Azərbaycan Prezidenti İlham Əliyev İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin böyük tarixə malik olduğunuuğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Siyasi sahədə əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın inkişaf etdirilməsi üçüngeniş imkanların olduğunu bildirdi. İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin Krans Montana Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələrimizə dair məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini vurğuladı.

Rouş Nuri Şaveys İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında energetika sektorunda, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Dövlət başçısı Prezident Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraq Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 1.