniləşmişdir. Lakin müxtəlif ölkələrdə millətçilik yayıldıqca və milli ideyada xalqın hakimiyyətinin aliliyinə deyil, onun müstəsnalığına istinad edilməsi ilə əlaqədar, milli və demokratik prinsiplərin əzəli eyniliyi itirilmişdir. Vurğulamaq lazımdır ki, yuxarıda söylənən fikirdə belə bir məqam nəzərdə tutulur: demokratiyanı ixrac etmək olmaz. Bəzi millətlər ona çox dərindən meyil edə bilərlər, o mənada ki, bu meyil onların millət kimi təyin olunmasına, yəni, əzəli "millət" anlayışına daxildir. Digər millətlərə bu cür meyil tamamilə yaddır və demokratik ideyanı qavrayıb inkişaf etdirə bilmələri üçün onların özünütəyinini dəyişməsi tələb olunur" (bax: yenə orada, s.14).

Alman filosofu İ.Q.Herderin fikrincə, millətlər bəşəriyyətin üzvi tərkib hissələri olmaqla tarixin həqiqi subyektləridir. Düzdür, millətlər fərdlərdən ibarətdir, lakin hər halda, onların inkişafı müəyyən mənada sonuncuların səylərinin nəticəsidir. Hər bir millətin məxsusi daxili qabiliyyətləri vardır; onun üçün süni qaydalara tabe olmaq, başqasının təcrübəsini imitasiya etmək zərərlidir.

Bununla bərabər, Herderin təliminə görə, fərdlər özü-özlüyündə mövcud deyildir: onlar özlərini daha tam şəkildə reallaşdırmaq üçün millətin üzvləri olmalıdırlar; öz növbəsində, hər bir millət bəşəriyyətin üzvi tərkib hissəsidir, onun taleyinə şərikdir və öz nailiyyətləri ilə onun tərəqqisinə kömək edir (bax: Qerder İ.Q. İdei k filosofii istorii çeloveçestva. M., "Nauka". 1977).

Yuxarıda şərh olunan baxışları nəzərə alaraq qeyd etmək lazımdır ki, millətin formalaşması mürəkkəb tarixi və sosial-mədəni hadisə olub, ərazi, dil, mədəni, siyasi, iqtisadi, psixoloji və digər komponentləri əhatə edir. Müəyyən tarixi hadisələr bu prosesin sürətlənməsinə güclü təsir göstərir. Məsələn, XV-XVI əsrlərdə türk istilaları Avropa dövlətlərinin və millətlərinin tam formalaşması prosesində mühüm rol oynamışdır. Avropa cəmiyyəti də başlanğıcda vahid mədəni identiklik kimi bu təhdid qarşısında formalaşmışdır. Türkiyənin yeni Avropa ərazilərini özünə tabe etməsi qorxusu yeni regional mərkəzlər yaranmasına gətirib çıxarmış, sonradan onların əhəmiyyəti artmışdır. Bu nəticə İohannes Helmratın 2009-cu il iyunun 11-də Moskvadakı German İnstitutunda oxuduğu elmi məruzədə də əksini tapmışdır ("Avropa" və xristianlıq. Problemin tarixi). Məhz XV-XVI əsrlərdə prinsipcə yeni ideya konstruksiyası - müasir "millət" təsisatı yaranmışdır.

Əvvəlki fəsillərdə göstərildiyi kimi, Azərbaycanda millət ideyasının rüşeymləri XIX əsrin 30-cu illərindən formalaşmağa başlamışdır. Əvvəlcə bu ideya həmin dövrdə müxtəlif identikliklərin toplusu olan dini identiklikdən ayrılaraq, etnik identiklik ideyası kimi formalaşırdı. Azərbaycan etnik identikliyinin formalaşması və inkişafı dövrü təqribən 70 il - XX əsrin iyirminci illərinə qədər olan dövrü əhatə edir. Məhz XX əsrin əvvəlində Azərbaycan (türk) etnik mənlik şüuru Azərbaycan milli mənlik şüuruna transformasiya etməyə başlayır. Onun tam formalaşması müstəqil dövlətin yaradılması ilə bağlıdır. Azərbaycan milləti Azərbaycan dövlətinin məhsuludur. Bu halda millət dövləti deyil, dövlət milləti yaratmışdır. Bu proses dövlətlərin və millətlərin yaranmasından ibarət ümumdünya prosesinə uyğundur. Konstruktivizm konsepsiyasına görə, millət dövləti yaratmır, dövlət isə millətdən özünün inkişafı üçün stimullaşdırıcı amil kimi istifadə etməyə çalışır. İtaliya, Almaniya, Fransa və digər Avropa dövlətlərinin tarixi göstərir ki, bu dövlətlərdə millətlər müstəqil dövlətlərin yaradılmasının nəticəsi kimi formalaşmış, onlarda yaşayan qohum və qeyri-qohum etnik qrupların inteqrasiyası şərti kimi çıxış etmişdir. Bu dövlətlərdə həm siyasi amil, həm də milli birliyi qabaqlayan millət ideyasının özü qurucu rol oynamışdır. Millətçilik milli ideyanın məhsulu, millət isə öz növbəsində, millətçilik ideyasının məhsulu olmuşdur.

Lakin intellektual, sonra isə həm də siyasi zümrə, milli elita olmadan Azərbaycanda milli identiklik yaranması proseslərini sürətləndirmək mümkün deyildir. 1905-ci il birinci rus burjua inqilabına qədər millət ideyası ənənəvi cəmiyyət ideyasını tədricən əvəz edirdi və hələ xalqın içərisində dərin kök salmamışdı, sonrakı illərdə isə o, ictimai inkişafda ziddiyyətli meyilləri aradan qaldıraraq tədricən dinamikləşməyə başlamış, artıq 1917-ci ildə Rusiyada baş verən hadisələr bu ideyaya güclü qurucu elementlər gətirmişdir. Köhnə cəmiyyətin məhv olma sürəti onun normal fəaliyyət qabiliyyətinin olmamasına millətin münasibətindən asılı idi. Bir dəfə yaranmış və etnosiyasi millətçilik forması kəsb etmiş millət ideyası kütlələrin şüurunda baş verən dəyişiklikləri sürətləndirdi, siyasi elitada, onun dünyagörüşündə baş verən dəyişikliklər isə onlara konkret istiqamət verdi, gələcək inkişaf imkanını müəyyən etdi və bu inkişafda əsas amilə çevrildi. Bununla da, millət ideyası cəmiyyətin köhnə quruluşdan yeni quruluşa transformasiyasını  təsdiqlədi və tamamladı, hərçənd Azərbaycan millətinin özünün formalaşması prosesi 1918-ci ildə müstəqil dövlət yaradılandan sonra başa çatmışdır.

