Bakıda “Rusiya-Azərbaycan dialoqu-2012”
üçüncü Rusiya-Azərbaycan regionlararası forumu
keçirilmişdir
İyunun 28-də Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir.
Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, forumun işində hər iki ölkənin Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndəsi iştirak etmişlər.
Forumun keçirilməsinin məqsədi Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar sahələrdə sıx əməkdaşlıq mövcuddur. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq 2 milyard 828 milyon ABŞ dolları olmuşdur.
Hazırda Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. Həmin subyektlərdən Dağıstan, Tatarıstan, Başqırdıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Volqoqrad, Moskva, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk, Tula, Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycan ilə daha sıx əməkdaşlıq edirlər. Keçən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil etmişdir.
Əvvəlcə forumun iştirakçıları "Rusiya-Azərbaycan: diplomatik əlaqələrin tarixi" mövzusunda fotosərgi ilə tanış olmuşlar.
Sonra forum öz işinə başlamışdır.
Forumu açan "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov bildirmişdir ki, regionlararası əlaqələr müasir dövrdə iqtisadi inkişafa böyük təsir göstərən əməkdaşlıq formalarından biridir. O qeyd etmişdir ki, Azərbaycan və Rusiya münasibətlərində işgüzar sahə ilə yanaşı, humanitar, mədəniyyət və gənclər siyasəti istiqamətlərinə də diqqət yetirilir.
V.Tursunov vurğulamışdır ki, bu forum ölkələrimizin regionları arasında münasibətləri daha da genişləndirmək, qarşıda duran vəzifələri müzakirə etmək, mövcud problemləri aradan qaldırmaq üçün yaxşı platformadır.
Forumun Azərbaycan tərəfindən moderatoru Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forum çərçivəsində aparılacaq fikir mübadiləsinin, müzakirə olunacaq məsələlərin Azərbaycan ilə Rusiya arasında sosial-iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.
Z.Səmədzadə Azərbaycan və Rusiyada aparılan quruculuq işlərinin xalqlarımızın rifahına xidmət edəcəyini vurğulamışdır.
Regionlararası forumun rusiyalı moderatoru Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar isə qeyd etmişdir ki, bundan əvvəl keçirilən forumlar artıq öz bəhrəsini vermişdir.
Y.Pivovar üçüncü Rusiya-Azərbaycan regionlararası forumun da ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini vurğulamışdır.
Qonaqları salamlayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.
(Məktubun mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunmuşdur).
Akademik Ramiz
MEHDİYEV çıxış edərək demişdir:
Bu, sayca artıq üçüncü forumdur. Xüsusi vurğulamaq istərdim ki, bu səviyyəli tədbirlərin müntəzəm keçirilməsi prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar. Şübhəsiz, bugünkü forum da ikitərəfli əlaqələrin inkişafı prosesinə sanballı töhfə verəcəkdir.
Qarşılıqlı əlaqələrin bu formatının daim dialoq aparmaq və fikir mübadiləsi etmək, iqtisadi və humanitar münasibətlərin perspektivlərini müzakirə etmək, qarşılıqlı fəaliyyətin yeni formalarını birlikdə axtarmaq və tapmaq üçün gözəl imkan olduğunu vurğulayan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir ki, zəngin gündəliyi olan bugünkü görüş də bir sıra mühüm layihələri nəzərdən keçirməyə, qarşılıqlı əlaqələrimizin perspektivlərini müəyyənləşdirməyə və müzakirə edilən problemlərin həlli yollarını işləyib hazırlamağa imkan verəcəkdir.
Əlamətdar haldır ki, bu il həm Azərbaycanda, həm də Rusiyada qeyd edilən şanlı tarixlərlə yanaşı, dövlətlərimiz üçün vacib olan daha bir əhəmiyyətli tarixi hadisə vardır. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyidir. Tarixi baxımdan bu, kiçik bir zaman kəsiyi olsa da, həmin müddətdə sanballı nailiyyətlər baqajı yaratmışıq.
Azərbaycan-Rusiya əlaqələrinin tarixinə qısa nəzər salan Ramiz Mehdiyev bildirmişdir ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər xeyli mürəkkəb olmuşdur. Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. Məhz Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə, Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə cənab Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratmışdır. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Həmin münasibətlər bu gün də prezidentlərimizin səyləri sayəsində dinamik məcrada inkişafda davam edir.
Müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, əlaqələrimiz çoxşaxəli, çoxplanlıdır və həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".
Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən Ramiz Mehdiyev qeyd etmişdir ki, son illər ərzində biz birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq. Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər.
Beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq ölkələrimizin qarşılıqlı fəaliyyətinin mühüm istiqamətidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi zamanı onu fəal dəstəklədiyinə görə biz Rusiya rəhbərliyinə dərindən minnətdarıq. Azərbaycanın seçilməsinin lehinə 155 ölkənin səs verməsi həqiqətən ölkəmizin beynəlxalq aləmdə rolunun artmasına dəlalət edən tarixi hadisədir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vurğulamışdır ki, ticari-iqtisadi əlaqələrin əsas parametrləri də ikitərəfli münasibətlərin inkişafında müsbət meyillərə dəlalət edir. 1996-cı ildən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu komissiya müntəzəm olaraq öz iclaslarını keçirir, həmin iclaslarda ticari-iqtisadi tərəfdaşlığın prinsipial məsələləri müzakirə edilir və bu sahədə konkret təkliflər hazırlanır.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmuşdur və olaraq qalır. MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Bu, əlbəttə, bizi sevindirməyə bilməz. Bu, o deməkdir ki, qarşıda bizi yaxşı perspektivlər gözləyir.
