Estoniya Respublikası parlamentinin sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqma iyunun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsi də yad edilmiş, Fəxri xiyabandakı məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn Estoniya parlamentinin sədri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 2.