O dövrün Azərbaycan millətçiliyi üçün səciyyəvi olan nə idi? Lap əvvəldən onun məzmununda iki istiqamət vardı: o, bir tərəfdən sosial-siyasi məqsədlər - Rusiya imperiyasından azad olmaq və müstəqil milli dövlət yaratmaq məqsədi güdürdüsə, digər tərəfdən etnikliyi müdafiə edən və dövləti qoruyan istiqamət götürmüşdü. Onun mahiyyəti Cənubi Qafqazda xristian buferi yaratmaq məqsədilə Azərbaycan etnosunu öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılmaqdan qorumaq idi. Çar hökuməti bu planların həyata keçirilməsində əsasən erməni Qriqorian kilsəsinə və erməni siyasi strukturlarına ümid bəsləyirdi.

Bu gün xarici ölkələrdə çap edilən çoxlu sayda kitab və məqalələrin müəllifləri millətlərin və millətçiliyin taleyindən baş çıxarmağa çalışırlar. Ən başlıcası, bu problemin öyrənilməsinə yanaşma dəyişmişdir. Elmi ədəbiyyatda millətçiliyin interpretasiyasının müsbət amili "millətçilik" anlayışına aid edilən mənfi məzmundan imtina edilməsidir. Millətçiliyin ideoloji təsəvvürlər və siyasi praktika kompleksi kimi başa düşüldüyü bildirilir, burada üstünlük millətin mənafelərinə və milli-mədəni dəyərlərə verilir. Milli dövlətə və millətçiliyə sədaqət, milli identikliyin qorunub saxlanması müasir dövrün mühüm xüsusiyyətinə çevrilir. Müasir Avropada cərəyan edən milli proseslər belə deməyə əsas verir ki, qloballaşma və postmodern dövrü bu hadisəyə müqavimət göstərmək iqtidarında deyildir.

Belə bir fikir də vardır ki, millətçilik insanları bir-birindən ayırır, deməli, o, zərərlidir, çünki münaqişələr üçün əsasdır. Lakin bununla bərabər, razılaşmaq çətindir ki, millətçiliyin öz mövcudluğunu qoruyub saxlamasına yeganə səbəb onun insanlara özünün qohum sosial qrupa, birliyə, vahid tarixə və mənlik şüuruna mənsub olması hissini aşılamasıdır. Düzdür, o, insanlara onların məxsusi "MƏN"indən kənarda olan nə isə verir. Aydındır ki, əgər millətçilik etnomərkəzçi, təcavüzkar, şovinist xarakter kəsb etsə və nəzarətdən çıxsa, çox təhlükəli ola bilər. Bununla belə, o yaşayır və çiçəklənir, bunun üçün onun ciddi əsasları vardır. Ən başlıcası, onun ksenofobiya, dağıdıcı milli separatçılıq, şovinizm, milli təkəbbür və milli xudbinlik kimi məna yükü daşıması zəruri deyildir. Etnik milli şüur çox vaxt müsbət, birləşdirici impulsa malik olur.

Millətin tərifi ətrafında elmi mübahisələr bir çox onilliklərdir ki, səngimir. Fikir müxtəlifliyi o qədər geniş, müəlliflər isə siyasi və nəzəri tərəfgirlik baxımından o dərəcədə sifarişlidirlər ki, hamılıqla qəbul olunmuş konsepsiyanın meydana gəlməsini gözləməyə dəyməz. Mən bu diskussiyada iştirak etmək fikrindən uzağam, xüsusən ona görə ki, həmin məsələ bu işimizin məqsədinə daxil deyildir. Yalnız bir məqamı qeyd etməyi zəruri sayıram ki, bu gün elmi ədəbiyyatda millət konsepsiyası iki mövqedən nəzərdən keçirilir - vətəndaş-siyasi və etik.  O ki qaldı millət və millətçiliyin qarşılıqlı münasibəti məsələsinə, burada bəzi tədqiqatçılar hesab edirlər ki, millət millətçilikdən törəmədir. Yuxarıda qeyd etdiyim kimi, ingilis sosioloqu Ernest Gellnerin fikrincə, millətləri məhz millətçilik doğurur, əksinə yox (bax: Qellner G. Naüii i naüionalizm, str. 127).

Konstruktivist mövqedən çıxış edən V.A.Tişkov yazır: "Millət - millətçilik ideologiyasının məhsuludur" (bax: Tişkov V. Çto estğ Rossiə i rossiyskiy narod // Pro et contra, 2007 q., ¹3, str. 33-34).

E.Gellner və V.Tişkovun hansı metodoloji mövqelərdən çıxış etmələrinə baxmayaraq, onların bu fikri reallığı əks etdirir. Millətçilik millətin formalaşmasını qabaqlayır.

Millətçilik ideologiyadır. Lakin bununla bitmir, bu həm də dövlət praktikasıdır. Zənnimcə, dövlət millətçiliyi spesifik dövlət ideologiyası və onun siyasi məqsədlər üçün tətbiq edilməsi praktikasıdır. Məsələn, milli ideyanın əsas prinsipi olan "azərbaycançılıq", həmçinin dövlət millətçiliyi fenomenini ehtiva edir.  Azərbaycançılıq ideologiyası  XIX əsrin sonu -  XX əsrin əvvəlində Azərbaycan əhalisində milli mənlik şüurunun formalaşması uğrunda mübarizə forması kimi təşəkkül tapmışdır. O vaxt xalq hələ millət statusu qazanmamışdı, lakin intellektual elita tərəfindən "azərbaycançılıq" ideologiyası şəklində irəli çəkilən millətçilik ideologiyası tədricən şəhər əhalisinin savadlı hissəsinin düşüncəsinə hakim kəsilirdi. "Azərbaycançılıq" xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının, spesifik maraqlarının ödənilməsinə yönəldilmişdi. Bu gün bu anlayışın məzmunu həm ölkənin daxilində dövlət məsələlərinin həllinə, həm də onun hüdudlarından kənarda respublikanın maraqlarının qorunmasına istiqamətlənmiş yeni mənalarla xeyli zənginləşmişdir.

Azərbaycan millətçiliyinin təbiəti millətin inkişafını həm longue duree, yəni, uzun və qırılmaz zaman ölçüsü nöqteyi-nəzərindən qiymətləndirən perennializm nəzəriyyəsi mövqeyindən, həm də millətin və millətçiliyin növlərinin inkişafını onların bu yaxınlarda modernləşməsinin nəticəsi kimi şərh edən modernist mövqeyindən başa düşülə və izah edilə bilər. Modernist nəzəriyyəsinə uyğun olaraq, dövlət məhz modernləşmə dövründə yeni, adətən, əvvəlkinə nisbətən daha fəal millətçilik ideologiyasının köməyi ilə milləti səfərbər edir və birləşdirir. Bu, ona görə edilir ki, yeni beynəlxalq münasibətlər sisteminə qoşulub orada möhkəmlənmək asan olsun. Bu sistemdə sabit yer tutmaq millətin varlığına ciddi çağırış və təhdidlərlə bağlıdır.