Davamlı iqtisadi artım şəraitində Azərbaycan xarici və transmilli şirkətlər tərəfindən genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün cəlbedici olur. Hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılmışdır, 149-u müştərək müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya nəhəng "LUKoyl" neft şirkəti, "Baltika" pivə istehsalı şirkəti, "Nikoyl" investisiya-kommersiya bankı, "Bank VTB" Açıq Səhmdar Cəmiyyəti və başqaları daxildir.
Yeni-yeni formalar kəsb edən humanitar əməkdaşlığın dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük rol oynadığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir ki, bu sahədə Azərbaycan-Rusiya münasibətləri humanitar əməkdaşlıq haqqında proqramlar, mədəniyyət, elm, informasiya, texnika və səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlər, həmçinin başqa normativ hüquqi aktlarla tənzimlənir.
Yuxarıda adları çəkilən proqram və sazişlərə uyğun olaraq son səkkiz ildə humanitar sahədə müxtəlif tədbirlər həyata keçirilmişdir: Azərbaycan və Rusiya "çarpaz" mədəniyyət illəri mübadiləsi etmiş, Bakıda Birinci Beynəlxalq Rus Kitabı festivalı keçirilmiş, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və postsovet məkanında ilk Rus Kitabı Evi açılmışdır. 2011-ci ilin oktyabr ayında iki ölkənin ziyalılarının təşəbbüsü ilə və prezidentlərin himayəsi altında Azərbaycan paytaxtında Beynəlxalq Humanitar Forum keçirilmişdir. Həmin forumun işində Azərbaycan və Rusiyadan başqa, 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd etmək yerinə düşər ki, son illərdə mütəmadi olaraq ölkəmizdə humanitar əməkdaşlıq, mədəniyyətlərarası və konfessiyalararası dialoq üzrə beynəlxalq tədbirlər keçirilir. Bu da təsadüfi deyildir, çünki Azərbaycan tolerant ölkədir, burada müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar sülh, dostluq və həmrəylik şəraitində yaşayırlar.
Bu baxımdan ruslar istisna deyildir. Hazırda Azərbaycanda
120 mindən çox rus yaşayır. Qeyd
etmək istərdim ki, bu, Cənubi Qafqazda özünün
etnik identikliyini, mədəniyyətini, dil və din bənzərsizliyini
qoruyub saxlaya bilmiş ən iri rus diasporudur. Başqa millətlərin nümayəndələri
kimi, rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni
həyatına tamdəyərli inteqrasiyası
üçün respublikada hər cür şərait
yaradılmışdır. Rus icması
xalqlarımız arasında real əlaqələndirici amildir.
Tərəfdaşlıq
əlaqələrindən danışan akademik Ramiz Mehdiyev Azərbaycan
ərazisində rus dilindən istifadə edilməsi
mövzusuna toxunaraq demişdir ki, müstəqillik illəri ərzində
Azərbaycanda rus dilinin tətbiq sahəsi nəinki məhdudlaşmamış,
əksinə, o, ictimai həyatın demək olar ki,
bütün sahələrində öz mövqelərini
qoruyub saxlamışdır. Bu gün iyirmidən artıq
ümumtəhsil məktəbinin şagirdləri rus dilində
tam orta təhsil almaq imkanına malikdir, 327 məktəbdə
isə məşğələlər Azərbaycan və rus
dillərində aparılır. Dövlət ali məktəblərinin
demək olar ki, hamısında və özəl ali məktəblərin
bir qismində fəaliyyət göstərən fakültə
və sektorlarda 16 mindən çox tələbə rus dilində
ali təhsil alır.
Bakıda
rusist kadrlar hazırlanması üzrə iri mərkəzlərdən
biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Dörd il bundan əvvəl ölkəmizin paytaxtında
M.V.Lomonosov adına dünya şöhrətli Moskva Dövlət
Universitetinin filialı açılmış, iki il bundan əvvəl
isə Səməd Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrının 90 illiyi təntənəli surətdə
qeyd edilmişdir. Azərbaycanda Rusiyanın İTAR-TASS,
"RİA Novosti" və "İnterfaks" kimi ən
iri informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət
göstərir. Rus dilində 50-dən çox qəzet və
jurnal nəşr edilir ki, bu da sovet dövrünün
statistikası ilə müqayisədə bir neçə dəfə
çoxdur. Rusiyanın əhalinin müxtəlif təbəqələri
arasında çox populyar olan xeyli sayda dövri mətbu nəşrləri
respublika ərazisində satılır.
Yuxarıda
göstərilən bütün faktlar Azərbaycan hökumətinin
respublikada rusdilli mühitin qorunub saxlanmasına və
inkişafına, xalqlarımız arasında əlaqələrin
möhkəmləndirilməsinə və genişləndirilməsinə
böyük əhəmiyyət verməsinə dəlalət
edir.
