Estoniyanın
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı mövqeyi dəyişməmişdir
Azərbaycanda səfərdə olan Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqma iyunun 28-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Estoniya parlamentinin sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına baxmışdır. Burada ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə səfərlərini, eləcə də Bakıya gəlmiş qonaqlarla keçirdiyi görüşləri əks etdirən fotoşəkillər, tarixi materiallar qonaqda böyük maraq doğurmuş, dərin təəssürat yaratmışdır.
Sonra Oqtay Əsədov ilə Ene Erqma arasında təkbətək görüş olmuşdur.
Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Estoniya arasındakı əlaqələrin qədim tarixi vardır. Hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, dövlət başçılarının səfərləri, apardıqları danışıqlar, imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza və zəmin yaratmışdır.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin də rolu böyükdür. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi, deputatlarımızın Avropa Şurası, ATƏT, GUAM, Baltik Assambleyası və digər nüfuzlu beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığı bizi daha da yaxınlaşdırır.
Milli Məclisin Sədri Azərbaycan ilə Estoniya arasında iqtisadi əlaqələrin də inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir.
Sonra Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermiş, bu məsələ ilə bağlı Azərbaycan və Estoniya prezidentlərinin 2009-2010-cu illərdə imzaladıqları birgə bəyannamələrin əhəmiyyətindən söhbət açmışdır. Bildirmişdir ki, həmin sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon Sammitinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyi vurğulanmışdır. Tərəflər, eyni zamanda, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində davam edən səylərə, həmçinin Minsk qrupunun fəaliyyətinə istinad edərək bu istiqamətdə daha təsirli və qətiyyətli addımlar atılmasının vacibliyini qeyd etmişlər.
Milli Məclisin Sədri Estoniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməyəcəyinə və problemin həlli ilə bağlı səylərini bundan sonra da artıracağına ümidvar olduğunu bildirmişdir.
Ene Erqma Bakıya ilk dəfə səfər etdiyini və bu səfərindən məmnun qaldığını bildirmişdir. O demişdir: "Mən dəfələrlə Azərbaycanda olmaq istəmişəm, amma gələ bilməmişəm. Bakı həqiqətən də gözəl şəhərdir və məni valeh etmişdir".
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Ene Erqma demişdir ki, deputatlarımızın beynəlxalq təşkilatlarda, tədbirlərdə birgə fəaliyyəti əməkdaşlığımızı digər sahələrdə də genişləndirməyə imkan yaradır.
Estoniyanın Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiyini vurğulayan E.Erqma bildirmişdir ki, rəsmi Tallinn Azərbaycanı özünün yaxın dostu hesab edir. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz də dəyişməmişdir. Biz bu münaqişənin tezliklə, ədalətli həllinə tərəfdarıq.
Görüşdə, həmçinin Azərbaycan ilə Estoniya arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 29 iyun.- S. 2.