Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri xanım Ene Erqma ilə görüşmüşdür

 

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bu səfərin Azərbaycan ilə Estoniya arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycanın iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasizadə ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.

Estoniya parlamentinin sədri Ene Erqma Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, iki ölkə arasında  qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 2.