Humanitar əməkdaşlıq
barədə fikirlərini davam etdirən Ramiz Mehdiyev
demişdir: "Daha bir mövzuya toxunmaq istərdim.
Yadınızdadırsa, bir ay bundan əvvəl Azərbaycan
paytaxtında "Eurovision-2012" beynəlxalq mahnı
müsabiqəsi böyük uğurla keçdi. Biz şad
olduq ki, Udmurtiyadan gəlmiş "Buranovskiye babuşki"
folklor qrupu tamaşaçıların sevgisini qazanaraq fəxri
ikinci yeri tutdu. Bu münasibətlə sizi bir daha ürəkdən
təbrik edirik. Təsadüfi deyildir ki, Rusiya və Azərbaycan
qarşılıqlı rəğbət və dəstək
nümayiş etdirərək, bu populyar müsabiqədə
bir-birinə yüksək bal verdilər".
Rusiya
Federasiyasının regionları ilə əməkdaşlığın
ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən
biri olduğunu diqqətə çatdıran Ramiz Mehdiyev
bildirmişdir ki, Azərbaycan ilə Rusiyanın subyektləri
arasında hökumətlərarası sazişlər
bağlanması praktikası hələ 1994-cü ildə
yaranmışdır. Bu sazişlər, bir qayda olaraq,
ticari-iqtisadi, elmi-texniki və humanitar sahələri əhatə
edir. İndiyə qədər 30-dan çox bu cür
müqavilə imzalanmışdır. Azərbaycan Hökuməti
təkcə keçən ilin sentyabr-oktyabr aylarında Həştərxan
vilayəti, Dağıstan, İnquşetiya və
Qaraçay-Çərkəz respublikaları ilə analoji
sazişlər bağlamışdır. Lap yaxın vaxtlarda Volqoqrad,
İvanovo, Leninqrad, Tambov və Çelyabinsk vilayətləri,
Krasnodar diyarı və Çeçenistan Respublikası ilə
ikitərəfli sazişlər imzalanması
planlaşdırılır.
Əlamətdar
haldır ki, bu gün Rusiyanın 70 regionu respublikamızla əməkdaşlıq
edir. Dağıstan, Başkortostan və Tatarıstan
respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və
Sankt-Peterburq şəhərləri, Həştərxan,
Belqorod, Volqoqrad, Moskva, Nijni Novqorod, Rostov, Samara, Sverdlovsk, Perm,
Tula və Çelyabinsk vilayətləri Azərbaycan ilə əlaqələri
daha fəal inkişaf etdirirlər. 2011-ci ilin yekunlarına
görə, Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin
ümumi həcmində bu subyektlərin payı 81,7 faiz
olmuşdur.
Rusiyanın
regionları arasında Dağıstan Respublikasını və
Həştərxan vilayətini xüsusi qeyd etmək istərdim.
Onlarla bizim aramızda dostluq münasibətləri çoxdan
yaranmışdır. Rusiya Federasiyasının subyektləri
arasında Dağıstan Azərbaycanın əsas ticarət
tərəfdaşlarından biridir. Azərbaycan ilə
Şimali Qafqaz Federal Dairəsinin regionları arasında əmtəə
dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın
payına düşür. Dağıstanın Dərbənd
rayonu ilə Azərbaycanın Xaçmaz rayonu arasında,
habelə Məhərrəmkənd və Qusar rayonları
arasında qardaşlaşma əlaqələri
yaradılmışdır.
Həştərxan
vilayəti də Azərbaycanla çox fəal və
ardıcıl əməkdaşlıq edir. Bizə çox
xoşdur ki, Həştərxanda Azərbaycanın
ümummilli lideri Heydər Əliyevə abidə
ucaldılmışdır, şəhərin mərkəzi
hissəsində bizim köməyimizlə
abadlaşdırılmış bağ və orta məktəb
onun adını daşıyır. Hazırda Volqa
çayı üzərində "Rusiya-Azərbaycan dostluq
körpüsü"nün tikintisi başa çatmaq üzrədir.
Yaxın vaxtlarda bu körpü yuxarıda adını çəkdiyim
bağı Birinci Pyotr meydanı memarlıq kompleksinin park hissəsi
ilə birləşdirəcəkdir. Azərbaycan diasporunun
nümayəndələri vilayətin sosial-iqtisadi və mədəni
həyatında fəal iştirak edir, onun inkişafına
sanballı töhfə verirlər. Rusiya rəhbərliyi
keçən il ikinci Rusiya-Azərbaycan regionlararası
forumunun məhz Həştərxanda keçirilməsi barədə
qərar qəbul edərkən yəqin ki, bu vilayət ilə
Azərbaycanın qarşılıqlı əlaqələrinin
səmərəli olmasını əsas
götürmüşdür.
Forumun həm
plenar iclasında, həm də "dəyirmi
masa"larında regionlararası əməkdaşlığın
müxtəlif aspektlərinin ediləcəyini söyləyən
akademik Ramiz Mehdiyev əmin olduğunu bildirmişdir ki, Rusiyanın və Azərbaycanın
bu qədər nüfuzlu nümayəndə heyətlərinin
iştirakı ilə keçirilən tədbir ikitərəfli
münasibətlərin daha da inkişaf etməsinə
sanballı töhfə verəcək və forumun işi hər
cəhətdən səmərəli olacaqdır.
