Ramiz MEHDİYEV: Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyəvidir

 

 Müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətləri sabit vəziyyətdədir və yüksələn xətt üzrə ardıcıl olaraq inkişaf edir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu fikri iyunun 28-də "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumundakı nitqində söyləmişdir.

Ramiz Mehdiyev vurğulamışdır: "Bizim əlaqələrimiz hər hansı ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır, onlar çoxşaxəli, çoxplanlıdır və demək olar ki, bütün həyat sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyəvidir.

Dövlət başçıları səviyyəsində siyasi əlaqələr mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".

Prezident Administrasiyasının rəhbəri Azərbaycanın və Rusiyanın strateji tərəfdaşlar olmasını qeyd edərək demişdir ki, son illər ərzində birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq. Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri daha sonra demişdir: "Onu da qeyd etmək istərdim ki, Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır, bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensusa nail olmağı təmin edə bilər".

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 4.