Azərbaycanda dövlət millətçiliyi yalnız birləşdirici qüvvə, müdafiə qüvvəsi ola bilər. Bu fenomenin mühüm vəzifələrindən biri millətin birliyini dağıda biləcək ideologiyalara maneə olmaqdır. Lakin bu millətçilik hələ tam formalaşmamışdır, kütləvi şüurun təzahürünə çevrilməmişdir, hərçənd o, millətin dövlət ətrafında birləşməsində mühüm rol oynaya bilərdi. XXI yüzillikdə azərbaycanlılar bizə yad ideoloji baxışlara malik olan, sabitliyi laxlada, ümumi inkişaf kursuna xələl gətirə biləcək xarici qüvvələrin cəmiyyətimizə mümkün gəlişinin qarşısını almalıdırlar.

Dövlət millətçiliyi müasir Azərbaycan xalqının tarixi ənənələrindən və kollektivçilikdən irəli gələn sağlam millətçilikdir. O, indiki dövr ilə uzlaşır və gələcəyə yönəlmişdir. Eyni zamanda, sağlam millətçilik XXI əsrdə Azərbaycan dövlətçiliyi quruculuğunun təməlidir. Çoxmillətli Azərbaycan dövlətində millətin etnik məzmunu tədricən aradan qalxır və vətəndaş elementi ilə əvəzlənir. Ona görə də ölkədə ümumazərbaycan identikliyi forması kimi vətəndaş (dövlət) millətçiliyinin formalaşmasına ictimai dəstəyi gücləndirmək lazımdır. Əgər dövlət maraqlarından çıxış etsək, bizim buna böyük ehtiyacımız vardır. Bu, cəmiyyətin strateji vəzifələrinin həlli üçün zəruridir.

Millətçiliyin dövlət ideologiyası və siyasəti səviyyəsinə qaldırıldığı Yaponiya bizə ibrətamiz təcrübə təqdim edir. Yaponiya inkişaf etmiş kreativ zümrəyə malik olan, iqtisadiyyatda və həyatın digər sahələrində qabaqcıl informasiya-kommunikasiya texnologiyaları tətbiq edən müasir dövlətdir. Yaponiyada millətçilik ideologiyası zəminində bütövlükdə mütəşəkkil, iş bacaran və xeyirxah əhali yetişdirilmişdir. "Yaponiya hakimiyyəti millətçilik ideologiyasına əsaslanaraq, milli inkişafın bütövlükdə uğurlu, millətin suverenliyini və müstəqilliyini təmin edən modelini yenidən yaratmağı öyrənmişdir. Yaponiyada dövlət-millət homogen milli identikliyə malik olan, dünyada bir çox ölkələr üçün sağlam milli inkişaf modeli ola bilən millətin sabit mövcudiyyətinin mümkünlüyünü sübut etmişdir" (bax: Krupənko M.İ., Areşidze L.Q. Əponiə: ideoloqiə qosudarstvennoqo naüionalizma. Jur. İstoriə i sovremennostğ. M., 2010 q., ¹ 2, str. 188).

Azərbaycanda millətçilik şüurunu formalaşdırarkən insanların öz fərdi maraqlarının və dövlətin milli maraqlarının bir-birinə zidd olmadığını, vahid tam təşkil etdiyini dərk etməsi vacibdir. Vətəndaş millətçiliyinin başlıca vəzifəsi dövlətin möhkəmləndirilməsi olmalıdır. Vətəndaş (dövlət) millətçiliyinin təkamülündə əsas rol intellektualların üzərinə düşür. Bu zümrənin rolu onun mütəhərrikliyi ilə müəyyən olunur. Həmin xüsusiyyət bu zümrəyə dövlətinə xidmət etmək imkanı yaradır. İntellektual apriori millətçidir, millətin və milli dövlətin qurucusudur. Hamıdan öncə məhz intellektuallar siyasi və mədəni millətçiliyə meyillidirlər. Yeri gəlmişkən, millətçilik əsas Avropa dövlətlərinin təşəkkülündə və millətlərin formalaşmasında az rol oynamamışdır.  

Vətəndaş millətçiliyi dövlət və cəmiyyət arasında problemlərin həllində sanballı resursdur. Vətəndaş (dövlət) millətçiliyi ideologiyası bir tərəfdən cəmiyyətin mənəvi tələbatını ödəməli, onun yaddaşında millətin qəhrəmanlıq tarixinin səhifələrini, onun qeyri-adi keyfiyyətlərini yorulmadan canlandırmalı, digər tərəfdən mühüm məsələləri həll etmək üçün cəmiyyəti birləşdirmək işində dövlətə dəstək olmalıdır. Bu ideologiya vətəndaşların diqqətini milli mədəniyyəti və milli unikallığı onların möhkəmlətməli və inkişaf etdirməli olduqları dövlətin maraqları baxımından qavramasına cəlb etməlidir.  Dövlət millətçiliyi ideologiyası vətəndaşlarda millətin formalaşdığı torpağa sədaqət və məhəbbət hissini gücləndirməli, onlara bənzərsiz mədəniyyətə mənsub olduqlarını təlqin etməlidir. Bunlar vətəndaşlarda yalnız qürur hissi doğurmamalı, onların düşüncəsini yaradıcılıq üçün həyati məna ilə zənginləşdirməlidir. İnsanlara təsir etmək gücünə görə vətəndaş millətçiliyi ideologiyası ilə heç nə rəqabət apara bilməz. Millətçilik insanın sosial ovqatını müəyyən edən, özünün və öz mövcudluğunun dərkinə kömək edən ideya kateqoriyasıdır. Eyni zamanda, millətin mədəni identikliyi onun siyasi səfərbərliyinin əsasına çevrilir. Sosial-mədəni identikləşmənin insan üçün mühüm əhəmiyyəti vardır, çünki onun öz "köklərini" müəyyənləşdirməsinə, orada öz-özünə qiymət vermək üçün nümunələr tapmasına və bundan çıxış edərək özünü şəxsiyyət kimi reallaşdırmasına imkan yaradır. Bununla da, sosial-mədəni identikləşmə həm insanın onun üçün səciyyəvi olan dəyərləri qəbul etməklə etnik birliyə mənsubluğunu dərk etməsini, həm də özünəməxsusluğu qorumaq məqsədilə bu dəyərlərdən istifadə etməyin vacibliyini başa düşməsini nəzərdə tutur.

Millətçiliyin təbliğində müxtəlif identikliklərdən istifadə edərkən dövlətin rolunun vacibliyini vurğulamaq lazımdır. "Millətçilik siyasətin formasıdır, lakin bu, həmçinin millətin nadir tarixi inkişaf təcrübəsinə əsaslanan mədəniyyət formasıdır. Bu forma millətin ruhunu, daxili enerjisini və inkişaf dinamikasını qidalandırır, gələcək nəsillərdə onlardan əvvəl yaşamış əcdadları ilə ümumi taleləri haqqında təsəvvürlərin əsasını yaradır" (bax: Krupənko M.İ., Areşidze L.Q. Tam je, str. 206). İnsan sosial fərd qismində mədəniyyətin məhsuludur. O, yalnız mədəniyyətdə yayımlanan sosial təcrübənin mənimsənilməsi sayəsində şəxsiyyətə çevrilir. Beləliklə, milləti səfərbər etmək üçün mədəniyyətdən vahid sistem, dini, linqvistik ideologiya kimi istifadə olunmalıdır. Bu halda, dövlətin möhkəmləndirilməsinin siyasi məqsədləri nəzərdə tutulmalıdır.    