* * *
Sonra
çıxış edən Rusiya Federasiyası Prezidentinin
xarici ölkələrlə regionlararası və mədəni
əlaqələr idarəsinin rəisi Vladimir ÇERNOV
vurğulamışdır ki, artıq ənənəyə
çevrilmiş Rusiya-Azərbaycan regionlararası forumları
hər iki ölkənin istər mərkəzi hökumətlər,
istərsə də Rusiya Federasiyasının və Azərbaycan
Respublikasının regionları xətti ilə əməkdaşlığının
aktual məsələlərinin açıq müzakirəsində
maraqlı olmasını əks etdirir. Rusiya Prezidenti tərəfindən
bu cür qarşılıqlı əlaqələrə verilən
müstəsna yüksək əhəmiyyətin ən
yaxşı təsdiqi forum iştirakçılarına
ünvanlanmış təbrik sözləridir.
V.Çernov
Rusiya Prezidenti Vladimir Putinin "Rusiya-Azərbaycan
dialoqu-2012" üçüncü regionlararası forumun
iştirakçılarına və qonaqlarına təbrikini
oxumuşdur (təbrikin mətni qəzetin bugünkü
nömrəsinin birinci səhifəsində dərc
edilmişdir).
Rusiya
Federasiyası Prezidenti idarəsinin rəisi demişdir:
"Son illərdə regionlararası əməkdaşlığın
dinamik inkişafı xeyli dərəcədə onunla izah
edilir ki, yerlərdə göstərilən təşəbbüslər
ölkələrimizin rəhbərliyi tərəfindən
daim dəstəklənir. Bununla əlaqədar, icazə verin,
üçüncü regionlararası forumun
hazırlanmasının gedişində səlis
qarşılıqlı fəaliyyətə görə Azərbaycan
Prezidenti Administrasiyasının rəhbərliyinə təşəkkürümü
bildirim.
Rusiya-Azərbaycan
münasibətlərinin ümumi kontekstində regional tərəfdaşlığın
xüsusi rolu mühüm ikitərəfli sənədlərdə
təsdiqlənmişdir. Hazırda Rusiya regionlarının
böyük əksəriyyəti - 70-dən çox region
regionlararası əməkdaşlıq prosesinə cəlb
edilmişdir. İlk növbədə Moskva və Moskva vilayəti,
Sankt-Peterburq, Şimali Qafqaz Federal Dairəsinin subyektləri,
Tatarıstan Respublikası, Həştərxan, Saratov,
Volqoqrad, Sverdlovsk və Çelyabinsk vilayətləri bu əməkdaşlığa
öz sanballı töhfələrini verirlər. Müvafiq
hüquq-müqavilə bazası intensiv inkişaf edir. Beləliklə,
regionlararası dialoq əslində iki ölkənin münasibətlərinin
durmadan inkişafının təmin edilməsinin mühüm
mexanizmlərindən birinə çevrilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev
2012-ci ilin yanvar ayında Rusiya Prezidenti ilə
görüşü zamanı demişdir: "Biz ikitərəfli
münasibətlərin bütün spektri üzrə müsbət
dinamika müşahidə edirik. Bu, bizi çox sevindirir. Biz
Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət
veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır.
2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli
işlərlə möhkəmlənməyə
başlamışdır". Əziz dostlar, mənim fikrimcə,
bundan daha dəqiq və ya daha yaxşı söz demək
çətindir".
V.Çernov
qeyd etmişdir ki, ötən dövr ərzində Rusiya və
Azərbaycan xalqları arasında çoxəsrlik dostluq ənənələrinə,
bizim bənzərsiz mədəniyyətlərimizin
qarşılıqlı nüfuz etməsinə və bir-birini
zənginləşdirməsinə əsaslanan ikitərəfli
əlaqələrin möhkəmlənməsi və genişlənməsi
üzrə xeyli iş görülmüşdür. Ümumi
tarix, dövlətlərarası münasibətlərin nadir təcrübəsi,
bir-birini qarşılıqlı tamamlayan iqtisadi
strukturların mövcudluğu - bütün bunlar strateji tərəfdaşlığın
möhkəmlənməsi və durmadan irəliləməsi
üçün zəmin yaradır. Bu halda regionlararası
dialoq təkcə iqtisadi dividendlər gətirməklə məhdudlaşmayıb,
həm də xalqlarımızın daha da yaxınlaşmasına
şərait yaradan inteqrasiya elementi kimi öz əhəmiyyətini
saxlayacaqdır. Dinamik inkişaf edən
qarşılıqlı ticari-iqtisadi əlaqələr buna
sübutdur. 2011-ci ildə əmtəə dövriyyəsinin həcmi
üç milyard dollara çatmışdır və bu,
heç də son hədd deyildir. Xüsusən investisiya sahəsində
əməkdaşlıq üçün əlavə imkanlar
vardır.
Regional tərəfdaşlığın
konkret məzmunla zənginləşməsi və bu prosesə
yeni iştirakçılar cəlb edilməsi, təbii ki,
bizim üçün prioritetdir. Mövcud müqavilə-hüquq
bazası bu məsələləri uğurla həll etməyə
imkan verir. Başlıca vəzifə qüvvədə olan
ikitərəfli sazişlərdə və müqavilələrdə
təməli qoyulmuş potensialdan səmərəli istifadə
etməkdir.
Sonda
V.Çernov Bakı forumunun iştirakçılarına
göstərilmiş qonaqpərvərliyə və səmimiyyətə,
açıq və maraqlı fikir mübadiləsi
üçün yaradılmış əlverişli şəraitə
və səmimi atmosferə görə təşəkkürünü
bildirmişdir. O, forum iştirakçılarına uğurlu
iş, maraqlı və səmərəli diskussiyalar, yeni
ideyalar, Azərbaycan və Rusiya xalqları arasında
münasibətlərin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi
naminə konstruktiv qərarlar arzulamışdır.
Sonra
plenar iclasda Azərbaycan və Rusiya nümayəndələrinin
müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV məruzəsində hər
iki ölkə rəhbərliyi tərəfindən siyasi və
iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyətin
verildiyini vurğulamışdır. Ölkələrimiz
arasında geniş ticari-iqtisadi əlaqələrin
yaranmasını təmin edən möhkəm
hüquq-müqavilə bazasının mövcud olduğunu deyən
nazir qeyd etmişdir ki, son illərdə Rusiya Azərbaycana 400
milyon ABŞ dolları məbləğində sərmayə
yatırmışdır. Azərbaycan 10 il ərzində
Rusiyaya 570 milyon ABŞ dolları məbləğində sərmayə
qoymuşdur. Ş.Mustafayev, həmçinin Azərbaycan və
Rusiya regionları arasında iqtisadi əlaqələrin əhəmiyyətindən
danışmışdır.
Rusiyanın
Azərbaycandakı səfiri Vladimir DOROXİN isə məruzəsində
qeyd etmişdir ki, son illər hər iki ölkənin
regionları arasında əlaqələrin fəallaşması
müşahidə olunur. Diplomat bildirmişdir ki, 2011-ci ildə
Rusiyanın yeddi regionunun rəhbəri Azərbaycana səfər
etmiş, əməkdaşlıq haqqında altı müqavilə
imzalanmışdır. Cari il isə Rusiyanın artıq
beş subyektindən yüksək vəzifəli şəxslər
Azərbaycanda olmuşlar. Bunun sevindirici hal olduğunu
vurğulayan səfir artıq ilk biznes layihələrin həyata
keçirildiyini demişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər
ZEYNALOV bildirmişdir ki, ötən illər ərzində
muxtar respublikanın makroiqtisadi göstəriciləri xeyli
yüksəlmişdir. Keçən il Naxçıvanda
ümumi daxili məhsul 2010-cu illə müqayisədə 49
faiz artmış və 2 milyard 300 milyon ABŞ dollarına
çatmışdır. A.Zeynalov onu da qeyd etmişdir ki,
Naxçıvanda sahibkarlığın inkişafı
üçün dövlət maliyyə dəstəyi gücləndirilmişdir.
Rusiya
Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi
üzrə səlahiyyətli nümayəndəsinin
müavini Sergey SUBBOTİN vurğulamışdır ki, Azərbaycan
Şimali Qafqaz üçün strateji tərəfdaşdır.
Buna görə də Rusiyanın Şimali Qafqaz
respublikaları Azərbaycan ilə
əlaqələrin genişləndirilməsində maraqlıdır.
Keçən il bu region ilə Azərbaycan arasında ticarət
dövriyyəsi rekord həddə çatmışdır.
S.Subbotin
onu da əlavə etmişdir ki, Şimali Qafqazda dinlər və
millətlər arasındakı problemlərin həllində
Azərbaycanın təcrübəsindən istifadəyə
üstünlük verilir.
Bakı
Slavyan Universitetinin rektoru Kamal ABDULLAYEV isə məruzəsində
bildirmişdir ki, təmsil etdiyi ali təhsil ocağı Azərbaycan-Rusiya
münasibətlərinin inkişafına özünəməxsus
töhfə verir. Universitet Rusiyanın bir çox
regionlarındakı ali təhsil müəssisələri ilə
sıx əməkdaşlıq edir.
K.Abdullayev
xatırlatmışdır ki, 2009-cu ildə Bakı Slavyan
Universitetinin təşəbbüsü ilə Moskva Dövlət
Linqvistika Universitetində yaradılan Azərbaycan dili və Mədəniyyəti
Mərkəzi uğurla fəaliyyət göstərir. Bu
universitetdə Azərbaycan dili üzrə mütəxəssislər
də hazırlanır.
Azərbaycanın
Xəzər regionunda Həştərxan üçün ən
vacib tərəfdaşlardan biri olduğunu deyən
Rusiyanın Həştərxan Vilayəti qubernatorunun
müavini Konstantin MARKELOV bildirmişdir ki, hazırda Azərbaycan
ilə bu region arasında müxtəlif sahələr üzrə
sıx iqtisadi əməkdaşlıq qurulmuşdur. Son illər
ərzində tərəflər arasında əmtəə
dövriyyəsi on dəfədən çox artmış və
2011-ci ildə 26 milyon ABŞ dolları olmuşdur. Cari ilin
dörd ayında keçən ilin müvafiq dövrünə
nisbətən bu göstərici 1,5 dəfə
artmışdır.