Azərbaycan cəmiyyətinin təhsilli hissəsinin, azad peşə sahiblərinin vəzifəsi milli hərəkatın vətəndaş (dövlət) hadisəsi kimi inkişafı və birliyinə dəstək olmaqdır. "Millət" kateqoriyası əqli əmək adamları üçün prioritet olmalı, mühüm siyasi əhəmiyyət daşımalıdır. Yalnız onların yaradıcı fantaziyası və intellekti millətə onun cizgilərini və əsas emosional məzmununu verəcəkdir. Milli əsatir, simvol və obrazlar əsasında ziyalılar cəmiyyətə millətin fərqli, bənzərsiz xarakterini təqdim etməlidirlər. Məhz xalqın qəhrəmanlıq səhifələrinin xatirələri, simvol və əsatirlər sağlam millətçiliyə səfərbəredici cazibə və istiqamət verir. Bu ədəbi forma və obrazlardan məhrum olan millətçilik insanların ruhuna təsir etmək qüvvəsini itirərdi.

Azərbaycanda vətəndaş millətçiliyinin cücərtiləri, iqtisadi və siyasi islahatlar millətin birləşməsinin vacib şərti oldu, ölkə əhalisinin həyatını Avropa standartları əsasında qurmaq üçün dövlətə əlavə imkanlar açdı. Məhz başlanğıcını 2004-cü ildən götürən Azərbaycanın sosial-iqtisadi inkişafının yüksək sürəti xalqın milli tarix, milli ənənə və milli dəyərlər ətrafında, bütövlükdə isə dövlətin ətrafında birləşməsi zəminində vətəndaş identikliyinin məntiqi ardıcıl (diskursiv) yaradılması proseslərini gücləndirdi. Bu meyillər artıq 2005-ci və 2010-cu illərin parlament, 2008-ci ilin prezident seçkilərində özünü daha qabarıq göstərdi.

Möhtəşəm sosial-iqtisadi proqramın həyata keçirilməsində milli özünüdərkin, yəni, dövlət millətçiliyinin az rol oynamadığını desəm, səhv etmərəm. Mübaliğəsiz demək olar ki, müasir Azərbaycanın siyasi, hətta iqtisadi reallıqları çox cəhətdən ölkənin inkişaf etmiş cəmiyyətə transformasiya olmaq cəhdindən doğmuş dövlət millətçiliyi ilə müəyyən olunmuşdur. Bu millətçiliyin qurucu xarakteri şübhə doğurmur.   

Qeyd etmək lazımdır ki, millətçilik və modernləşmə XX əsrdə Qərb sivilizasiyasının simasını müəyyən etmiş, onun informasiya cəmiyyətinə transformasiyası üçün potensial yaratmış hadisələrə aiddir. Vətəndaş (siyasi) millətçiliyi siyasi tranzit şəraitində modernləşmənin həyata keçirilməsinə kömək göstərmiş, həmçinin cəmiyyətin sosial infantilizm, yeniyetmə delinkventliyi (hüquq pozuntuları, cinayətkarlıq) və gənclər arasında digər problemləri həll etməyə imkan yaratmışdır. Bu problemlər ümumi mənfi meyillərlə qarşılıqlı əlaqə şəraitində bütövlükdə sosial məsuliyyətdə böhrana səbəb olurdu.   

Buna görə, əgər millətçiliyi müasir Azərbaycanın çiçəklənməsinin mühüm elementi hesab etsək, aydındır ki, ölkədə ümumxalq identikliyinin forması olan və "öz qüvvəsinə mədəni və ya siyasi inama (Fransa, Almaniya)" əsaslanan (bax: Qrinfelğd L., str. 6) dövlət (vətəndaş) millətçiliyinin inkişafına dəstəyin zəruri olması fikrini irəli sürmək lazımdır. Yuxarıda qeyd olunduğu kimi, bizim həyata keçirdiyimiz ideologiyada bu element (komponent) çatışmır. Amma söyləməliyik ki, bu birləşdirici millətçilik ölkənin milli maraqlarını daha dərindən dərk etmək üçün zəruridir. Bu, həmçinin insanların şüurunda ümumazərbaycan identikliyinin təsdiqi və inkişafı, "Azərbaycan milləti" anlayışının ölkənin bütün etnoslarını əhatə edən formul kimi tətbiq olunması üçün zəruridir. Bu millətçilik ideyasını cəmiyyətdə fəal yaymaq lazımdır. Vətəndaş (dövlət) millətçiliyi milli özünüdərkin nailiyyətlərdən qeyri-məmnunluğunun inikasının təzahürü, sosial-iqtisadi və mənəvi inkişafın, kreativ şəxsiyyət yetişdirməsinin əsas amili, müasir Azərbaycanda bütün etnosların tolerant birgəyaşayışı siyasətinin leytmotivi olmalıdır.

Ölkə əhalisinin tərkibində üstünlük təşkil edən türkdilli azərbaycanlılarda etnik dözümsüzlük xüsusiyyəti yoxdur. Dözümsüzlük, başqa sözlə, etnofobiya, fərdi və kütləvi şüurun ətrafdakı fərqli milli kimlik daşıyıcılarına qarşı düşmənçilik, təcavüzkarlıq kimi xüsusiyyətləri Azərbaycan cəmiyyətinə yaddır. Lakin tolerantlıq dövlətin ideologiyası və siyasəti olan vətəndaş millətçiliyini istisna etmir. Polietnik cəmiyyətdə vətəndaş millətçiliyi  daxili birliyə malik olmuş Azərbaycan cəmiyyətinin ətraf mühiti  qavraması üsuludur.     

Mədəni və etnik birliyə nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkişaf edə bilməz. Tolerantlıq yüksək mənəviyyatın və əxlaqi mədəniyyətin təzahürüdür. Bu xüsusiyyət polietnik cəmiyyətdə müxtəlif baxışların, sosial əhval-ruhiyyənin, fərqli ideya və dünyagörüşlərinin tarazlaşdırılması üçün zəruri olan sosial mexanizm kimi formalaşır. Tolerantlıq ziddiyyətlərin olub-olmamasından asılı olmayaraq, sosiumun mövcudluğu zərurətinin nəticəsidir. Tolerantlığın fenomeni etnik millətçiliyə qarşı dayanmasındadır. Tolerantlıq cəmiyyətin mənəvi, sosial və milli birliyini təmin edən dövlət mövqeli millətçiliyə qarşı dayanmır. Tolerantlıq ictimai həyatın strukturundakı sosial gərginliyin və diskomfortun katalizatoru olan meyilləri dağıdır. 