Azərbaycanın
və Rusiyanın sürətlə inkişaf etdiyini
vurğulayan Azərbaycan Respublikası Ticarət və Sənaye
Palatasının birinci vitse-prezidenti Niyaz ƏLİZADƏ
bunun ölkələrimizin bir-birinə marağının
artmasına səbəb olduğunu demişdir. Həm Azərbaycanda,
həm də Rusiyada ümumi daxili məhsulun artması,
iqtisadiyyatın inkişafı dövlətlərimizin
başçılarının praqmatik siyasəti ilə səciyyələnir
ki, bu da ölkələrimizdə həyata keçirilən
irimiqyaslı layihələrə böyük sərmayələrin
cəlb olunmasına imkan verir.
Azərbaycan-Rusiya
işgüzar münasibətlərinin hər zaman dinamik
inkişaf etdiyini vurğulayan N.Əlizadə bu yüksəlişin
hər iki ölkənin ticarət və sənaye palataları
arasındakı əməkdaşlıqda da müşahidə
olunduğunu demişdir. Aprel ayında Azərbaycan-Rusiya biznes
forumunun keçirildiyini xatırladan məruzəçi qeyd
etmişdir ki, bu tədbir çərçivəsində hər
iki ölkənin müvafiq qurumları arasında mühüm
sazişlər imzalanmışdır.
Rusiya
Federasiyası nəqliyyat nazirinin müavini Valeri OKULOV isə əmtəə
dövriyyəsində nəqliyyat sektorunun rolunu qeyd
etmişdir. Keçən il Azərbaycan ilə Rusiya
arasında yük dövriyyəsinin həcminin 5,5 milyon ton
olduğunu diqqətə çatdıran V.Okulov ölkəmizin
nəqliyyat sahəsinin inkişafına, eləcə də
infrastrukturun yaxşılaşdırılması istiqamətində
əldə etdiyi uğurlara sevindiklərini bildirmişdir.
Nazir
müavini Azərbaycanın yüksək tələblərə
cavab verən yollarının, Beynəlxalq Dəniz Ticarət
Limanının, logistika mərkəzinin, Heydər Əliyev
Beynəlxalq Aeroportunda yeni terminalın tikintisindəki təcrübəsinə
böyük maraq göstərdiklərini bildirmişdir. Qeyd
olunmuşdur ki, ölkələrimiz arasında siyasi və
iqtisadi əlaqələrin inkişafı nəqliyyat sektorunun
da inkişaf etdirilməsini şərtləndirir. V.Okulov bu
inkişafın son illərdə ölkələrimiz
arasında hava, dəniz və quru yük
daşımalarında özünü göstərdiyini
vurğulamışdır.
Azərbaycanın
yüksək iqtisadi templərinə sevindiklərini deyən
Rusiya Federasiyası Ticarət Sənaye Palatasının
vitse-prezidenti Georgi PETROV regionlararası əməkdaşlığın
ölkələrimizin iqtisadi münasibətlərinin təməlini
təşkil etdiyini vurğulamışdır. Məhz bu təməlin
hər iki dövlətin iqtisadi əməkdaşlığının
inkişaf etdirilməsinə imkan verdiyini deyən G.Petrov
demişdir: "Çox əlamətdar haldır ki, hər
iki ölkənin gömrük statistikası ölkələrimiz
arasında iqtisadi əlaqələrin müsbət
dinamikasını əks etdirir. Bu dinamika ilk növbədə,
yüksək səviyyəli siyasi dialoqa, Azərbaycan və
Rusiya iqtisadiyyatlarının uğurlu inkişafına söykənir".
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Ziyad SƏMƏDZADƏ
regionlararası əlaqələrin iki xalqı daha da sıx
birləşdirəcəyinə əminliyini bildirmiş,
ölkəmizin iqtisadi inkişafından
danışmışdır.
Komitə
sədri vurğulamışdır ki, Azərbaycanın və
Rusiyanın müvafiq strukturları ölkələrimiz
arasında ticarət dövriyyəsini artırmaq
üçün çox böyük işlər
görür. Hazırda əsas vəzifələrdən biri
ticarət dövriyyəsindəki disbalansı aradan
qaldırmaqdır. Ölkələrin qarşılıqlı
sərmayə yatırımlarını sürətləndirmək
üçün qanunvericilik bazasını təhlil edərək
mövcud maneələri aradan qaldırmaq olar.
"Vneşekonombank"
sədrinin müavini, idarə heyətinin üzvü Mixail
KOPEYKİN ölkələrimiz arasında bank sahəsində
əməkdaşlığın inkişaf perspektivlərindən
danışmışdır. O bildirmişdir ki, bank sahəsində
əməkdaşlıq müxtəlif layihələrin daha səmərəli
icrasına mühüm təkan verəcəkdir.
Sankt-Peterburq
Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin rektoru
İqor MAKSİMTSEV isə qeyd etmişdir ki, iqtisadiyyat sahəsində
peşəkar kadrların hazırlanması ikitərəfli
münasibətlərin inkişafına yaxşı töhfə
verə bilər. O, bu məsələnin Azərbaycan nümayəndələri
ilə müzakirə olunacağını bildirmişdir.
* * *
Sonra forum
çərçivəsində Azərbaycan ilə Rusiya
arasında bir sıra sənədlər
imzalanmışdır.
* * *
Daha sonra
forum işini "dəyirmi masa" iclasları ilə davam
etdirmişdir.