Beləliklə, Azərbaycanda millətin müasir ideyasının, başqa sözlə desək, Azərbaycan identikliyinin elmi axtarışı həm mədəni ənənələr nəzərə alınmaqla, həm də dövlət vəzifələri, cəmiyyətin polietnikliyi, yeni dövrün xüsusiyyətləri və beynəlxalq kontekst aydın dərk edilməklə  aparılmalıdır. XXI əsrdə  millət anlayışı həm ümumi tarixin və mədəni irsin reallıqlarına, həm də yanaşı yaşayan və özünü onlarla dayanıqlı şəkildə eyniləşdirən digər müxtəlif mədəni qrupların bəlli simvol və ənənələrinə əsaslanmalıdır. Onların hamısına müasir vətəndaş millətinin əhəmiyyətli təcəssümü kimi baxılır.    

Milli identiklik heç də həmişə sükunət vəziyyətində olmur.  Dövlətə qarşı istənilən xarici təhdid və ya cəmiyyətin mövcudluğu üçün təhlükə doğuran hər hansı sarsıntı milli identikliyin dərk edilməsinin artım mənbəyinə çevrilir. Əgər cəmiyyət bu təhlükəyə davam gətirib məhv olmasa, özünü təsdiqləmək və yüksəlmək üçün yeni güc qazanacaqdır. Məsələn, Napoleon müharibələri Almaniyanın modernləşməsinə və milli ruhun yüksəlişinə səbəb oldu. Azərbaycan üçün bu hal 1990-cı ilin yanvarında Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin nəticəsində vüsət almış xalq hərəkatını yatırtmaq üçün M.Qorbaçov tərəfindən Bakıya və respublikanın rayonlarına qoşun hissələrinin yeridilməsi oldu. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi milli identikliyin artmasının güclü mənbəyi, püxtələşməsinin stimulu oldu. Azərbaycan xalqının birləşməsinə, milli identikliyin güclənməsinə daha bir qaynaq Xocalı soyqırımının dünyanın bir çox ölkələrində geniş qeyd olunan iyirmi illiyi oldu. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu soyqırımı nəticəsində 613 nəfər öldürülmüş, meyitlər təhqir edilmiş, 1275 şəxs girov götürülmüş, işgəncələrə məruz qalmışdır. Bu, insanlığa qarşı cinayətin konkret təzahürü idi.

Beləliklə, milli identikliyin güclənməsi həm millət və dövlətçiliyin mövcudluğu üçün təhlükə səviyyəsinin artmasının təsiri altında, həm   milli iqtisadiyyatın güclü inkişafı, dünya birliyinə yol açmaq nəticəsində baş verə bilər. Bu əsasda birləşən identiklik qlobal proseslərin mənfi təzahürlərinə qarşı dayanan vətənpərvərliyin yüksəlməsini stimullaşdırır. Lakin o, "siyasi və milli vahidlərin üst-üstə düşməsini tələb edən siyasi prinsip" kimi millətçilik doğura bilər ki, bu da öz növbəsində, müsbət milli identiklik (başqalarına qarşı deyil, öz inkişafı naminə həmrəylik) formasında inkişaf mənbəyi ola bilər (bax: Qellner G. Naüii i naüionalizm. M.,1991).

Bununla belə, ilk baxışda milli identikliyi gücləndirməli olan amillər heç də həmişə milləti adekvat reaksiyaya vadar etmir. Lakin belə fəallıq üçün daha vacib şərt milli mövcudluğun bünövrəsi olan mədəni özəyin olmasıdır. Məhz o, özünü "əlahiddə" və "başqa" hesab etməyə, ümumi həyat məkanının əhəmiyyətini və inkişafın istiqamətini dəstəkləməyə əsas verir. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, "milli özünüdərk strukturlarının dağılması, fərd və sosium, fərd və dövlət arasında əlaqənin itməsi əsas xüsusiyyəti tərkidünyalıq olan sosial şəxsiyyət tipinin formalaşmasına səbəb olur. Bu, cəmiyyətin tənəzzülü, dövlətin dağılması və ölkənin geosiyasi reallıq kimi yox olması ilə nəticələnə bilər" (bax: Şendrik A.İ. Naüionalğno-kulğturnaə identiçnostğ kak problema sovremennoy kulğturoloqii. İskusstvo i üivilizaüionnaə identiçnostğ. Otvet. red. N.A.Xrenov. M., 2007, str. 141). Bir sözlə, sosial laqeydlik, millətə bağlılıq hissinin itirilməsi, sosial qrupun cəmiyyətə yadlaşması milli birlik üçün təhlükədir.  

Cəmiyyətin bir hissəsinin indiferentliyi şəraitində milli identikliyi stimullaşdırmaq və dəstəkləmək yollarının tapılması dövlətin inkişafının təmin edilməsi üçün fundamental resursa çevrilir. 1917-ci ildən etibarən, xüsusən, müharibədən sonrakı dövrdə Finlandiyanın milli identikliyini formalaşdırmaq təcrübəsi son onilliklərdə, ölkənin inkişafı ilə bağlı maraqlar milli mənafelər kimi qəbul edilən dövrdə onun iqtisadi uğurlarının lokomotivinə çevrilmişdi. Buna baxmayaraq, bu gün  dövlət və Finlandiyadakı vətəndaş cəmiyyəti təşkilatları tükənmiş resurslara nəzər salaraq, onların yenilənməsinin vacib olduğunu elan edirlər. Onlar təhsil, intellektual kapitalın artımı, kreativ iqtisadiyyat, sosial mühitin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş infrastruktur layihələri kimi yeni, bərpa edilən sosial resurslar əsasında inkişafı millətin rifahının daha da möhkəmləndirilməsinin mühüm vasitəsi hesab edirlər.

Bu gün yeni dünya nizamının əsas subyektləri öz sosial-mədəni təcrübəsini universalist formalara salmaqdan tədricən imtina edirlər. Milli inkişaf potensialının tükənməsi problemi inkişaf etmiş ölkələrin hamısına təsir göstərmişdir. Sosial həmrəylik üçün möhkəmləndirici təsisatların kifayət etməməsi üzə çıxır. Avropa dövlətlərində milli mənlik şüurunun oriyentirləri haqqında fəal diskussiya aparılır. Burada milli identikliyin özünün əhəmiyyəti vurğulanır. Onun formalaşması sosial-mədəni siyasətin prioritetinə, dünyada sabitlik olmadığı şəraitdə milli dövlətin inkişafının mühüm resursuna çevrilir. Məsələn, bəzi Avropa ölkələrində etnomədəni elementin aşkar ifadə olunduğu identiklik güclənir, bu element qlobal dünyanın inkişafında universalist meyillərlə toqquşa bilir. Avropanın aparıcı ölkələrinin siyasi liderləri Devid Kemeron, Nikola Sarkozi, Angela Merkel multikulturalizmin özünü doğrultmadığını və uğursuz olduğunu bəyan etmişlər. Nəticədə bu ölkələr Asiya, Afrika və Şərqi Avropadan olan miqrantların qəbul edilməsini məhdudlaşdırmaq məqsədilə miqrasiya siyasətini yenidən nəzərdən keçirməyə başlamışlar. Təbii ki, bu meyillər modernləşmənin indiki mərhələsinin mühüm meqatrendi olan qloballaşma prosesinin ikili xarakterini əks etdirir, hərçənd bütövlükdə onlar dünya nizamının geterogenliyinin (müxtəlifcinsliliyinin) artırılması məntiqinə zidd deyildir. Postmodernistlər bu prosesi identikləşmə böhranı adlandırırlar.