Tərəflər
Rusiya ilə Azərbaycanın infrastruktur, enerji layihələri,
maliyyə-bank sistemi, nəqliyyat strategiyası, humanitar sahədə
işbirliyi, Xəzər regionunda strateji əməkdaşlıq
ilə bağlı məsələləri müzakirə
etmişlər.
"Rusiya-Azərbaycan
regionlararası əməkdaşlığının hazırkı
vəziyyəti və inkişaf perspektivləri"
mövzusunda keçirilmiş "dəyirmi masa"da
vurğulanmışdır ki, regional əməkdaşlığın
möhkəmlənməsi xalqların rifahının yüksəlməsinə
xidmət edəcəkdir. Rusiyanın Dağıstan
Respublikasının iqtisadiyyat naziri Marat İlyasov
xatırlatmışdır ki, keçən il nazirliyin
nümayəndə heyətinin Azərbaycana səfəri
çərçivəsində müvafiq qurumlarla əməkdaşlıq
haqqında razılıq əldə olunmuşdur.
Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə
isə bildirmişdir ki, Azərbaycanda xarici iş
adamlarının fəaliyyəti üçün
bütün imkanlar yaradılmışdır.
"Dəyirmi
masa" çərçivəsində Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təqdimat
da olmuşdur. Muxtar respublikanın iqtisadi potensialını əks
etdirən film nümayiş etdirilmişdir.
Sonda
Rusiyanın Şimalı Qafqaz bölgəsindəki
kurortların təqdimatı olmuşdur.
Təqdimatlardan
sonra aparılmış müzakirələrdə
vurğulanmışdır ki, qarşılıqlı və
faydalı iqtisadi əməkdaşlıq hər iki ölkənin
xalqlarının sosial rifah
halının yüksəlməsinə xidmət edəcəkdir.
* * *
"Rusiya-Azərbaycan strateji tərəfdaşlığının
möhkəmləndirilməsinə yönəldilmiş enerji
layihələri" mövzusunda keçirilmiş "dəyirmi
masa"da isə Azərbaycanın sənaye və energetika
nazirinin müavini Natiq Abbasov ölkəmizdə reallaşan enerji
layihələrinin inkişafı barədə məlumat
vermişdir.
Nazir müavini vurğulamışdır ki, Azərbaycan
nəinki neftçıxarma ölkəsidir, həm də
dünya bazarlarına "qara qızıl" nəql edən
tranzit dövlətdir. Buna görə də Azərbaycan neftin nəqli
üçün yeni marşrutları fəal surətdə
öyrənməkdə davam edir. Azərbaycan neftinin nəql
olunduğu əsas
ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Lakin daha iki - Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri
də vardır. Rusiya marşrutu ilə ildə 2,5-2,7 milyon ton neft nəql olunur. Neft
kəmərləri ilə yanaşı, Azərbaycan
qazının ixrac edildiyi dörd kəmər də vardır.
2050-ci ilədək qaz hasilatının ildə 50-50,5 milyard kubmetrədək artırılması
planlaşdırılır.
Rusiyanın
Energetika Nazirliyinin Beynəlxalq Əməkdaşlıq
Departamenti direktorunun müavini Mixail Plyoşkin isə Rusiya, Azərbaycan
və İranın enerji sistemlərinin
sinxronlaşdırılması barədə 2009-cu ildə irəli
sürülmüş təklifdən danışaraq
demişdir ki, bu, bütün ölkələr
üçün faydalı ola bilər.
M.Plyoşkin vurğulamışdır ki, Azərbaycan
qısa müddətdə elektrik enerjisinin təhlükəsizliyini
təmin edə bilmişdir. Artıq Azərbaycan
elektrik enerjisi idxalçısından onun
ixracatçısına çevrilmişdir.
"Dəyirmi
masa"nın iştirakçıları
beynəlxalq enerji təhlükəsizliyinin təmin
olunması problemlərini müzakirə etmiş, dünya
enerji siyasətində və beynəlxalq münasibətlərdə
baş verən prosesləri təhlil etmişlər.
* * *
"Rusiya-Azərbaycan
regionlararası əməkdaşlığının
inkişaf kontekstində bank sektoru və investisiyalar"
mövzusunda keçirilmiş "dəyirmi masa"da Rusiyanın
regionlarında fəaliyyət göstərən müvafiq
qurumların, hər iki ölkənin aparıcı bank təsisatlarının nümayəndələri
iştirak etmişlər.
Azərbaycanın
bank və maliyyə sistemi barədə məlumat verən
Milli Məclisin deputatı Vahid Əhmədov bildirmişdir ki,
ölkəmiz fəal
şəkildə Avropaya inteqrasiya etsə də,
Rusiya ilə olan münasibətlərini yüksək səviyyədə
saxlamaq marağındadır. Rusiyada iki milyon azərbaycanlının
yaşadığını xatırladan deputat ölkələrimiz
arasında əlaqələrin inkişafında bu amilin yetərli
səbəb olduğunu
vurğulamışdır.
"Dəyirmi
masa"nın digər iştirakçıları da Azərbaycanın
və Rusiyanın regionlarına yatırılacaq sərmayələrin
artırılmasında
maraqlı olduqlarını bildirmişlər.