Lakin multikulturalizmə mənfi münasibətin və Qərb düşüncəsində milli mədəniyyətin xüsusiyyətləri mövzusuna marağın artmasının səbəbi məntiqlə izah edilə bilmir. Bu yanaşmada Hantinqtonun "sivilizasiyaların toqquşması" ideyası çoxaspektli etnik-milli proseslərin sadə yozumuna imkan verir. Nəticədə müasir Avropaya yad etnik və konfessional qruplara qərəzli münasibət güclənir, identikliyin milli və lokal xüsusiyyətləri ilə müasir istiqamətləri arasında ziddiyyət yaranır.

Milli və müasir dəyərlər dilemması ilk baxışda asanlıqla həll edilir: bunlardan birincisi ikincisinin bu və ya digər dərəcədə üzvi tərkib hissəsi hesab edilir. Lakin bu anlayış Ümumavropa maraqları ilə heç də həmişə və hər yerdə uzlaşmır. Məsələn, Avropa identikliyinin bərqərar olması proseslərinin ziddiyyətli xarakteri ona dəlalət edir ki, "Avropa identikliyinin və milli identikliyin məzmunu məsələsi Avropa siyasi layihəsinin reallaşdırılması üçün mühüm məsələlərdən birinə çevrilir. Bu gün inteqrasiya çərçivəsində iqtisadi və siyasi yaxınlaşmanın sanballı nəticələrinə baxmayaraq, "millət" anlayışı zəngin emosional məzmununu saxlayır. Bəzi Avropa ölkələrində milli və etnik identiklik mövzusunda qızğın diskussiyalar onların məzmununun fərqli səviyyəsinə, Avropa identikliyi ilə müqayisədə daha intensiv narahatlığa dəlalət edir" (bax: Semenenko İ.S. Metamarfozı evropeyskoy identiçnosti. Polis. 2008, ¹3, str. 94). Çox cəhətdən məhz bu səbəbə görə elmi dairələrdə siyasi identikliyin formalaşması məsələsi gündəmə çıxarılır. Bu, etnik-milli, vətəndaş, konfessional və ideya-siyasi oriyentasiyaların fərdi və qrup şüuru səviyyəsində kombinasiyasının nəticəsi ola bilər.

Ümumavropa institutlarının inkişafının məzmunu bu cür identikliyin konstruksiya edilməsi cəhdlərindən ibarətdir. Hələlik isə milli səviyyə birləşmiş Avropanın vətəndaşları üçün əsas identikləşmə oriyentiri kimi qalır və konkret tarixi-mədəni və siyasi simvoldan qidalanır. Milli dövlətin təşəkkülünün Qərb yolunu keçməmiş ənənəvi cəmiyyətlərdə milli identikliyin bərqərar olması davamlı sivilizasiya elementlərindən birini aktuallaşdırır. İslam dünyasında milli identiklik artıq etnik-konfessional zəmin kəsb etmişdir. Dövlət quruculuğu vətəndaş millətinin birləşməsi proseslərini qabaqlayan yerdə milli identiklik sivil identikliklə əvəz edilir. Sivil hədəflər mahiyyətini itirmiş ənənəvi dəyərlərin  anlayışların yerini doldurur, tədricən sırf milli çalar kəsb edir. İnkişafın bu cür vektorunu müasir İranda müşahidə edirik (bax: Semenenko İ.S.Dilemmı utverjdeniə naüionalğnoy identiçnosti v qlobalğnom mire, str. 48).

Müşahidələr göstərir ki, Azərbaycanda bir sıra hallarda "milli" termini adi şüurda identiklik kontekstində etniklik kimi başa düşülür. Bu isə belə deməyə əsas verir ki, konseptual baxımdan və dövlətin mənafeyi üçün Ümumazərbaycan identikliyi hələ də dəqiq ifadə edilməmişdir. Azərbaycan identikliyinə etnik yanaşma Azərbaycan millətinin təşəkkül tapmasına və dövlət müstəqilliyi qazanmasına qədər (XX əsrin əvvəli) mövcudluq hüququna malik idi. Bu, Azərbaycan millətinin tarixində keçilmiş mərhələdir. Onun sonrakı davamlı inkişafı üçün milli identikliyin yeni konseptual formulu tələb olunur. Ölkə əhalisinin polietnik tərkibi və postsənaye cəmiyyətinin xarakteri zəruri hallarda milli identikliyin və milli ideyanın məzmununu yeniləşdirir.

Azərbaycan milli identikliyinin əsasını təşkil edən ideya-dəyərlər konsepsiyası özündə həm etnik, həm də vətəndaş identikliyini birləşdirən model ola bilər. Məlumdur ki, Azərbaycan identikliyinin baza dəyərlərindən biri tolerantlıq, millətlərarası və konfessiyalararası sülh və həmrəylikdir. Tolerantlığın əsası kimi çıxış edən Azərbaycan mədəniyyəti təkcə titul etnosunun mədəniyyəti ilə məhdudlaşmayıb, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının ümumi mədəniyyətidir. Burada paradoks yoxdur, çünki miqyasından və xüsusi çəkisindən asılı olmayaraq, hər bir etnik mədəniyyət müəyyən cəmiyyətin plüralist mədəniyyəti çərçivəsində submədəniyyət kimi qəbul edilir. Azərbaycan mədəniyyətində ölkənin bütün etnoslarının mədəniyyəti bölünməz bir külçə kimi birləşmişdir. Məsələn, etnik ləzgi olan tanınmış Azərbaycan bəstəkarı Elza İbrahimovanın əsərlərində ölkənin bütün vətəndaşları üçün doğma olan akkordlar və motivlər səslənir. Linqvistik amil Azərbaycan identikliyinin formalaşmasında əsas rol oynayır. Bu, onunla şərtlənir ki, türk Azərbaycan dili dövlət dili statusuna malik olmaqla bərabər, həm də polietnik Azərbaycan cəmiyyətinin sıx birləşməsinin əsas vasitəsi kimi çıxış edir. Bu gün Azərbaycan milli inkişafın elə mərhələsindədir ki, "azərbaycanlı" anlayışı təkcə etnik məzmun kəsb etməyib, həm də dövlət-vətəndaş mənasına malikdir (bunlar eyni şeylərdir). Buna görə də Azərbaycanda yaşayan bütün etnoslar azərbaycanlılardır, çünki onlar Azərbaycan vətəndaşlarıdır və onları ümumi ərazi, ümumi mədəniyyət, ümumi ünsiyyət dili və öz dövlətçiliyini möhkəmlətmək istəyi birləşdirir. Milli identikliyin vətəndaş anlamı elə bir qurucu yoldur ki, o, Azərbaycanda ölkənin firavanlığının əsasını təşkil edən millətlərarası həmrəyliyi və davamlı sülhü təmin edir.

Azərbaycanın multietnik və polikonfessional xarakteri nəzərə alınmaqla onun ərazisində vahid millət quruculuğu öz məzmununa görə etnik deyil, yalnız vətəndaş milləti ola bilər. Üstəlik, vətəndaş millətinin yaradılması təkcə dövlətin təxirəsalınmaz vəzifəsi deyildir. Etnoslararası qarşılıqlı fəaliyyətin bu "qaynar qazan"ında vətəndaş birlikləri də iştirak etməlidirlər. Vətəndaş milləti etnik qrupların sadəcə birləşməsi deyil, şüurlu şəkildə sıx birləşmiş cəmiyyətidir. XIX əsr fransız filosofu Ernest Renanın mülahizələrini əsas götürsək, vətəndaş milləti - "ümumi razılıq, birgə yaşamaq, nəsib olmuş bölünməz mirasdan birlikdə istifadəni davam etdirmək arzusudur" (bax: Renan G. Çto takoe naüiə? Sobr. soç. v 12-ti tomax. T.6. Kiev, 1902 q., str. 101).

İctimai inkişafın, milli mənlik şüurunun formalaşmasının müasir səviyyəsi yalnız etnik məzmunlu "millət" anlayışını mahiyyətcə istisna edir. Azərbaycan identikliyinin formalaşması məsələsinə etnosentrist mövqelərdən, yəni, türkdilli azərbaycanlıların prioriteti baxımından yanaşma cəmiyyətdə dağıdıcı hallara, millətlərarası toqquşmalarla müşayiət olunan dövlətdaxili münaqişəyə təhrik edə bilər. Azərbaycanda bütün etnoslar vahid vətəndaş identikliyinə malik olan vahid Azərbaycan xalqını təşkil edirlər. Bu, ondan irəli gəlir ki, burada təkcə türkdilli Azərbaycan etnosunun deyil, ölkənin bütün başqa etnoslarının da mədəniyyəti inkişaf edir. Bu siyasət belə bir həqiqətin başa düşülməsinə əsaslanır ki, ölkədə hər bir etnosun öz mədəni irsi, etnik ənənələri və bənzərsiz tarixi köklərə əsaslanan dəyərləri mövcuddur. Lakin bu amil bir fikri əsla inkar etmir ki, müasir çağırışları dəf etmək və "ümumi ev"in bünövrəsini möhkəmlətmək məqsədilə vətəndaş identikliyinin formalaşması vacibdir. Bu isə etnik elementlərdən məhrum deyildir, çünki cəmiyyət özü müxtəlif etnoslardan ibarətdir.

Yuxarıda deyilənlərə əsasən, bu nəticəyə gəlmək olar: Azərbaycanın hər bir sakini əslində, həm etnik, mədəni və dini identikliyin, həm də vətəndaş identikliyinin daşıyıcısıdır. Demokratik cəmiyyətin vətəndaşının ayrılmaz xarakteristikası olan çoxtərkibli identiklik bu gün cəmiyyətin keyfiyyətinin və yetkinliyinin mühüm göstəricisinə çevrilir. Məhz Azərbaycan identikliyinin vətəndaş (dövlət) konsepsiyası elə bir yoldur ki, o, gələcəkdə də ölkədə millətlərarası sülhü və həmrəyliyi təmin edəcək, Azərbaycanı firavanlığa qovuşduracaqdır. Buna görə də dövlət hakimiyyətinin vəzifəsi Azərbaycanda yaşayan etnosların səciyyəvi xüsusiyyətlərini aktuallaşdırmaq deyil, onun bütün etnik seqmentlərinin mənafelərindən çıxış edərək cəmiyyəti sıx birləşdirməkdir. Dövlət bu məqsədə nail olmasa, qeyri-sabit şəraitlə üzləşəcək, bu isə riskləri və təhlükəsizliyə təhdidləri artıracaqdır.

Beləliklə, milli identiklik inkişafın resursu olmaqla millət-dövlət birliyi, bu birliyin digər üzvlərinə və dövlətə münasibətdə fərdin özünü onlarla müqayisə etməsinə imkan verən öhdəlik və hüquqlarla bağlanan baxışlar kompleksi ilə eyniləşmə kimi interpretasiya edilir (bax: Semenenko İ.S. Dilemmı utverjdeniə naüionalğnoy identiçnosti v qlobalğnom mire. V sbornike statey: Destabilizaüiə mirovoqo porədka i politiçeskie riski razvitiə Rossii. M., İMGMO RAN. 2010, str.40).

 

 Vahid vətəndaş milləti

 

Azərbaycanda ümumvətəndaş identikliyinin formalaşması cəmiyyətin və dövlətin qarşısında duran mühüm və prioritet vəzifədir. İnsanlar özlərini həmişə onların dəstəklənməsini və təhlükəsizliyini (fiziki, iqtisadi, intellektual və s.) təmin edən tamın tərkib hissəsi kimi hiss etməyə ehtiyac duyurlar. Bu, praktiki olaraq dünyanın bütün xalqlarının keçmişinə və bu gününə aid olan qlobal tarixi prosesdir.

Hələlik isə müasir Azərbaycan cəmiyyətini identikliklərin qovuşması kimi səciyyələndirmək olar. Regionçuluq, totalitar təfəkkürün qalıqları, təhsil sistemində problemlər, cəmiyyətdə müxtəlif siyasi ideyaların və qeyri-ənənəvi dini cərəyanların yayılmasını şərtləndirən keçid dövrü, aztəminatlı qrupların sosial müdafiəsinin yetərincə olmaması, uşaqların və gənclərin əxlaqi-vətənpərvərlik tərbiyəsi sistemində təsirli formaların çatışmazlığı və s. hallar ümumvətəndaş identikliyinin tam formalaşmasına mane olur. Bu şəraitdə insana rahatlıq və sabitlik, onun qarşısında öz imkanlarını reallaşdırmaq üçün açıq perspektivlər yaranması barədə aldadıcı hisslər aşılayan identikliklər daha cəlbedici olur. Onların arasında etnik, mədəni və ya dini məzmun kəsb edənlər daha davamlıdır.

Əvvəla, ona görə ki, onlar zamanın sınağından keçmiş dil, mədəniyyət, coğrafiya, tarixi yaddaş, mentalitet, həyat tərzinin ümumiliyi və s. subyektiv amillər və obyektiv şərait, habelə öz sosial-mədəni xüsusiyyətlərini qabartmaq arzusu nəticəsində təbii şəkildə üzə çıxır.