Bundan əlavə, "dəyirmi masa"da beynəlxalq
investisiyalar, banklar və digər maliyyə təsisatları
arasında əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur.
* * *
"Rusiya
ilə Azərbaycan arasında humanitar sahədəki əməkdaşlığın
hazırkı vəziyyəti" mövzusunda "dəyirmi
masa"da isə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan
Müəllimlər İnstitutunun rektoru Aqiyə
Naxçıvanlı, Milli Məclisin Sosial siyasət və
Regional məsələlər komitələrinin üzvləri
Elmira Axundova, Mixail Zabelin və başqaları forumun əhəmiyyətindən
danışmışlar.
"Rosstrudnoçestvo"
idarəsinin rəis müavini Sergey Medvedevin və Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun
moderatorluğu ilə keçirilmiş "dəyirmi
masa"da hər iki ölkədə humanitar sahədə
görülən tədbirlər barədə ətraflı məlumat
verilmişdir.
"Dəyirmi
masa"da vurğulanmışdır ki, forumun keçirilməsi
Azərbaycan-Rusiya münasibətlərinə və
bütün sahələr üzrə əməkdaşlığın
inkişafına təkan verəcəkdir.
Ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın
perspektivlərini müzakirə edən
iştirakçılar gələcəkdə bu istiqamətdə
əlaqələrin daha da genişlənəcəyinə əminliklərini
bildirmişlər.
* * *
"Xəzər
regionunda Rusiya və Azərbaycanın strateji əməkdaşlığı"
mövzusunda təşkil olunmuş "dəyirmi masa"da Xəzər
dənizinin ekologiyası, su
resurslarının qorunması, nəqliyyat və bir sıra
iqtisadi layihələrin gücləndirilməsi məsələləri
müzakirə edilmişdir.
Xəzər regionunda Azərbaycan ilə Rusiya arasında
strateji əməkdaşlığın əhəmiyyətinin
vurğulandığı tədbirdə bildirilmişdir ki, Xəzərin
zənginliyi hər zaman dostluq şəraitində yaşayan
iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verəcəkdir. Azərbaycan və
Rusiya Xəzəryanı ölkələr arasında əsas
oyunçular hesab olunur. Xəzəryanı
ölkələr region xalqlarının sülh və rifah
içində yaşaması, tərəqqiyə nail
olması üçün hər cür şərait
yaratmalıdırlar.
Xəzər
regionu ölkələri arasında yaxın qonşuluğa və
dostluğa əsaslanan möhkəm əməkdaşlığın
vacibliyinin qeyd olunduğu "dəyirmi masa"da
bildirilmişdir ki, Xəzərdən sadəcə zəngin
neft və qaz ehtiyatları olan bir məkan kimi deyil, digər məqsədlər
üçün də səmərəli faydalanmaq
lazımdır.
"Dəyirmi masa"da son zamanlar mühüm beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanın
iqtisadi və mədəni potensialına görə Xəzəryanı
ölkələr arasında önəmi xüsusi
vurğulanmışdır.
Tədbirdə "Avrasiya biznes körpüsü"
layihəsinin təqdimatı da olmuşdur.
* * *
"Rusiyanın və
Azərbaycanın nəqliyyat strategiyası regionlararası əməkdaşlığın
möhkəmləndirilməsinin amili kimi" mövzusunda
keçirilmiş "dəyirmi masa"da isə
vurğulanmışdır ki, Azərbaycanın nəqliyyat
sektoru böyük uğurlara nail olmuşdur.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, o cümlədən
Həştərxan nəqliyyat qovşağının, eləcə
də Rusiya, Azərbaycan və İran arasında uzunluğu
172 kilometr olan dəmir yolunun tikintisinə dair üçtərəfli
sazişin əhəmiyyəti qeyd edilmişdir.
Məruzələrdə Azərbaycan ilə Rusiya
arasında birbaşa nəqliyyat əlaqələrinə, o
cümlədən ikitərəfli və çoxtərəfli
formatda aparılan əməkdaşlıq məsələlərinə
toxunulmuşdur. "Dəyirmi masa"nın
iştirakçıları əldə olunmuş nailiyyətlərdən
və ölkələrimiz arasında nəqliyyat sahəsində
əməkdaşlığın inkişaf perspektivlərindən
danışmışlar.
* * *
Rusiya Federasiyası Dövlət Duması
deputatının köməkçisi Ramin Qasımovun və
Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq
Qürbətovun moderatorluğu ilə keçirilmiş sonuncu
- "Rusiya və Azərbaycan gəncliyi - əməkdaşlığın
üfüqləri" mövzusunda "dəyirmi masa"da
isə hər iki ölkənin gənclər təşkilatlarının,
ictimai birliklərin və mərkəzlərin nümayəndələri
iştirak etmişlər.
"Dəyirmi masa"da vurğulanmışdır ki,
Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin
inkişafı yeni meyillərə və innovasiyalara əsaslanır. Gənclər
olmayan yerdə hər hansı bir yenilikdən danışmaq
olmaz.
Gənclərin ölkənin ictimai-siyasi həyatına
fəal şəkildə qoşulmaları üçün
münbit fəaliyyət şəraitinin yaradılması
vacibliyinin qeyd olunduğu "dəyirmi masa"da bu sahədə
Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 29 iyun.- S. 3; 4.