İkincisi, dünya siyasətində və regional siyasətdə etnik və dini tərkib hissənin əhəmiyyəti getdikcə artır, "milli məsələ" isə istənilən polietnik (multimədəniyyətli) cəmiyyətin "ağrılı yeri"nə çevrilir.

Bununla bərabər, Azərbaycanda etnik və dini müxtəlifliyin mövcud olmasını tarixi gerçəklik və labüd fakt kimi qəbul etmək lazımdır. Buna görə də Azərbaycan dövlətinin təhlükəsizliyi və sabitliyi üçün məhz vahid vətəndaş millətinə mənsub olmağın dərk edilməsinin vətəndaşlara təhlükəsizlik, müdafiə olunmaq və sabaha inam hissləri aşıladığını başa düşmək həyati zərurətdir. Yalnız bu halda ümumvətəndaş identikliyinə maraq xüsusi etnik və ya konfessional xüsusiyyətlərə maraqdan yüksək olacaq, ayrı-ayrı qrupların təsəvvürləri və davranış normaları isə vətəndaş mövqeyinə və siyasi seçimə həlledici təsir göstərməyəcəkdir.

Ümumvətəndaş identikliyi ilə Azərbaycanda tarixən formalaşmış etnik və dini identikliklər arasında ahəngdarlığa nail olmaq üçün sonuncuların elementlərinin ümumvətəndaş identikliyinə inteqrasiyası zəruridir. Bu halda ölkə etnoslarının kollektiv yaddaşında kök salmış, miflərdə və rəmzlərdə əks olunmuş tarixi keçmişi, etnik-konfessional birliklər daxilində qarşılıqlı münasibətləri müəyyənləşdirən iqtisadi, hüquqi və dini mədəniyyətin xüsusiyyətlərini; ölkədə və xaricdə baş verən konkret hadisələrə reaksiya kimi yaranan kollektiv emosional halları inkar etmədən onları nəzərə almaq məqsədəuyğundur.

Bu gün milli identiklik müxtəlif xarakterli və məzmunlu çoxsaylı təsirlərə məruz qalır. Onun ənənəvi meyarları arasında hədlər silinir. Dünyada milli identikliyin müdafiəsi üçün sivilizasiyalı inkişafın indiki mərhələsində yaranmış kosmopolit dünya vətəndaşlığı ilə konkret mədəniyyətin məhsulu olan ənənəvi identiklik arasında elan edilməmiş kəskin mübarizə gedir. Buna görə də milli identiklik problemi təkcə ölkə və region daxilində aktual deyildir. Bu məsələ qlobal aspektdə müxtəlif səviyyələrdə getdikcə daha çox müzakirə və diskussiya mövzusuna çevrilir. Məsələn, Fransada hətta milli identiklik və inteqrasiya məsələləri üzrə nazirlik fəaliyyət göstərir.

Bizim milli identiklik insanların konkret birliyinə, dilə, mədəniyyətə, ənənələrə, dinə mənsub olmağa, konkret ərazinin mövcud olmasına və əlbəttə, Azərbaycanın mənsub olduğu, öz xüsusiyyətlərini itirmədən bəşəriyyətin yeni nailiyyətləri hesabına inkişaf edən, zənginləşən sivilizasiyaya əsaslanır. Azərbaycanın daxilində və onun ətrafında cərəyan edən tarixi proseslər əsrlər boyu identikliyin formalaşmasına tamamilə müxtəlif formada təsir göstərmişdir. Müasir Azərbaycan identikliyi əvvəlki və yeni komponentlər əsasında formalaşır. Bu gün biz həmin identikliyin silinib itməsindən ehtiyatlanmırıq, çünki o, getdikcə daha davamlı xarakter kəsb edir. Buna görə də Azərbaycan identikliyinə arxalanaraq milli ideyanı dönmədən irəlilətmək, ölkənin qarşısında duran uzunmüddətli məsələləri həll etmək imkanı var.

XXI əsrdə Azərbaycan əhalisi barədə vahid Azərbaycan milləti kimi danışmağa haqqımız vardır. Ölkənin çoxəsrlik tarixinin özü onun bütün etnoslarını və milli qruplarını birləşdirir. Əcdadlarımız bizim özümüzü bir tam kimi hiss etməyimiz üçün hər şeyi etmişlər. Bu, bizim tarixi və müasir reallığımızdır. Məhz əcdadlarımızın və indiki vətəndaş nəslinin birgə qurucu fəaliyyəti Azərbaycan dövlətinin yaradılması, möhkəmlənməsi və inkişafı üçün baza olmuşdur. Bu gün Azərbaycan identikliyi özünü vətəndaş milləti (siyasi millət) kimi göstərməyə meyillidir.

Qeyd etmək yerinə düşər ki, milli tariximiz dəfələrlə təftişlərə məruz qalmış, dövrlərin üstündən xətt çəkilmiş, şəxsiyyətlərə yenidən qiymət verilmiş, dəyərlər yenidən mənalandırılmışdır. Lakin bir sıra səbəblər üzündən keçmişdə çata bilmədiyimiz yeni pillənin keyfiyyətindən danışmalı olsaq, bu gün bizim şansımız var və biz ondan istifadə etməyə borcluyuq. Qloballaşma milli ideya üçün yeni imkanlar açır. Bunu nəzərə almaqla milli ideya yalnız dövlətçiliyimizin, ölkə etnoslarının birgə yaşaması tarixinin yenidən dərk edilməsi ənənələrinə, mənəvi dəyərlərin xüsusiyyətlərinə əsaslanmalıdır. Bu gün biz bəşəriyyətin müasir nailiyyətlərinə istiqamətlənərək, hərəkət edirik. Buna görə də müasir milli məsələ olan milli ideyanın düzgün başa düşülməsi və reallaşdırılması vacibdir. Çünki "ideya insan zəkasının təsadüfi məhsulu deyil, bəşər cəmiyyətinin müasir vəziyyətinin təbii ilkin şərti kimi çıxış edir" (bax: De Tokvilğ A. Demokratiə v Amerike. Vse o politike. M., 2006, str. 134). Bu problemin dərk edilməsi müasir Azərbaycan ideyası anlayışına bizim verdiyimiz mənanı anlamaq üçün açardır.

Beləliklə, gələcəyin fəth edilməsi  2003-cü ildən sonra Azərbaycanın həyata keçirməyə başladığı modernləşmənin əsas vəzifəsidir. Bu vəzifənin reallaşdırılması üçün problemlərin kompleks həll edilməsi tələb olunur. Əsas problem müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaratmağa qabil olan kreativ insanlardan ibarət vətəndaş milləti formalaşdırmaqdır. XXI əsrdə Azərbaycan ideyasının mahiyyəti, əsas məzmunu da bundan ibarətdir.

 

 

Azərbaycan.- 2012.- 28 iyun.- S. 9-16.